Bu "kolxoznik"ə bir ətək pul tökənlərdən cəzalanan olmayacaq?

Sovet dövrü zəhmətkeşlərin əmək eşqini artırmaq üçün kolxozlara tez-tez kəndirbazlar, canım sizə desin, pəhlivanlar və s. göndərərdilər.

 

Arandakı kolxoz sədrlərindən biri isə pəhlivanlara xüsusi simpatiya bəslədiyindən tez-tez onları dəvət edirmiş. 


Bir gün şounun qızğın yerində kolxoz sədri əlini cibinə salır. Pambıqçıların gözünün qabağında 10 ədəd 25-liyi pəhlivana verib "eşq olsun sənin kimi zəhmətkeşlərə" deyir.

 

Bundan cuşə gələn pəhlivanlardan biri kolxoz sədrinə daha xoş görünmək üçün qəfil mismarlı taxtanın üstünə uzanır. Deyir yoldaş sədr, o UAZ-la üstümdən o yan bu yana keç. 


Kolxoz sədri pəhlivanı gözündə o qədər böyüdür ki, tərəddüd etmədən sürücüyə "sür" əmri verir. Yazıq sürücü maşını arxaya verib pəhlivanın sinəsinin üstə çıxarar-çıxarmaz qıy düşür. 


Pəhlivanın cır səsli köməkçisi "ayə öldü, öldü, öldü..." deyib, dizlərinə döyür. Kolxoz sədri bir də baxır ki, maşının ağırlığından pəhlivanın gözləri yerindən çıxır, artıq son nəfəsini verir.

 

Tərs kimi sürücü də qorxusundan maşını o vəziyyətdə saxlayıb, pampıq tarlasına qaçır. Nəsə. camaat maşının altından bu pəhlivanı bir təhər çıxarıb xəstəxanaya çatdırır. 5-6 qabırğası və sinə sümüyü sınan, kürəyinə 7-8 mismar batan pəhlivanı Allah saxlayır.

 

O, deyəsən uzun aylardan sonra alayarımçıq sağalır. Ancaq elə həmin günü katib kolxoz sədrini işdən qovur, sürücünü isə həbs etdirir, ona neçə il iş kəsirlər...

 

P.S. İndi mənə çox maraqlıdır, qış olimpiadasında bismillah eləməmiş ayağı sürüşən o Patrik adlı "kolxoznik"ə bir ətək pul tökənlərdən cəzalanan olmayacaq?

 

Fazil Əhməd

Tarix: 24 Fevral 16:36    Oxunub: 363    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.