Qurban Qurbanov bizə səbrli olmağı öyrədəcək, deyəsən

Dünən Azərbaycan millisinin heyəti açıqlanıb.

 

Baş məşqçi Qurban Qurbanov düşərgəyə 24 futbolçu cəlb edib.

 

Bu oyunçular martın 15-24-də Bakıda, 25-28-də isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.

 

Millimiz ayın 23-də Bakı Olimpiya Stadionunda Belarus, martın 27-də isə Antalyadakı “Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
 
Qapıçılar
: Kamran Ağayev (“Keşlə”), Rəşad Əzizli, Səlahət Ağayev         (hər ikisi “Neftçi”);
 
Müdafiəçilər:
Maksim Medvedev, Elvin Yunuszadə (hər ikisi “Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Ürfan Abbasov (“Qəbələ”), Tural Axundov      (“Sumqayıt”), Rahil Məmmədov (“Səbail”), Şəhriyar Rəhimov (“Kəpəz”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);
 
Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Namik Ələskərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı “Neftçi”), Asif Məmmədov (“Qəbələ”), Cavid İmamverdiyev, Rəşad Eyyubov (hər ikisi “Sumqayıt”), Araz Abdullayev (“Anortosis”, Kipr), Dimitri Nazarov (“Aue”, Almaniya);
 
Hücumçular: Amil Yunanov (“Sumqayıt”), Ruslan Qurbanov (“Qəbələ”).


Açıqlanan heyət bir sıra məqamlarla diqqət çəkib. Yığmamızın yeni baş məşqçisinin klublar üzrə seçimindəki bəzi nüanslar isə ümumiyyətlə gözdən yayınmır.


Gözlənilməz lider. Son illər “Qarabağ”ın yığmadakı təmsilçi sayında rekordçu olması adi haldı. Lakin Ağdam klubunun baş məşqçisi olan Qurbanov bu göstəricidə yeni lider müəyyənləşdirib.

 

Belə ki, 46 yaşlı mütəxəssis Premyer Liqada 5-ci olan “Neftçi”nin üzvlərinə daha çox yer verib. Son illərdə bəzən millinin məşqçilərinin diqqətindən tam kənarda da qalan “ağ-qaralar” indi 6 oyunçu ilə təmsil olunub. “Qarabağ”da isə bu rəqəm 5-ə bərabərdi.

 

Düzdü, sonuncuların iki üzvü – Mahir Mədətovla Ramil Şeydayev U-21-ə kömək etmək üçün gənclərə qoşulub. Lakin “Neftçi”dən Anton Krivotsyuk da eyni marşrutla hərəkət edib. Bir sözlə, “Neftçi” uzun fasilədən sonra yığmadakı təmsilçi sayında liderliyi qaytarıb (apa).


Qurbanovun seçimi media tərəfindən də diqqət görüb. Bir çox həmkarlarımız bununla bağlı fikirlərini sosial şəbəkədə bölüşüb. Onlardan bir neçəsini təqdim edirik:


Mirağa Mirzəyev: Qurban Qurbanovun yığma üçün açıqladığı son heyət xoşuma gəldi. Görünüşcə futbolçuya oxşamayan, ancaq standart vəziyyətlərin sərrafı olan, qış fasiləsindən sonra 3 qol vuran, komandası fantastik çıxış edən Tural Axundov, həmçinin Şəhriyar Rəhimov, Rəşad Eyyubov, Rahil Məmmədov, Rəşad Əzizli şans qazanıb sınanmağı haqq edir. Mütəmadi oynayırlar, bişiblər. Yoxsa Abbas Hüseynov? Adam qışdan sonra 1 oyun belə oynamadı e! Antalyada yığmaya çağırılanda, qeyd etmişdim ki, bu, yanlış seçimdi. Hoca 3-cü dövrədə klubda ona şans verməməklə yanılmadığımı təsdiqlədi. Budəfəki siyahıda da Səlahət artıqdı. Üçüncü qapıçı kimi çağırılsa belə. Emil Balayev indiki durumda ondan əfzəldi.


Elçin Əli Xan: Qurban Qurbanov millinin heyətini açıqlayarkən həddindən artıq ədalətli davranıb. Öyrəşməmişik biz belə şeylərə. Hazırda oynayan, yaxşı formada olan, demək olar ki, bütün futbolçular milliyə çağırılıb.

 

Ceyhun Rzayev:  Dəvət alan 24 nəfərdən yalnız 5-i "Qarabağ"ı təmsil edir. Foqtsla Prosineçki 8-9 nəfər çağırardı. Asif Məmmədov, Tural Axundov, Rəşad Eyyubov, Rahil Məmmədov, Şəhriyar Rəhimovun milliyə dəvət olunması obyektivliyin bariz nümunəsidi.


Sənan Şəfizadə: Narahatçılıq lazım deyildi. Amil Yunanov da milliyə dəvət olundu. Mahir Mədətovla Ramil Şeydayev U-21-də olacaq, ona görə əsas komandada çıxış etməyəcək. Heyət hələ çox dəyişəcək. Onsuz, geniş seçim yoxdu.  Stadionda hamı VİP bilet, futbolda da hamı əsas komandanı istəyir.


