“Onlarla nəinki biz, heç kim bacarmır” - Sadıq Sadıqov

Sportinfo.az xəbər verir ki Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov  jurnalistlərin suallarını cavablandırıb. 

 

 

Qarşıda dünya çempionatı kimi böyük turnir sizi gözləyir. Komandanın planları və hazırlıq durumu sizi qane edir?

- Dünya çempionatı bizim üçün çox vacibdir. Artıq təlim-məşq toplanışına da başlamışıq. Komandamız formasının qoruyub-saxlaması üçün əlimizdən gələn hər şeyi edirik və etməyə də hazırıq. Milli komandamız hal-hazırda Qusar-Şahdağ Kompleksində məşq edir. Bu yaxınlarda onlara baş çəkdim və gördüm ki, məşqlər tam sürətlə davam edir. Qarşıdakı DÇ-ya çox ciddi şəkildə hazırlaşırlar.

 

Yəqin ki, milliyə təyin olunmuş yeni baş məşqçi ilə də bu yöndə danışıqlarınız olub. Onun qarşısına hansı hədəflər qoymusunuz?

- Hədəflərimiz bəllidir. Ən böyük hədəflərimiz Avropa, Olimpiya və dünya çempionatlarıdır. Təbii ki, hər bir məşqçi də bu yarışlarda nailiyyət əldə etmək istəyər.

 

Medalların sayında hədəf qoymusunuzmu ki, minumum nə qədər olmalıdır?

- Cüdo dünya miqyasında tanınmış bir idman növüdür. Həmin yarışlarda 240 ölkədən, 7 çəki dərəcəsində idmançılar çıxış edir. Təbii ki, burada sırf hədəf yoxdur ki, nə qədər medal olsun. Lakin 2014-cü ildə keçirilən Rio-de-Janeyro Olimpiadasında  iki medal qazanmışdıq. Ən azı çalışacağıq ki, həmin nəticəni təkrar edək.

 

Son yarışlarda da gördük ki, idmançılarımız yapon cüdoçularla bacarmır. Bu nə ilə bağlıdır?

- Yaponlarla heç kim bacarmır (gülür). Düzünü desək, bu idman növü orada yaranıb və həmin ölkədə çox inkişaf edib. Bundan əlavə də, psixoloji durumu da qeyd edərdim. Çünki, bəzən olur ki, cüdoçularımız yapon idmançı ilə qarşılaşdığı zaman çox həyəcanlanırlar. Lakin bunun üzərində də hazırlıqlarımız davam edir ki, gələcəkdə yaponlarla qarşılaşdığımız zaman onları necə məğlub edək və bizi asanlıqla məğlub edə bilməsinlər.

 

Qadın cüdoçularımızın durumu sizi qane edirmi?

- Hələ ki, qane etmir. Nəzərə alsaq ki, gəncdirlər,  öz üzərlərində çox çalışmalıdırlar. İrəlidə vaxtımız var ki, onlarla daha ciddi şəkildə hazırlaşaq. Artıq, 6-7 aydır ki, qadın cüdoçularla ciddi şəkildə çalışırıq. Çünki, əvvəldən də qadın millimizdə bəzi problemlər var idi. Mən ümid edirəm ki, Olimpiadaya qatılan qadın idmançılarımızdan ən pis halda  biri nəticə verəcək.

 

73 kq-da iki güclü cüdoçumuz Hidayət Heydərov və Rüstəm Orucov var. Olimpiada üçün birini itirmək məcburiyyətində qalacağıq. Ehtimal varmı ki, hansısa biri çəkisini dəyişsin?

- 73 kq çəki dərəcəsində iki güclü cüdoçumuz va ki, dünya reytinqində yüksək yerdə qərarlaşırlar. Biz federasiya olaraq onların işlərinə müdaxilə edə bilmərik. Çünki, onlar özlərini həmin çəki dərəcəsində rahat hiss edirlərsə, bizim buna müdaxilə etməyimiz doğru çıxmaz. Hansı güclüdürsə, həmin cüdoçu Olimpiada da bizi təmsil edəcək. Bu,  artıq onların aralarındakı rəqabətdən asılıdır.

 

Bəlkə də yersiz olacaq, lakin bu sualı verməyə bilmərik. “Neftçi”nin son durumu haqda nə deyə bilərsiniz? Oyunlarını izləyirsinizmi?

- İdman qurumunun rəhbəri olaraq, nəinki futbolu, ölkədəki bütün idman yarışlarını diqqətlə izləyirəm. “Neftçi”yə gəldikdə isə, komanda son zamanlar yüksəlişdədir. Kluba yeni prezident təyin olunub. Onun işləri də göz qabağaındadır.  Mən ümid edirəm ki, klub ən azı Avroliqaya vəsiqə qazana biləcək.

 

Bir zamanlar Tərlan Əhmədovla çalışmısınız. Yeni prezident Kamran Quliyevə nə məsləhət görərdiniz?

- Kamran Quliyevə məsləhətim yoxdur. Çünki, o, öz işini bəlkə də məndən daha yaxşı bilir. Mən ona sadəcə, öz işlərində müvəffəqiyyətlər arzu edə bilərəm ki, “Neftçi” Avroliqaya vəsiqə qazansın və azarkeşlərimizi və bizləri sevindirsin.

 

“Neftçi”nin son oyununu izlədinizmi?

- Bəli, dünən ki, “Qarabağ”la matçı izlədim. Çox xoşuma gəldi.

 

Klubun sabiq baş məşqçisi Böyükağa Hacıyevin səhhəti qənaətbəxş deyil. Onunla necə, maraqlanırsınızmı?

- Əlbəttə, Böyükağa müəllimlə maraqlanmamağ olarmı? Vəziyyətinə gəldikdə isə, özünüz bilirsiniz ki, el bir xəstəlikdir ki, uzunmüddətli müalicəyə ehtiyacı var. Onun ailəsi ilə də yaxından maraqlanırıq və yaxşı münasibətimiz var. Ümid edirəm ki, tezliklə sağalar, ailəsini və bizləri sevindirər.

Tarix: 16 Mart 10:00    Oxunub: 358    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.