"Bizim üçün sürpriz oldu.,üçüncü yerə əsas iddialı bizik"

Sportinfo.az xəbər verir ki, hesabat turunda “Xəmsə” ilə qarşılaşan və 18:3 hesabı ilə qalib gələn EKOL-un heyətində 6 qol vuran Samir Həmzəyev Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

 

Başlayaq “Xəmsə” ilə oyundan. 6 qol vurduğun matçın bu qədər asan keçəcəyini gözləyirdinmi?

- Düzdü, 6 top vurdum, amma bunu təkbaşına etmədim. Komanda şəkilində uğur qazandıq. Həm də rəqibin hansı pillədə qərarlaşmasından asılı olmayaraq, biz ciddiliyimizi itirmirik. Bu komanda ilə əvvəlki oyunlarımız daha çətin, gərgin keçmişdi. Belə deyək də, qələbə oyuna ciddi yanaşmağımızın nəticəsidi.

 

Hər nə qədər ciddi yanaşırdıq desəniz də, turnir cədvəlindəki mövqe fərqləri oyunun hazırlığına təsir etməyə bilməzdi...
- Düşünsəydik ki, bu gün autsayderlə oynayırıq, rahat qələbə qazanacağıq, bu peşəkarlığa yaraşmaz. Bəs yekundə bunun əksi ilə üzləşsəydik, itirən kim olacaqdı? Hər bir oyunda qələbəyə 3 xal verilir. Rəqibin autsayder oldu və ya lider, fərqi yoxdu. Ona görə bu cür oyunlarda itkiyə yol vermək olmaz.

 

Birinci dövrədə 5:3, ikinci dövrədə 7:3 hesabı ilə qalib gəlmişdiniz. Bu dəfə çempionatın hələ ki, ən qollu oyununu izlədik. Üstəlik, hazırkı mövsümdə bir matçda ən çox qol vuran komandadı EKOL. Bu göstəricilər EKOL-un güclü, yoxsa rəqibin zəif olmasının göstəricisidi?
- Rəqib zəif idi. Üstəlik, oyunu əvəzetmədən keçirdilər. 40 dəqiqə əvəzlənmədən futzal oynamaq çox çətindi. Yoruldular və müqavimət göstərə bilmədilər.

 

Qış fasiləsindən sonra EKOL-un iddialı gələcəyini gözləsək də, hələ bu mənzərənin şahidi deyilik. Axsama nə ilə bağlıdı?
- Bunu izah edə bilməyəcəm, çünki səbəbini bilmirəm. “FK.İD.Futsal”la oyunun gedişində hesab 5:1 xeyrimizə idi. Sonra necə oldu ardıcıl 4 qol buraxdıq, bunu anlaya bilmədim. “Araz”a gəldikdə, onların gücü hamıya bəllidi. Millinin bazasıdı bu komanda. “Marafon Futsal”a yenə uduzduq. Görünür, həmin gün rəqibimiz daha yaxşı oynadı. Halbuki onları yensəydik, ikinci yer uğrunda da mübarizə apara bilərdik. Riyazi baxımdan hətta birinci pillə uğrunda da yarışa bilərik. Ancaq reallığı nəzərə alsaq, əsas diqqətimizi üçüncü pilləni tutmağa yönəldəcəyik. Dördüncü dövrə var, gərək ciddi hazırlaşaq və həm “Araz”dan, həm də “Marafon Futsal”dan xallar qoparaq.

 

Deməli, mübarizəniz üçüncü yer uğrundadı?
- Üçüncü yerə əsas iddilı bizik. Mümkün olduğu qədər ikinci pillə üçün də mübarizəmizi davam etdirəcəyik. Əsas hədəfimiz mövsümü medalla başa vurmaqdı.

 

“Marafon Futsal”ın debüt ilində bu cür qrafik çızacağını gözləmirdin?
- Bizim üçün sürpriz oldu. Arxada qalan 3 oyunda onlara uduzmuşuq və hər dəfə də çox qol buraxmışıq. Heyətlərində legionerləri çoxdu. Ancaq bu heç nəyi dəyişmir.

 

Təcrübəli EKOL onları niyə yenə bilmədi?
- Səhvlərimiz çox oldu. Müdafiədə səhvlər edirik, qol buraxırıq. Sonra isə onun qarşılığını vermək çətin olur.

 

Ümumiyyətlə, EKOL-da əsas şikayət hücumla, konkret qol vura bilməməklə bağlıdı. Halbuki ön xətdə sən, Namiq Məmmədkərimov kimi təcrübəli oyunçular yer alıb.
- Bu haqda baş məşqçi danışsa, yaxşıdı. Zəif tərəflərimizi onlar bilir. Yəqin yeni mövsüm üçün heyəti gücləndirəcəklər. Komandamız güclüdü, ancaq “Araz”, “Marafon Futsal” kimi komandaların müdafiə xəttini yarmaq çətindi. Ola bilsin, biz bunu bacarmırıq. İstənilən halda, komandamız güclənməlidi.

Tarix: 14 Mart 16:24    Oxunub: 239    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.