"Bəzən bir gözüm Qurban Qurbanovda olur, mənə işarə etsə..."

“Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə evdə "Zirə"ni 2:0 hesabı ilə yendikləri Premyer Liqanın 19-cu tur matçından sonra sualları cavablandırıb.

 

Sportinfo.az xəbər verir ki, qollardan birinin müəllifi olan təcrübəli müdafiəçi öncə oyunu dəyərləndirib:

 

- Düzdü, cari mövsümdə "Zirə" ilə oyunlarımızda bir heç-heçə, 2 qələbə qeydə alınıb. Lakin bu komandaya qarşı oyunlarımız həmişə çətin olur. Bu gün doğrudan da çox əziyyət çəkdik, işlədik. Çalışdıq ki, baş məşqçimizin tapşırıqlarını maksimum yerinə yetirək. Əsas 3 xal idi. Hər oyun bizim üçün çox vacibdi. Hamımız görürük ki, çempionatda asan oyun yoxdu. İstər "Sumqayıt", istərsə də "Kəpəz"lə qarşılaşmalarda çətinliklə üzləşdik. Artıq bu görüşü bir kənara qoymaq, "Neftçi" ilə növbəti oyuna hazırlaşmaq lazımdı. Bizi doğrudan da çox çətin oyun gözləyir.

 

"Zirə" heç vaxt "Qarabağ"ı məğlub etməsə də, bu gün daha rahat qələbə qazandınız. Arada səviyyə fərqi var, yoxsa...?
- Yox, belə deməzdim. "Zirə" də yaxşı futbolçulardan qurulmuş komandadı. Kənardan bəlkə asan görünə bilər. Hesaba baxıb belə demək mümkündü. Amma daxildə nə qədər əziyyət çəkdiyimizi görürük. Biz də onlara qarşı maksimum dərəcədə hazırlaşırıq. Ona görə də hər oyunda qalib gəlməyə çalışırıq.

 

Təslim olan təkcə "Zirə" deyil. Artıq "Qəbələ" də silahı yerə qoyub...
- Biz belə düşünsək, özümüzlə düşmənçilik etmiş olarıq. İndidən boşalmaq, rahatlaşmaq olmaz. Bir az boşalsaq, bu, özünü dərhal nəticədə göstərəcək.

 

Adətən, müdafiəçilər standart vəziyyətlərdə irəli çıxırlar. Lakin sən oyun epizodunda hücuma getmişdin. Bu, əvvəlcədən baş məşqçinin göstərişi idi, yoxsa özün alışıb-yanırdın?
- Bəzi epizodlarda sola baxıram, bir gözüm Qurban müəllimdə olur. Bir dəfə işarə etsə, rahatca irəli gedirəm. Həmin anda da hiss etdim ki, qol vura bilərəm. Ona görə də geri qayıtmadım. Sevinirəm ki, qol vuraraq, komandama az da olsa, xeyir verdim.

 

Demək olarmı ki, "Qarabağ"da ən yaxşı oyununu keçirdin?
- Mən heç nə deyə bilmərəm. Yaxşı tərəflərimə yox, səhvlərimə baxmalıyam. Bunu Qurban Qurbanov daha yaxşı bilər.

 

Keçmiş komandan "Neftçi"yə qarşı da oynayacağını düşünürsən?
- Can-başla hazırlaşacam. Baş məşqçimiz şans versə, çıxıb oyayacam.

Tarix: 11 Mart 11:23    Oxunub: 411    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 May 2018
21 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.