"Mənim qadınım var, fala baxan, o alıb"- Futbolçu qadının ölüm işi

Futbolçu qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib.

 

Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə iclasına hakim Fikrət Qəribov sədrlik edib.

 

Qadını boğaraq başına torba keçirib qətlə yetirməkdə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Məhkəmədə Sevinc Babayeva şahid qismində ifadə verib. O, Namiq Vəkilovu tanımadığını söyləyib: "Anjelikanı tanıyıram. O, bizə gəlib köhnə soyuducunu apardı, dedi düzəltdirəcəm. 

 

Hadisə günü gördüm onun həyətində işıq yanır, təəccübləndim. Çünki heç vaxt işıq yandırmırdı, səhəri gün gördüm mətbəxdə də işıq yanır. Yaxınlaşıb baxmaq istəyəndə gördüm qaz sayğacı da açıqdı. Bir gün sonra qonşu Solmaz mənə zəng edib dedi ki, Anjelika neçə gündür telefonlara cavab vermir.

 

Anjelika mənə demişdi ki, Nailəgildə olacaq. Onlarla da danışdıq, dedi bizdə yoxdu. Bir yerdə evinə gedib qapını döydük. Amma açan olmadı. Bizə demişdi ki, çiməcəyəm, elə bildik dəm qazından boğulub ölüb. Qapını aça bilmədik, polisə zəng etdik".

 

Şahid deyib ki, mərhum Anjelika ona qonşuları Elşənin ondan 4700 manat borc aldığını söyləyib. "Həmin pulu istəmək üçün Elşəngilə bir yerdə getdik. Amma arvadı Şəhla məni evdən qovdu, sonra da Anjelika gəldi.

 

O dedi ki, Şəhla ona "nə vaxt tək gəlsən, onda bu haqda danışarıq" deyib. Bir-iki dəfə də ona zəng gəlmişdi, danışanda Namiq adı çəkilmişdi. Kim olduğunu soruşdum, dedi yataqxanada qonşu idik, arada bu tərəflərə gələndə bizdə kofe içir".

 

Digər şahid Nailə Məmmədova isə mərhumla eyni idman növü ilə məşğul olduqlarını söyləyib. "Qadın futbolu oynamışıq. Tanışlığımız da belə olub. Hadisədən bir gün əvvəl yoldaşımla Anjelikagilə gedib soyuducusuna baxdıq. 

 

Yoldaşım Samir ustadır. Biz ordan çıxanda Anjelika dedi ki, çiməcək. Mən dedim qazdan boğularsan, ehtiyatlı ol. Səhəri gün "odnoklassniki"yə girəndə gördüm ki Anjelika ora girməyib.

 

Narahat oldum, çünki hər dəqiqə orda olurdu. Qonşumuz Sevinc zəng edib Anjelikanı soruşdu, gedib bir yerdə evinə baxdıq. Qapı bağlı idi, polisə xəbər verdik. Bəlli oldu ki, o boğularaq öldürülüb".

 

Şahid bildirib ki, Anjelika ona qonşusu Elşənin borcu olduğunu deyib. N.Məmmədovanın əri Samir Məmmədov da eyni məzmunlu ifadə verib. Şahid Məmmədova Sürəyya Azərbaycan qızı ifadəsində təqsirləndirilən şəxsi tanıdığını söyləyib.

 

N.Vəkilov mənə Anjelikanın ona 250 manat borcu olduğunu demişdi: "Namiqdə telefon var idi, soruşdum dedi ki, "mənim qadınım var, fala baxan, o alıb". Ona zəng gəldi, nəsə polis sözü işlətdi, əsməyə başladı. Dedim nolub, dedi "Anjelikanın müdiridir, deyir gəlib maaşını götürsün".

 

Hadisə bu il fevral ayında Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qazax rayon sakini N.Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub.

 

Məlum olub ki, qətlə yetirilən şəxs 1963-cü il təvəllüdlü A.Vasilyevna Morozovadır. Hadisədən sonra N.Vəkilov saxlanılıb. Qətlə yetirilən qadın peşəkar futbolçu olub.

Tarix: 1 Mart 15:36    Oxunub: 483    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.