"Səbail" rəhbərliyi Samir Əliyevi bax bu cür "sındırır"!

«Səbail» rəhbərliyi məşqçi və futbolçulara sonuncu xəbərdarlığını edib.

 

Buna əsasən, heç kim mətbuat xidmətinndən icazə almadan mətbuatla ünsiyyətə girə, sorğu-suala cavab verə, sosial şəbəkədə klub haqqında heç nə yaza bilməz.

 

Qadağanı pozanlar böyük məbləğdə cərimələnəcək, bu hal növbəti dəfə təkrarlandığı halda, barəsində daha sərt ölçü götürüləcək.


Futbolçuları və işçiləri başa düşdük, olsun. Digər klublarda da vəziyyət aşağı-yuxarı eynidi. Bəzən görürsən ki, «x» bir oyunçu meydanda və ya ondan kənarda hansısa hərəkəti, davranışı, əməli ilə gündəmə gəlir. Yaxud oyunu ilə diqqəti özünə cəlb edir, marağa səbəb olur, danışdıranda isə elə ifadələr işlədir ki… Həm özünün, həm də məxsus olduğu klubun ziyanına. Belə faktlarla, hadisələrlə az qarşılaşmamışıq. 


Qurban Qurbanovu götürək. «Qarabağ» istəyir qələbə qazansın, istəyir məğlub olsun - futbolçularda eyofriya yarananda və ya ruh düşkünlüyüünü hiss edəndə, media və komanda üzvlərinin arasına dəmir hasar çəkir. Rəşad Sadıqovla Qara Qarayevdən savayı bir nəfərə icazə vermir ki, mətbuatla kontakta meyl etsin. O dəqiqə «qırmızı işıq» yanır: olmaz, keç otur yerində. 


«Səbail»in məşqçilərini bu sistemə daxil etməsi isə… Sadəcə, biabırçılıqdı, gülməlidi! Samir Əliyevin yerinə olsam, bu qadağadan sonra 1 dəqiqə də olsun qalmaram, qnapını çırpıb gedərəm. İşi ni itirməkdən qorxur?

 

Allah kəssin belə işləməyi, pul qazanmağı!

 

Olmasın «Səbail», dünya dağılacaq? Yoxsa başqşa iş tapmayacaq? Tapmasın heç… Guya nə qazanır ki? Vaxt var idi, Əliyev həmin pulu 1 günə qazanırdı. Yoxdu, yoxdu da... Adı var, sanı var. Nə gözükölgəli əməli var ki, rəhbərlik nə deyir, hamısıyla razılaşır? Bu, kluba hörmətdisə, özünəhörmət necə olsun bəs?


Təsəvvür edin, Qurban Qurbanova, Roman Qriqorçuka, Tərlan Əhəmdova zəng vurmusuz, dəstəyi qaldırır, sual vermək istəyirsiz, qayıdıb sizə deyir ki, «one minut», qoy, mətbuat xidmətinə zəng vurub icazə alım… Dünyasında ola bilməz!

 

Ona görə yox ki, klub-media münasibətlərinin sərhədlərindən xəbərsizdilər, yaxud press-ateşeni saymırlar. Subardinasiya və status əsasdı, o üzdən. Ayxan Abbasovla Samir Abasov belə eləmir heç, Samir Əliyev nə vaxtdan ipə-sapan yatan, pultla idarə edilən olub? İcazəylə işləyən məşqçiləri Almaniyada muzeyə eksponat əvəzi qoyurlar indi. Bilmirik, bəlkə də Samir bəyin ürəyindən o tərəflərdə yaşamaq keçir. 


«Səbail» mətbuat xidmətinin rəhbəri Törə Əhmədovadı. Diqqətcil və hörmətcil xanımdı. Bizim ona iradımız yoxdu, Əhmədova öz işini görür. Klub başbilənlərini də suçlamırıq. Futboldan başqa hər şeydən başları çıxır, onları qeyri-peşəkarlıqda, məşqçini aşağılan qərar verməkdə ittiham etmək yersizdi.

 

Bilmirlər, bu sahədə təsadüfi adamlardı, yerlərinin səhv düşməsini bir gün anlaycaq, onlar da yavaşca sivişib aradan çıxacaqlar.

 

Sözümüz Samir Əliyevədi - adam özü-özünü bu qədər aşağılayarmı? Bəlkə su başına çıxanda da gedib icazə alasan? 


MUSA

Tarix: 23 Fevral 16:36    Oxunub: 750    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.