“Buna görə başqasından yox, Ayxan Abbasovdan üzr istəyirəm”

Hesabat turu səs-küylü alındı.

 

Sportinfo.az xəbər verir ki, turun iki prinsipial qarşılaşması adına layiq keçdi ki, bir çox xoşagəlməz hallar diqqəti çəkdi.

 

“Sumqayıt” – “Neftçi” matçında İnqilab Məmmədovun qonaqların qapısına yanlış penalti təyin etməsi, Samir Abasovun texniki zonadan qovulması, Ehtiram Şahverdiyevin atasının “Neftçi”nin futbolçularını söyməsi və həmin hadisənin sonunda Rəşad Sadiqovun söyüş söydüyünə görə meydandan qovulması Sumqayıtdakı oyuna rəng qatdı.


Qəbələdə də xeyli səs-küy qopdu. “Qəbələ” – “Zirə” görüşündə Roman Qriqorçukun köməkçisi Sənan Qurbanovun tribunaya göndərilməsi, qarşılaşma başa çatandan sonra iki komandanın futbolçuları arasında yaşanan qalmaqal, “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun meydan sahiblərinin müdafiəçisi tərəfindən vurulması ciddi ajiotaja səbəb oldu.

 

Daha bir məqamı Ayxan bəy mətbuat konfransında qabartdı. Futbolçularla bağlı insidentdən danışarkən, Ruslan Qurbanovun oyunboyu söyüş söyməsini dilə gətirməsi ciddi siqnal idi.


Qurbanovu onsuz da çılğın futbolçu kimi tanıyırıq. Belədə Abbasovun milli üzvünün ünvanına səsləndirdiyi fikirlər təəccüblü görünə bilməz. Bir tərəfi dinləyiriksə, digər tərəfin də fikirlərinə yer verməliyik. Odu ki, Ruslan Qurbanovu arayıb, nələrin baş verdiyini öz dilindən eşitmək istədik.

 

“Qəbələ”nin futbolçusu olayı nəql etməklə yanaşı, Sadio Tounkaranın bilərəkdən ona yetirdiyi xəsarətin şəklini də çəkib göndərdi: “Tounkara meydana daxil olan kimi bilərəkdən yan əzələmə vurdu. İndiyə qədər də həmin yerdən qan gəlir.

 

Hər halda özüm də futbolçuyam, təsadüfən yetirilən xəsarətlə bilərəkdən vurulan zərbəni ayırd edə bilirəm. Bundan az sonra yenə bilərəkdən, bu dəfə topuğumu tapdadı. Yaxınlaşıb ingilis dilində ondan ehtiyatlı oynamağı xahiş etdim. O isə cavabında mənə söyüş söydü.

 

Söyüşü eşidəndən sonra ona beşqat artıq cavab qaytardım. Ola bilsin, Ayxan müəllim həmin söyüşü eşidib və onu nəzərdə tutub. O məndən yaşda da, vəzifədə də böyükdü. Buna görə başqasından yox, sırf Ayxan Abbasovdan üzr istəyirəm.

 

Yenə deyirəm ki, vəziyyəti bu həddə Tounkara çatdırdı. Bilirdi ki, sarı vərəqəm var, mən də xaraktercə çılğınam. Bilərəkdən ayağıma vururdu ki, onun təxribatına uyub mən də onu vurum. Mən isə buna getmədim, əsəblərimi cilovladım. Sadəcə, söyüşünə söyüşlə cavab verdim.

 

Ayxan müəllimin dediklərindən sonra hamı məni günahkar bilir. Halbuki mən heç də oyunboyu söyüş söyməmişəm. Elə etsəydim, ilk növbədə Roman Qriqorçuk mənə xəbərdarlıq edərdi. Videoçəkiliş var, baxsınlar və sübut etsinlər ki, harda əvvəldən sona qədər söyüş söymüşəm.

 

Uşaq deyiləm və yaxşı bilirəm ki, qarşılaşma canlı yayınlanır. Hər dəfə söyüş söysəm, epizodların birində kadra düşəcək. Bu da milli üzvünə başucalığı gətirmir.

 

Yenə deyirəm, məni bilərəkdən vuran, bu azmış kimi üzümə söyən Tounkaraya bir dəfə o şəkildə cavab qaytarmışam, vəssalam. Yaxşı olar ki, Ayxan Abbasov Tounkaranın etdiklərinə və dediklərinə də baxsın. Özü də futbolçu olub, onda məni başa düşər”.

Tarix: 23 Fevral 19:36    Oxunub: 619    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.