Hər kəsdən güclü “Zəif”

2005-ci il idi. Azərbaycan millisi DÇ-nin seçmə mərhələ matçında Bakıda Avstriya ilə qolsuz bərabərə qalmışdı.

 

Tofiq Bəhramov adına stadionun dəhlizindən keçib mətbuat konfransına getmək istərkən, birdən qarşımda gördüm onu. Böyükağa Hacıyev idi... Qolumdan çəkib, məni yaxındakı otağa apardı. Qarşımda dayanıb, uca səslə danışmağa başladı.

 

Onda millidə Vaqif Sadıqova kömək edirdi. Sadıqovlu milli komandanı tənqid etməyimə və etməyim deyə, danışırdı. Gülümsədim, “Böyükağa müəllim, indi mətbuat konfransına gecikirəm, başqa vaxt danışarıq” deyib, birtəhər otaqdan çıxa bildim. Bir neçə gün sonra AFFA-da hansısa tədbirdə yenidən qarşılaşdıq, bu dəfə söhbətimiz daha mülayim keçdi.

 

...Sonra onunla çox tez-tez qarşılaşdıq. Demək olar ki, hər gün “Komanda” qəzetinin ofisinə gəlirdi. İşsiz idi və bu onu narahat edirdi, həm də hirsli idi.

 

Bir dəfə qəzet üçün ondan müsahibə götürmüşdük - futbola dəxli olmayan mövzularda. Tarixi mükəmməl bilməsinə hamımız heyrətlənmişdik.

 

Daha sonra “Neftçi”də baş məşqçi kimi işləməyə başladı. Bu komanda ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı və “Komanda”nın sorğusunda ilin məşqçisi seçildi. Sevinirdi, nəhayət, ona lazım olan dəyərin verildiyini düşünürdü.

 

Yaxşı idi münasibətimiz “Zəif”lə. “Neftçi”nin baş məşqçisi kimi avrokubokun hansısa oyunundan sonrakı mərtbuat konfransında aramızda xoşagəlməz olay yaşanmışdı. Sonra danışdıq, anlaşdıq.

 

Bir dəfə isə “Komanda” qəzetində millinin keçmiş baş məşqçisi Berti Foqtsun Böyükağa Hacıyevlə bağlı “açıqlama”sını vermişdik. Virtual, dodaqqaçıran açıqlama idi, yəni uydurma. Qəzet çapa getdiyi günün səhərisi öyrəndik ki, “Zəif” həmin “açıqlama”nı ciddi qəbul edib və Berti Foqtsu axtarır...

 

Ləqəbi “Zəif” idi, amma özünü hər kəsdən güclü sayırdı, heç kimlə hesablaşmaq istəmirdi. Bunu onun müsahibələrindən, açıqlamalarından da görmək olurdu. Ütülənmiş açıqlamalar, “birdən kiminsə xətrinə dəyər” düşüncəsi ona yad idi. O, bizim olduğumuz dünyadan elə belə getdi - özünü hər kəsdən güclü sayaraq.

 

Və artıq böyünnəri o, yoxdu...

 

Ruhun şad olsun, özünü hər kəsdən güclü bilən “Zəif”!

 

Rəşad Ergün

Tarix: 16 Mart 14:48    Oxunub: 333    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.