"Xəzər"lə yanaşı, bu 3 imkanlı klubu Premyer Liqaya daşımaq lazımdı

Premyer Liqa artıq ikinci mövsümdü ki, özünün ən ağır dönəmini yaşayır.

 

Qafqazın iqtisadi cəhətdən lider ölkəsinin çempionatında cəmi 8 klub mübarizə aparır.

 

İştirakçılardan 5-i maliyyəni AFFA vasitəsilə SOCAR-dan alır. Belə çıxır ki, federasiya əlini çəksə, elita mənsublarının sayı 2-3-dən yuxarı qalxmayacaq.

 

Bu sezon I Divizionda debüt edən «Sabah» və «Xəzər»in gələn «futbol ili»ndən etibarən güclülər dəstəsində yarışacağı barədə xəbərlər çoxdan yayılıb. Hər iki klub kifayət qədər güclü maliyyə dayaqlarına malikdi.

 

«Sabah»ın arxasında vergilər naziri Mikayıl Cabbarov dayanırsa, «Xəzər» dəstəyini «ZZ Group»dan alır.

 

Amma AFFA-nın baş katibi Elxan Məmmədov hesab edir ki, sözügedən klubların Premyer Liqaya buraxılması tezdi. O, qurumun hesabat konfransından sonra etdiyi çıxışla elita təmsilçilərinin sayının artacağı yönündə söz-söhbət və gümanların üstündən qara xətt çəkib.


Sitat:  “Sabah” “Vətən” klubunun komandasıdı. “Xəzər” isə bu yaxınlarda Antalyaya getmişdi. Bu komandalara vəsait ayrılması sevindiricidi.

 

Ancaq bu, həm də təhlükəli ola bilər. Qısa vaxtda komandaların elitaya yüksəlməsi ziyan da verə bilər. UEFA-nın tələbi var ki, klub avrokuboklarda iştirak etmək üçün ən azı 3 il peşəkar səviyyədə çıxış etməlidi.

 

Bu klubun nümayəndələri ilə görüşdə də tələsməmələrini məsləhət bildim. Bizə komanda yox, klub lazımdı. Gəlin etiraf edək ki, birinci divizionda daha çox komanda var, nəinki klub. Klubun aşağı yaş qrupları və müəyyən infrastrukturu olmalıdı. 

 

Müəyyən şübhələrə görə aşağı dəstə təmsilçiləri arasında Premyer Liqaya yüksələ biləcək komandaların sayı azdı. Hesabatda 2 elita, 5 birinci divizion klubunun AFFA-dan maliyyələşdirildiyi göstərilib. Assosiasiyanın hesabına ayaqüstə duran komandalarda da problemlər var? 

 

Bəli, biz maliyyələşdiririksə, o demək deyil ki, hər şey əla vəziyyətdədi. O klubların öz rəhbərləri var. Bu klubların maliyyə məsələsində şəffaflığı əsas götürürük. Hər şeyi düzgün araşdırmaq lazımdı. Biz həmin klublardan yerli oyunçulara oynamaq şansı yaratmalarını tələb edirik.

 

Düzdü, bəzi klublarda legioner görmək olar. Amma bunu öz vəsaitləri hesabına edirlər. Bu gün birinci diviziondan Premyer Liqaya keçən futbolçular təxminən 2 faiz təşkil edir. Bu çox azdı. Lakin ola bilər ki, həmin 2 faizdən gələcəkdə istedadlı oyunçular çıxsın».


Baş katibin söylədikləri heç yerinə düşmədi. Camaat nəyə ümid edirdi, o, nədən danışdı. Heç şübhəsiz, AFFA TPL-nın iştirakçı sayının artımını təmin etməsə, bu, biabırçılıq olacaq. Azərbaycan 8 klublu çemprionatı olan qosqoca Avropanın 3 ölkəsindən biridi. Dövlət olaraq çox güclüyük və məhz bunun sayəsində UEFA gələn il keçiriləcək Avropa Liqasının finalını, həmçinin AVRO-2020-nin final mərhələsinin 4 oyununu Bakıya əmanət edib. 


Göründüyü kimi, təzad çox böyükdü və utandırıcıdı. Belarus və Qazaxıstana gedib çıxmırıq, qonşuluğumuzdakı kasıb Gürcüstan klub bolluğu içində üzür, AFFA isə hər kəsi lisenziyalaşdırma proqramı ilə aldadır. 5 meyardan ibarət tələb/şərt paketini olmazın dərəcədə ağırlaşdırıblar.

 

Müddəalarla tanışlığın ilkin mərhələsi yetər ki, klub himayəsinə götürmək istəyən iş adamı başını götürüb qaçsın. AFFA açıq kontekslə demir, amma bu vasitəilə çatdırır ki, biz biznes dünyasının adamlarının futbola vəsait yatırmasında, beləliklə, müstəqil klub formalaşdırmasında maraqlı deyilik, necə gəlmisiz, elə də çıxıb gedin.


«Xəzər»in icraçı direktoru Emin Abbasov Sportinfo.az-a açıqlamasında bildirib ki, niyyəti və imkanı olan aşağı dəstə təmsilçilərinin üzünə Premyer Liqanın qapısı bağlanmamalıdı: 


"Klubun prezidenti, sponsorlar "Xəzər"i Premyer Liqada görmək istəyirlər. "Qarabağ", "Qəbələ" kimi klublarla üz-üzə gəlmək, Premyer Liqa iştirakçısı olmaq hər bir yeni klubun arzusudu.

 

Yeni yaradılmış "Zirə" və "Səbail" kimi klublar aşağıdan gəlib çempionata rəng qatıblar, "Xəzər" də buna nail olmaq istəyir. Bunun üçün yaxşı maliyyə də ayırmağa hazırdı klubun prezidenti. Mənim şəxsi fikrim odu ki, sponsorları futboldan qaçırmaq lazım deyil.

 

Əgər kiminsə Premyer Liqada klub saxlamaq niyyəti varsa, ona dəstək olmaq lazımdı. Belə baxanda, Premyer Liqada "Qəbələ"dən başqa Avropa klub standartlarına cavab verəni yoxdu. Digərləri komanda formatına daha çox uyğun gəlir.

 

Başqaları kimi "Xəzər"də də klub olmaq istiqamətində çox işlər görülməlidi. Amma divizionda qala-qala sponsorun böyük yatırım etməsini gözləmək o qədər də real deyil.

 

Söhbət heç tək "Xəzər"dən getmir. Mənə elə gəlir ki, "Qaradağ Lökbatan", "Şüvəlan", "Sabah" kimi imkanlı klubları da Premyer Liqaya daşımaq lazımdı. İlk növbədə Premyer Liqanı, daha sonra divizionu inkişaf elətdirmək lazımdı".

Tarix: 10 Mart 13:24    Oxunub: 802    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.