Firuz Abdulla: "DÇ-na jurnalist adıyla Elxan Məmmədovun yaxın adamları getmir”

Yayda Rusiyada keçiriləcək dünya çempionatına marağın yüksək səviyyədə olması mütləqdi.

 

Təkcə azarkeşlər yox, jurnalistlər də mundialda yaxından iştirak etməyə səy göstərir. Bu da başadüşüləndi.

 

Həmkarlarımız bütün oyunları pulsuz izləmək imkanına sahib olmaqdan başqa, həm də dünyanın ulduz futbolçularını yaxından görmək, onlarla həmsöhbət olmaq şansı qazanacaq. Bu isə ürəyi Rusiyada olmaq istəyən hər jurnalistə şamil edilmir.


Sportinfo.az xəbər verir ki, təşkilatçılar müxtəlif ölkələrin federasiyalarına məhdud sayda yer ayırıb.

 

Bəribaşdan qeyd edək ki, Azərbaycana, dəqiq desək, AFFA-ya ayrılan kvota cəmi 3 nəfər üçün nəzərdə tutulub. İkisi yazılı mətbuatdan olmalıdı, biri isə fotoqraf. Mundialda iştirak edib reportaj hazırlamaq istəyənlərin say çoxluğunu nəzərə alsaq, əlbəttə, 3 yer olduqca azdı. Mövzuya toxunmağımızın səbəbi var.

 


Hazırda prosport.az saytına rəhbərlik edən Səbuhi Musayev də dünya çempionatının dadını-duzunu canlı görmək istəyənlərdən olub. Hətta o bununla bağlı dekabrda AFFA-ya müraciət edib.

 

Qurumdan ona məsələnin yaxın günlərdə həll olunacağını və Rusiyaya yollanmaqla bağlı problemin olmayacağı bildirilsə də, Musayev sonda “yox” cavabını eşidib. Həmkarımızın gümanlarına görə, qeydiyyatdan keçən 3 azərbaycanlıdan heç biri idman jurnalisti deyil.

 

Yəni kiminsə yaxın adamlarıdı, sadəcə, jurnalist adı altında Putinin vətəninə gəzməyə gedir. Bunu da onunla əlaqələndirib ki, akkreditasiyadan keçmək üçün vaxtında müraciət etsə də, sonda ona yer ayrılmayıb.


Təbii, kifayət qədər maraqlı mövzudu. Artıq mundiala hansı jurnalistlərin gedəcəyi bəlli olsa da, bununla bağlı hər hansı məlumat, yaxud açıqlama yoxdu. Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı aradıq (Futbol+).

 

İlk sualımız etiraz edən həmkarımızla bağlı oldu: “Səbuhi Musayev bizə müraciət edən dönəmdə FİFA-nın sistemində problem vardı. Akkreditasiya məsələsi bir az vaxt aparan prosesdi, müxtəlif bölmələrdən keçməlisən.

 

Bizə cəmi 3 yer ayrılıb: ikisi yazılı mətbuatın nümayəndəsi ola bilər, biri də fotoqraf. Qeydiyyat səhifəsinə daxil olmaq üçün FİFA qurumlara parol göndərir, necə ki, bizə göndərilmişdi. Parolu düz qeyd etsək də, nədənsə bir həftəyə yaxın səhifəyə daxil ola bilmədik. Müəyyən ləngimələr oldu. Ləngimə bizim səhvimizdən yox, sırf texniki problemlərə görə olduğundan, FİFA akkreditasiya müddətinin yanvarın sonunda başa çatmasına baxmayaraq, bizə əlavə müddət verdi.

 

Hazırda proseslər yekun mərhələyə çatıb. Odu ki, mundiala Səbuhi Musayevin iddia etdiyi kimi jurnalist adıyla Elxan Məmmədovun, yaxud AFFA rəsmilərinin yaxın adamları getmir. Bu həftənin sonuna qədər FİFA-dan bizə yekun siyahı gəlməlidi. Onda adlar açıqlanacaq və həmin jurnalistlərin kimliyini hamı biləcək. Yubanmanın səbəbi də az öncə dediyim kimi, FİFA-nın rəsmi səhifəsindəki qüsurlara görədi”.


Hər şey Səbuhi Musayevin iddia etdiyi kimi deyilsə, o zaman kimdi həmin jurnalistlər? Firuz bəylə söhbətdə bu suala cavab tapmaq üçün xeyli səy göstərsək də, AFFA rəsmisi ad açıqlamadı. Bunu da yekun siyahının gəlməməsi ilə əlaqələndirdi:

 

“FİFA təsdiqləsin, sonra ad açıqlayacam, heç bir problem yoxdu. Akkreditasiyadan keçən jurnalistlərdən birinin çalışdığı saytın baş redaktoru mənə müraciət edərək, bu haqda saytlarında xəbər yerləşdirmək istədiyini bildirəndə, qarşı çıxdım.

 

Ali qurumdan rəsmi təsdiq məktubu gəlmədən ad açıqlamaq heç bir halda düzgün deyil. Problem yoxdu, ipucu verə bilərəm. Biri sırf idman saytının əməkdaşıdı, tanıdığınız şəxsdi. Digəri isə ölkənin ən nüfuzlu saytlarından birinin idman bölməsinin əməkdaşıdı. Bu iki şəxs Səbuhi Musayevdən və başqalarından daha öncə müraciət etmişdi.

 

Bizə cəmi iki yer ayrıldığına görə ən kiçik detalları nəzərə almışıq. Həmin sayt üzvlərinin dünya çempionatında hansı şəkildə təmsil oluna biləcəkləri, futbola ayırdıqları diqqət, jurnalistin mundialda işləmək bacarığı və təcrübəsi, rus dili biliyi, həmin saytın reytinqi – bütün bunlar nəzərə alınaraq qərar verilib. Müraciət edənlər çoxdu, hamıya akkreditasiya verilə bilməz axı. Bizə cəmi üç yer ayrılıb”.

Tarix: 23 Fevral 14:12    Oxunub: 243    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.