Moldovalı legioner: "Qarabağ"la "Şerif" eyni səviyyədədir"

Sportinfo.az xəbər verir ki, "Zirə"nin moldovalı yarımmüdafiəçisi Aleksandr Dedov səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XIX tur matç barədə sualları cavablandırıb.

 

İlk yarıda vurduğunuz zərbə qolla nəticələnsəydi, hesab başqa cür ola bilərdi?

- Əlbəttə. Qol vursaydım, nəticə başqa cür ola bilərdi. Bəlkə də uşaqlar özlərinə daha çox inanardılar. Oyun da fərqli məcrada davam edərdi. Amma alınmadı.

 

Ötən tur nəyə görə "Keşlə"yə qarşı oynamadınız?

- Bunu baş məşqçidən soruşun. Mən cavab verə bilmərəm.

 

"Qarabağ"dan belə oyun gözləyirdin?

- Bəli. Əvvəllər də onların oyunlarına televiziya vasitəsilə baxmışdım. Bilirdim ki, topla çox oynayırlar. "Qarabağ" yaxşı komandadır və yaxşı oyunçulara malikdir. Belə kollektivlərə qarşı çıxış etmək xoşdur. Amma daha çox oynamaq lazımdır.

 

Səncə, "Şerif" güclüdür, yoxsa "Qarabağ"?

- Məncə, hər ikisi eyni səviyyəlidir.

 

Azərbaycan çempionatı sənin üçün Avropaya tramplin rolunu oynaya bilər?

- Niyə də yox?! Yaxşı oynayırsansa, istənilən çempionat daha güclü liqa üçün tramplin ola bilər.

 

"Zirə" qış fasiləsindən sonra qeyri-sabit çıxış edir. Komandada nə baş verir?

- Məncə, bu, psixoloji məqamla bağlıdır. Bir oyundan qalib ayrılsaq, hər şey yoluna qoyulacaq. Ola bilsin, bəxtsizlik var. Bu suala cavab verə bilmərəm. Amma fikrimcə, ortalıqda nəsə var ki, bizə maneçilik törədir.

 

Demək olarmı ki, "Qəbələ" ilə səfər oyunundakı 2 qırmızı vərəqə və baş məşqçiniz Ayxan Abbasovun cəzalanması "Zirə"ni sındırdı?

- Xeyr, niyə ki?! Düzdür, ağır idi. Çünki 2 oyunçu və baş məşqçimizi itirmişdik. Lakin bizim 25 futbolçumuz var. Hər biri meydana çıxaraq, öz işini 100 faiz görməlidir. Bu gün kimsə xəstələnə, sabah kimsə zədələnə bilər. Ona görə də meydana 11 hazırlıqlı futbolçu çıxır.

 

"Səbail"lə qarşılaşmada qalib gəlsəniz, "Zirə"nin ikinci nəfəsinin açılacağını düşünürsünüz?

- Biz bütün mümkün və mümkün olmayanı etməliyik ki, qalib gələk. Sonrasına baxarıq.

 

Belə uğursuz seriyadan sonra "Zirə"yə gəlməyinə təəssüflənmirsən?

- Nəyə görə təəssüflənməliyəm? Etdiyim hərəkətə görə heç vaxt təəssüflənmirəm. Məncə, hər şey yaxşı olacaq. Əsas məsələ bu dövrü arxada qoymaqdır. Bundan sonra hər şey yaxşı olacaq.

 

"Qara zolaq"da olduğunuzu düşünmürsən?

- Razıyam. Bu, bütün komandalarda olur. Hətta "Real Madrid" belə İspaniya çempionatında qalib gəlməkdə çətinlik çəkir, 90-cı dəqiqədə buraxdığı qolla uduzur. Futbolda hər şey olur. Belə məqamları geridə qoymaq, qalib gəlmək və irəli getmək lazımdır.

 

Hesabat turunun nəticələrindən sonra 4-cü pillədəki "Sumqayıt"la xal fərqiniz 1-ə enib. Daha bir oyunda xal itkisi 3-cü pilləni də əldən verməyinizlə nəticələnə bilər...

- Hələ irəlidə 9 tur var. Bütün mübarizə irəlidədir. Hətta 4 xallıq fərq olsaydı belə, qarşıdakı turların nəticələrini gözləmək lazım gələcəkdi.

Tarix: 12 Mart 11:00    Oxunub: 384    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.