Region Liqanın oyunundakı qalmaqalla bağlı ağır qərar - VİDEO

Ötən bazar günü AFFA-nın keçirdiyi Region Liqasının “Gənclik” – “Füzuli” oyununda qalmaqal yaşanıb.


Sabirabaddakı oyunun əlavə vaxtında baş hakim meydan sahiblərinin qapısına penalti təyin etdiyinə görə yerli azarkeşlər meydançaya daxil olub və hakimə fiziki təzyiq göstərməyə çalışıb.


Sportinfo.az xəbər verir ki, baş hakim briqadası ilə birgə stadionu tərk etməli olub.

 

Bu anadək 1:1 hesabı qeydə alınmış görüş isə yarımçıq dayandırılıb. Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi, eləcə də, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri olan “Gəncliy”in rəhbəri Nadir Quliyev baş hakimin qərarlarından narazı qaldıqlarını bildirib:


“Bu hakim qapımıza vurulan ilk qolda da penalti vermişdi. Amma həmin penaltidən narazı deyilik. Çünki doğrudan da, penalti vardı. Sonra biz hesabı gözəl bir qolla bərabərləşdirdik. Lakin hakim səbəbsiz yerə sarı vərəqələri paylamağa başladı.


Qrupdan çıxmaq üçün həlledici görüş olduğu üçün matçda prinsipiallıq çox idi. Hakimin yersiz qərarları azarkeşləri özündən çıxarırdı. Fasilədə ona yaxınlaşıb dedik ki, çalış, matçı tez qurtar, oyun yaxşı nəticələnməyə bilər.

 

O isə I dərəcəli referi idi. İkinci hissəyə lüzumsuz yerə 3 dəqiqə əlavə vaxt verdi. Əslində, buna ehtiyac yox idi. Məhz həmin dəqiqədə qapımıza lazımsız bir penalti təyin etdi. Azarkeşlərimiz özlərini saxlaya bilməyib meydançaya daxil oldu. Bu hakimdən narazılığımızı artıq AFFA-ya bildirmişik”.


Nadir Quliyev qeyd edib ki, stadionda 30-a yaxın polis əməkdaşı olub: “Bizim əvvəlki oyunlarımızda da azarkeşlər meydançaya yaxın yerdən oyunu izləyiblər. İndiyədək belə bir problem olmamışdı. Çalışacağıq ki, növbəti turlardan təhlükəsizlik tədbirlərini çoxaldaq. Ümid edirəm ki, AFFA İntizam Komitəsi bu oyun və baş hakim haqda ədalətli qərar çıxarar”.


Lakin meydan sahibi olan klub və futbolçuları ciddi cəzalara məruz qalıb. İntizam Komitəsinin qərarında bildirilir ki, 90+1-ci dəqiqədə “Gəncliy”in azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılıb.

 

Görüşün tam başa çatmaması səbəbindən yerli komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Sabirabadlı futbolçu Amid Zeynalov aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb.

 

Digər futbolçular - Elman İsgəndərovla Fərid Ağabəyli hakimi təhqir etdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hərəyə 4 oyun cəzalanıb. Bundan başqa “Gəncliy”ə xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

 

Tarix: 14 Mart 15:48    Oxunub: 269    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.