Premyer Liqada çıxış etmək üçün AFFA-ya ərizə verdilər

Ötən mövsümün sonunda “Səbail” I Diviziondan elitaya yüksəldi, AZAL isə Premyer Liqanı tərk edərək tarixin yaddaşına köçdü.

 

Halbuki AFFA prezidenti Rövnəq Abdullayev 2016/17 mövsümü üçün 8 komandalı çempionatı müvəqqəti hal kimi dəyərləndirmişdi.

 

Lakin ardıcıl ikinci “futbol ili”ndə də güclülər dəstəsində məhz 8 iştirakçı çıxış edir. Əksinə, ötən mövsüm birinci divizionda 14 komanda var idisə, hazırda onların sayı 10-a enib.

 

Təbii, istər premyer-liqada, istərsə də divizionda klub sayının azalması iştirak fikri olanların lisenziya şərtlərinə əməl etməmələrindən irəli gəlir. Əvvəllər bu məsələyə ötəri yanaşılırdısa, son illərdə artıq hər detala həssas yanaşılır.

 

Əslində tələb olunan həlledici meyarlardan biri maliyyədi ki, klublar məhz bunda “axsayır”. Hərçənd AFFA-nın istədiyi klubu irəli çəkmək iqtidarında olduğunu bilirik. Elə “Səbail”in elitaya təşrif buyurması hər şeyi deyir. Ancaq o da faktdı ki, hansısa klub bütün şərtlərə əməl etsə, kimsə onun qarşısını kəsə bilməz.

 

O başqa məsələ ki, çıxış etdiyin yarışda tutduğun yer də önəmlidi. Düzdü, son illər klubların çempionatı hansı pillədə başa vurması yox, lisenziya şərtlərinə əməl edib-etməməsi həlledici rol oynayır. Ancaq bir neçə klub tələblərə tam cavab versə, sıralama ön plana çıxacaq. 


Sportinfo.az xəbər verir ki, növbəti mövsüm Premyer Liqada klubların sayının artırılıb-artırılmayacağı ilə bağlı artıq müzakirələr gedir.

 

Həm premyer-liqada, həm də avrokuboklarda iştirak üçün klublar AFFA-ya müraciət ünvanlayıb. Elitadan iki klubun qitəmiqyaslı turnirlərdə iştirak üçün ərizə vermədiyi deyilir.

 

Bunlardan biri “Səbail”di ki, onun olmamasının səbəbini anlamaq mümkündü. Bu komanda UEFA-nın peşəkar səviyyədə 3 il oynamaq tələbinə cavab vermir. “Zirə” də məhz buna görə ilk dəfə Avroliqaya vəsiqə qazandığı halda, yarışda iştirak edə bilmədi. “Qartallar” yalnız 3 mövsümü başa vurandan sonra qitə arenasına “ayaq basdılar”.

 

Odu ki, “Səbail”in avrokuboklar üçün lisenziya istəməsinin heç bir əhəmiyyəti yox idi. O biri komandaya gəlincə, bu “Kəpəz”di.

 

Görünür, kubokla vidalaşan, çempionatda isə sonuncu pillədə olan Gəncə təmsilçisi avrokuboklara vəsiqənin real olmadığını düşünür. Bu üzdən də klub UEFA lisenziyası üçün əlavə vaxt itkisinə və ya əziyyətə ehtiyac görməyib.


AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovla əlaqə saxlayıb, bütün bunlarla bağlı fikirlərini öyrəndik (Futbol+):

 

“Bir neçə gün öncə bu məsələ ilə bağlı açıqlama vermişdim. Heç vaxt müraciət edənlərin sayını demirəm. Çünki bu idman nəticələrinə təsir edə bilər. Məsələn, indi sizə “cəmi 4 premyer-liqa iştirakçısı UEFA lisenziyası üçün müraciət edib” desəm, həmin 4 klub istədiyini edə bilər ki, onsuz da Avropaya biz gedəcəyik.

 

Nəzəri cəhətdən bu belədi. Ona görə də say açıqlamıram. Sadəcə, daha öncə də demişdim ki, bütün klublar UEFA lisenziyası üçün müraciət etməyib. Bizdən fərqli, klubların açıqlamağa ixtiyarı var. Premyer-liqa iştirakçıları özləri desə ki, biz ərizə verməmişik, bu başqa məsələ. Artıq müraciət üçün vaxt bitib.

 

Ərizələri yığmışıq, indi sənədləri toplamaq prosesi gedir. Premyer-liqa üçün də müraciət müddəti bitib. Elita iştirakçılarının hamısı növbəti mövsüm güclülər dəstəsində iştirak üçün ərizə verib. Bundan başqa, kifayət qədər çox sayda birinci diviziondan da premyer-liqa lisenziyası üçün müraciət olunub. Onların prosesi necə tamamlayacağını bilmirəm.

 

Hər halda ərizələri almışıq. Yanvar və fevralda 4 meyar üçün sənədləri toplayırıq. Klublar yalnız maliyyəni martın sonuna kimi tamamlayır. Hətta apreldə də müəyyən vaxt veririk. Çünki maliyyə ilə bağlı məsələ bir az qəlizdi. Sənəd gəlir, qaytarırıq, düzəliş edirlər və s. Ümumiyyətlə, bu proses vaxt aparır. Belə deyim, aprelin ortalarına qədər işi tamamlayırıq.

 

Mayın 15-nə qədər isə mütləq komissiyanı toplamalıyıq. Qaydalarda var ki, birinci instansiya orqanı mayın 15-dək qərar çıxarmalıdı. Çünki mayın 31-nə kimi UEFA-ya siyahı göndəririk ki, hansı klublar ölkəmizi avrokuboklarda təmsil edəcək. Bundan başqa, hansısa narazı klubun apellyasiya şikayəti vermək üçün də vaxtı olmalıdı”.


Elçin bəy UEFA və premyer-liqa üçün lisenziya tələblərinin elə də ciddi fərqlənmədiyini qeyd etdi: “Əslində fərq o qədər də çox deyil. Uşaq komandalarında bir artıq yaş qrupu – U-10 tələb olunur. Həmçinin klub UEFA tərəfindən təsdiq olunan stadion göstərməlidi.

 

İnzibati məsələlərdə də bəzi fərqlər var. Tutaq ki, avrokuboklara komanda çıxaran baş məşqçinin PRO diplomu olmalıdı. Ancaq premyer-liqada A kateqoriyası da kifayətdi. Eyni zamanda, bank zəmanətində də müəyyən fərq var. UEFA yarışları üçün 500, premyer-liqa üçün isə 300 min nəzərdə tutulub.

 

Sizə bir nümunə deyim. AZAL daim UEFA lisenziyası alırdı, halbuki heç də hər il Avropada oynamırdı. Sadəcə, öz adına görə bunu edirdi. Klubun belə imkanı varsa, niyə də almasın?! Xaricdə belədi ki, klubların səhmləri var və UEFA lisenziyasının alınması səhmlərin qiymətinə də təsir göstərir. Məhz belə məqamları nəzərə alan klublar UEFA lisenziyası alır”.

Tarix: 13 Mart 12:24    Oxunub: 669    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.