"Zirə"nin Abbasova dəstəyi

Natiq İsmayılov - «Zirə»nin prezidenti – nəhayət ki, tapılıb! Bu xoş xəbər münasibətilə bütün media əhlini təbrik edirəm!

 

Doğrudan da, böyük hadisədi, xüsusi məclis şəraitində qeyd olunmalıdı.


«Zirə» yeni yaransa da, futbol camiəsinin bir parçasına çevrilə bilib. Premyer Liqanın gümüş medalını həyata vəsiqə qazanmasının ikinci ilində əldə eləyən bu klub yenə avrokuboklara iddiaçıdı.

 

Hörmətli bəy uzun müddət sonra üzə çıxandan sonra bəyan edib ki, öldü var, döndü yoxdu, biz Ayxan Abbasovun arxasında dayanmışıq, sonadək dəstək verəcəyik və daha nələr, nələr…


Lap yaxşı da… Demir, verəcəyik. Verin, biz də baxaq. Qış fasiləsindən sonra keçən 5 tur ərzində aktivinə bir qələbə yaza bilməyən komandanın baş məşqçisinin postu belə möhkəmdisə, afərin o rəhbərliyə!

 

Doğru sözümdü, «Zirə» Abbasovun müdafiəsinə qalxmaqla, cani-dildən onu qorumaqla, bir çox klubun görmədiyi işi görür. Olardı «Neftçi», olardı Tərlan Əhmədov - bu qədər uğursuz oyunun qeydə alınmasına dözməzdilər. Yolun yarısında baş məşqçi ilə sağollaşar, arxasınca da bir şəbədə qoşardılar.

 

Sadəcə, «Zirə» Abbasovla işbirliyini davam etdirib-etdirməyəcəyini açıqlamağı indiyə saxlamamalıydı. Çox gözlədilər. O qədər gözlədilər ki, mətbuat üstlərinə gəldi. Müxtəlif futbol adamları, ekspertlər bu haqda şübhəylə danışmağa başladı.

 

Lüzumsuz söz-söhbətlərə şərait yaratmaq lazım deyildi. Futbolçu görməliydi ki, «Zirə» bir onlardan, bir də məşqçi korpusundan yapılanmayıb, bu klubun rəhbər şəxsi, dayağı, dirəyi var. Kollektivə güvən hissini aşılamaq gərək idi, yatıb-yatıb, sonra qəfil yuxudan ayılmaq yox.  


İşlər elə gətirib ki, artıq mətbuat üzərindən dəstək aksiyası təşkil etmək də mövcud problemləri tamamilə aradan qaldırmır. Üzü ağardan da, qaraldan da nəticədi. Bunun olması üçün idarəçilər komandanın içinə girməlidi.

 

Abbasovu futbolçularla başbaşa buraxmaq olmaz daha. Bunları başlı-başına qoysalar, «Zirə» mövsümün axırında avrokuboklardan kənarda qalacaq. «Sumqayıt»la böyük xal fərqi 1-ə enib, «Neftçi» isə 6 xallıq məsafədə dayanıb.

 

Abbasov tək qaldığını hiss edir, futbolçular da o cümlədən. Rəhbərlik yalqız olmadıqlarını komandaya nə formadasa təlqin etməlidi. Bəlkə elə bir problemləri, sözləri var ki, bunu baş məşqçiyə deyə bilmirlər? 


ELNUR

Tarix: 13 Mart 17:12    Oxunub: 273    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.