"Səbail"ə olar, "Zaqatala"ya, "Xəzər"ə, "Sabah"a olmaz?

Gözlənilənlər, deyəsən, bu yay da həyata vəsiqə qazanmayacaq.

 

Premyer Liqanın ardıcıl 3-cü mövsüm 8 klubun iştirakıyla keçiriləcəyi yönündə bədgümanlıq havası olduqca sürətlə əsir.

 

AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev aylar öncə başqa vədlər versə də, iştirakçı sayında artımı 12-14 civaında olacağını dilə gətirsələr də.

 

Artıq son sözü kimin deməsi bəllidi - Elxan Məmmədovdu o. Baş katib hesabat konfransı bitər-bitməz bu haqda fikirlərini bildirib. Federasiyanı təkbaşına idarə edən şəxsin iddiasına görə, yeni yaranan klubların Premyer Liqaya buraxılması riskli addımdı və ehtiyatlı olmalıdılar.


E.Məmmədov sözünü onunla əsaslandırmağa cəhd göstərib ki, AFFA maliyyə mənbəyini tam bilmədiyi «x» bir debütantın elitada başqa «işlər»dən çıxmayacağına əmin deyil.

 

Bununla belə, qeyd edib ki, yüksək dəstə üzvlərinin sayının 10-a çatdırılmasını istəyirlər, di gəl, bukmeyker kontorlarıyla gizli əlaqələrə dair şübhələr aşağı-yuxarı I Divizion təmsilçilərinin hamısını əhatə edir. O, hətta acizanə görkəm alaraq, «bilmirik ordan Premyer Liqaya kimi gətirək» söyləyib.

 

Şübhə varsa, dəqiqliyi ilə araşdırılmalı, kainatına varmaq lazımdı. Dildə yox, «Rəvan» və «Şururspor»un başına gətirilən kimi yox. Fakt tapılmalı, ən ağır cəza verilməlidi. Ümumiyyətlə, cəza tədbirləri dərəcələnməlidi. Kollektiv surətdə «stavka» oynayan iştirakçı Diviziondan birdəfəlik qovulmalıdı. İki-üç futbolçu əlini haram pula vurubsa, onlara görə klubun peşəkar statusu ləğv olunmamalıdı.


AFFA rəhbərliyi 3-4 ildi manipulyassiya halları ilə ciddi məşğul olduğunu bildirir. «Rəvan»la «Şərurspor»un axırına çıxdılar, ancaq burda da son nöqtəni düzgün qoymadılar. «Adı danışılmış oyunlarda qismən çox hallandığı» ifadəsi məntiqlə uzlaşmır və bu, nə şübhənin sübutudu, nə də ona yaxın bir şey. Ümumiyyətlə, bu «əsas»a görə bir klubun çıxışına son vermək gülüncdü. 


E.Məmmədov futbol istəmir. Oyunların «qumar»a qoyulması şübhəsi ondan ötrü, sadəcə, ipinin ucu olmayan bəhanədi. Gözünə birtəhər görünənlərə, yaxud ələ keçirə bilmədiyi klublara bu yolla arxadan xəncər saplamaq üçün. «Səbail», ondan qabaq «Zirə», ondan da qabaq «Araz-Naxçıvan» yeni yaranmışdı, necə oldu ki, 1 il sonra Premyer Liqada çıxış etdilər?

 

«Səbail» AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin «istehsalıdı». «Zirə»nin arxasında hansı mötəbər qüvvənin dayanması ölkədə bir kimsəyə gizlin qalmayıb. Elxan Məmmədov qəsəbə «qartallar»ının güclülər dəstəsininə uzanan yolunun üstünə daş-kəsək düzə bilməzdi: bu, onun sonunu gətirər, təkcə özünün və qardaşı Emin Məmmədovun deyil, qohum-əqrabasının vəzifədə çalışanlarının tümünün karyerasını məhv edərdi. 


«Araz-Naxçıvan»u divarın o biri üzündə sazlamaq da onun başı üçün deyildi. Vasif Talıbov amilinə görə.
«Araz»ın Naxçıvanın Ali Məclisinin sədrinə bağlılığını yada salaq ki, AFFA-nın lisenziyalaşdırma meyarlarının heç birinə cavab verməyən muxtar bölgə təmsilçisinə güzəştə getməsinin səbəblərinin təsadüf olmadığını bilməyən qalmasın.


«Sabah», «Xəzər», «Zaqatala» və «Turan Tovuz» gələnilki Premyer Liqada mübarizə aparmalıdı. AFFA SOCAR-dan maliyyələşən komandalara əlavə vəsait ayıra bilmirsə, zəhmət çəksin, öz sponsorları olan «Sabah»la «Xəzər»ə «onay» versin.

 

Bu klublar Elxan Məmmədova «gəl, bizi də sən idarə et, buraları da adamlarınla doldur» deməyib, odu ki, baş katib «indeyski» bəhanələr gətirir, ayrı-seçkilik edir.

 

Rövnəq Abdullayev hara baxır? Baş katibin barmağını tuşladığı istiqamətə. Ölkə futbolunun cavabdeh adamı özüdü, şəxsi maraqlarını güdən Elxan Məmmədova niyə bu qədər inanmalıdı ki? Görmür ki, bu əllamə klub təsərrüfatının daşını daş üstündə qoymayıb? Bir belə anarxiya olar..?

 

ELXAN

Tarix: 12 Mart 12:24    Oxunub: 459    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.