"Neftçi" artıq "bardak" deyil: Yalana son, işə start!

Kamran Quliyevin "Neftçi"yə təyinatından 1 gün sonra "Sumqayıt"a məğlub olan "Neftçi" həmin oyunda çox aciz görüntü verirdi.
 
Komandanın avrokuboklara vəsiqə qazanmaq arzusundan əlini üzdüyü təəssuratı vardı.
 
Sumqayıt azarkeşlərinə hörmət əlaməti olaraq "gənclik şəhəri"nə yollanmayan Quliyev bu məğlubiyyətdən dərhal sonra Ceyhun Sultanovu "Neftçi"yə gətirdi. 
 
Keçmiş komandasından avrokuboka vəsiqə uğrunda əsas rəqib üzərində qələbə ilə vidalaşan Sultanov paytaxt təmsilçisində fəaliyyətinə major notda başlaya bilmədi. Bir neçə aparıcı futbolçusundan məhrum olan yarımcan "Zirə"ylə heç-heçə nə nəticə, nə də oyun baxımından "flaqman"ı qane edəcəkdi. 
 
Quliyev-Sultanov cütlüyünün çox ağır yük altına girməsi əvvəlcədən bəlli idi. Amma bu adamlar kiçik büdcəli və legionersiz "Sumqayıt"da çətinliklərə baxmayaraq ciddi işlər görmək potensialında olduqlarını göstərmişdi. 
 
 
"Neftçi"nin "Qəbələ" ilə oyununun ilk hissəsi də "ağ-qaralar"ın qara zolaqdan qurtulmağının asan olmayacağına işarə idi. Amma bütün problemlərə baxmayaraq, "xalq komanda"sı çətin səfərdən əzmkar qələbəylə döndü,
 
"Keşlə" ilə matçda isə yenə də böyük ruh nümayiş etdirib, son dəqiqə qoluyla ardıcıl ikinci qələbəsini qazandı. Axırıncı 6 çempionat oyununun dördündə uduzub, yalnız "Keşlə" və "Kəpəz"i udan komanda Sultanovun gəlişindən sonra 3 tura 7 xal toplaya bilib. Bunlar medalın görünən və statistik tərəfidi.
 
Bu nəticə Quliyev-Sultanov cütlüyünün işə düzgün başlamasından xəbər verir. Kamran Quliyev dörd tərəfdən tənqid hədəfinə tuş gələn Tərlan Əhmədovun arxasında olduğunu bildirməklə baş məşqçiyə güvən, rahatlıq və fikrini yalnız işə cəmləşdirmək üçün münbit şərait yaratdı.
 
Klubun maddi rifahı üçün çalışan və son rəhbərlik dətişikliyində də böyük rolu olan vitse-prezident Elnur Eyvazovla gözəl, işguzar münasibət qurmaqla kollektivdəki ab-havanı xeyli yaxşılaşdırdı. 
 
İdman direktoru vəzifəsinə təyinat alan Ceyhun Sultanov təcili müdaxilənin əsas komandaya edilməli olduğunu görüb, futbolçuların və klubun digər nümayəndələrinin problemlərini həll etməyə çalışdı.
 
Qeyri-sabit oyunu ilə seçilən İqnasio Errera ardıcıl 3 turdu ki, qol vurur. Bunacan çox sönük görünən Namiq Ələsgərov son iki qarşılaşmanın ən yaxşısıdı. Yeni rəhbərliyin operativ müdaxiləsi ilə aylardı qalan maaş problemi həll edilən Emin Mahmudov Qəbələdəki oyunda ən yaxşılardan idi. 
 
Ruslan Abışov, Kiril Petrov, Rəşad Əzizli, İlkin Qırtımov, Derlis Meza Kolli, Mirabdulla Abbasov və demək olar ki, bütün heyət inamlı təsir bağışlayır. 
 
Bunlar təsadüf deyil. Artıq klub rəhbərliyinin və komandanın birləşib eyni hədəfə vurmağa başladığını müşayət etmək olar. Doğrudu, bu, hələ başlanğıcdı. Amma indiyəcən hər dəfə hesabda geriyə düşəndə məğlubiyyətlə barışan "Neftçi"nin ardıcıl iki oyunda əzmkarlıq, döyüşkənlik və yüksək ruh nümayiş etdirdiyi vurğulanmalıdı.
 
Təsadüfi deyil ki, sadiq fanatlar da artıq komandayla barışır. Klub rəhbərliyinin, futbolçuların, azarkeşlərin birliyi pozulmasa nəticələr də yaxşılaşmaqda davam edəcək. 
 
Kim bilir, bəlkə də kuboku qazanmaqla 4 illik titul həsrətinə də son qoyulacaq. Amma görünən budu ki, yüksəlişdə olan və bütövləşən "Neftçi" "Qarabağ"la qarşılaşmada rəqibinə ciddi problemlər yaşadacaq.
 
Qələbə seriyası bu oyunda da davam etsə, əsas hədəf - kubok əlçatmaz görünməyəcək. Hələliksə, "Neftçi"nin düz yolda olduğunu söyləmək mümkündü.
 
SPORTİNFO.AZ
Tarix: 11 Mart 12:15    Oxunub: 747    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.