Erkin İbrahimov: Deyəsən, Qurban bəy hər klubdan 1 oyunçu çağırmaq istəyib ki, narazı qalmasın. Cavid İmamverdiyev son vaxtlar əla formadadı. Şəhriyar Rəhimov da stabil futbol göstərir. Məncə, ən azından yoldaşlıq oyunlarında şans vermək olar. Görək də bu dəfə neynirlər! Hər halda yoldaşlıq oyunlardı, məşqçinin da seçim imkanı çox geniş deyil. Tural Axundov karyerasının ən yaxşı mövsümünü keçirir. Amil isə yanvardan öncə da məhsuldar oyunu ilə seçilirdi. Fevraldan bu yana, deyək ki, 5 oyunda 8 qol vurmadı, elə əvvəlki futbolunu oynayır. Rahil da bəyəndiyim futbolçudu. Sadəcə, adamda elə təəssurat yaranır ki, Qurban bəy bu dəfə "hər klub millidə təmsil olunsun" prinsipi ilə seçim edib. Belə baxanda ən sürpriz ad - Səlahət Ağayevdı.

 

Kənan Məstəliyev: Yenə Bəxtiyar Həsənəlizadə yoxdu heyətdə. Necə olur, "Səbail"in mərkəz müdafiəçisi çağırılır, onları məğlub edən "Sumqayıt"ın müdafiəçisi çağırılmır? Amil Yunanovun dəvəti isə müsbət məqamdı. Qurban Qurbanov bizə səbrli olmağı öyrədəcək, deyəsən.

 

Xanoğlan İmanov: Yazıq Qurban Qurbanov ölkədəki "mütəxəsislərin" əlindən iynə deşiyi qədər haqqı olanı da milliyə çağırıb şans verir ki, sonra kiminsə dili uzanmasın. Məncə, rəsmi oyunlarda haqlı olaraq mənzərə tam başqa olacaq.


Anar Xanlarov:  Qurban Qurbanov Bəxtiyar Həsənalızadəni yenə milliyə çağırmadı. İlk toplanışdan bu yana adam yenə stabil oynamaqda davam edir və hətta "Kəpəz"lə oyunda bərabərlik qolunun vurulmasında birbaşa iştirak etdi, ötürməsini verdi. Amma həmin "Kəpəz"dən milliyə futbolçu çağıran (hansı ki, heç Yunis Hüseynov özü də bunu gözləmirdi) Qurbanov Bəxtiyarı yenə çağırmadı. Hətta "Səbail"dən Rahil Məmmədovu çağırdığı halda belə. Burdan mənim üçün iki ehtimal yaranır. 1. Nə qədər ki mən milli komandadayam, Bəxtiyar burdp olmayacaq (dəqiq səbəbini özü daha yaxşı bilir). 2. Güman ki, Qurbanov Bəxtiyarı nəzərində tutub, sadəcə, o mövqedə daha güclüsünün olmadığına əmin olmaq üçün bütün futbolçuları sınaqdan çıxardıb ən sonda onun üzərində dayanacaq. Çox ümid edirəm ki, ikinci variant olacaq. Bu arada, Bəxtiyarı milliyə layiq görməyən, onun o səviyyədə futbol oynamadığını düşünənlər, mümkünsə, həmin mövqeydə ən güclü ikinci futbolçunun adını yazsın.

 

Hidayət Qurbanov: Mətbuat konfransında Qurban Qurbanova "heyətdə sürpriz adlar olacaqmı" sualını verəndə, beynimdə hansı adlar var idisə, siyahıda gördüm. "Qəbələ"dən Asif Məmmədovu millidə görmək xoş oldu. Adam illərdi özünü sübut etsə də, nə Foqts, nə də Prosineçki tərəfdən istənildi. Zər qədrini zərgər bilər. Sonra Tural Axundov. Bu müdafiəçi hələ "Kəpəz"də çıxış edərkən yığmaya layiq olduğunu dəfələrlə göstərib. Əgər təlim-məşq toplanışında davamını gətirsə, sağ cinah müdafiəmiz etibarlı olacaq, şəxsi fikrimdi.
"Kəpəz"in hazırkı üzvü Şəhriyar Rəhimovun isə düzənli olaraq şans qazanacağına inanmıram. Sadəcə, dəvət olunan siyahıda adının olması kifayət etməyəcək. "Neftçi"dən Rəşad Əzizli, "Sumqayıt"dan Amil Yunanov seçimləri isə olması gərəkən idi. Məncə, bu millidə nəsə var.


İlkin Baba:  Yaxşı olar ki, Qurban Qurbanov milli üçün heyəti əvvəldən açıqlamasın. Adam desin ki, gələrsiz, görərsiz. Niyə yıxıb-sürüyürsüz? Bir az səbrli davranaq... 


SPORTİNFO.AZ

Tarix: 16 Mart 19:48    Oxunub: 786    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.