"Çəkindiyim adam... Ona görə hətta ailə üzvlərimlə az görüşürəm"

Sportinfo.az xəbər verir ki, martda Almaniyada təşkil olunacaq şahmat tacına İddiaçılar Turnirində ölkəmizi təmsil edəcək

 

Azərbaycanyığmasının lideri Şəhriyar Məmmədyarov mötəbər yarışa hazırlıqla bağlı suallara cavab verib. 

:

Martın 10-da Berlində şahmat tacına İddiaçıların Turnirinə start veriləcək. Mötəbər yarışa necə hazırlaşırsız?

- Veyk-An-Zee superturnirində iştirakla bağlı hazırlığa gec başladım. Bununla belə məşqlər plan üzrə davam edir. İddiaçılar Turnirinə hazırlıqdan razıyam. Berlindən əvvəl Rusiyada bir yarışda iştirak edəcəm. Martın ilk günlərində Moskvada Mixail Talın xatirə turniri olacaq. İddiaçılar Turnirində iştirak edən əksər rəqiblər Moskvada da çıxış edəcək. Rusiya paytaxında rapid, blits üzrə mübarizə olacaq.

 

İddiaçılar Turnirinə hazırlıq dövründə hansı şahmatçı və ya məşqçilərlə işləyirsiz?

- Komanda üzvlərimi açıqlamaq istəməzdim. Mötəbər yarış ərəfəsində adətən bütün şahmatçılar komanda üzvlərini geniş ictimaiyyətə açıqlamır. Əsas məqsəd İddiaçılar Turnirində layiqli çıxış etməkdir.

 

Bu sizin İddiaçılar Turnirində üçüncü çıxışınız olacaq. Demək olar ki, Məmmədyarov belə turnirlərdə kifayət qədər təcrübəyə malikdir...

- Təcrübə baxımdan problem olmalı deyil. İlk dəfə İddiaçılar Turnirində çıxış edəndə tam fərqli idim. İndi Berlində tamam başqa Şəhriyar olacaq. Məqsədim Berlində uğur qazanmaqdır. 2017-ci il mənim üçün unudulmaz qələbələrlə yadda qaldı. 2018-ci ildə də hamını sevindirmək istəyirəm.

 

Artıq püşk atılıb. İddiaçılar Turnirində ilk rəqibin Sergey Karyakin olacaq. Son turda isə Vladimir Kramniklə qarşılaşacaqsan. Püşkü necə dəyərləndirirsiz?

- Əvvəldə ya sonda bütün şahmatçılar bir-biriylə qarşılaşacaq. Ona görə o qədər fərq etmir. Sözsüz Karyakinlə başlamağım maraqlı olacaq. İddiaçılar Turnirinin son qalibidir. Sergey dünyanın güclü şahmatçıların biridir. Onunla dostluq münasibətlərim var. Üstəlik bildiyiniz kimi, çempionluq matçında Maqnus Karlsenə qarşı hazırlıq dönəmində Karyakinin komandasında olmuşam. Sergeyə kömək etmişəm. Bir-birimizi yaxşı tanıyırıq. Sadəcə Berlində hamı qələbə uğrunda yarışacaq. FİDE püşkü bilərəkdən 1 ay əvvəldən keçirir. Bütün şahmatçılar rəqiblərini tanıyır. Hərbir şahmatçı həmkarına açıq mübarizə aparacağını bildirir. Çünki Berlində hamı yarışın qalibi olmağa çalışacaq. Güzəştdən söhbət ola bilməz. Sergeylə dostluğumuz var, amma hər ikimiz açıq mübarizə aparacayıq. Berlində bir-birimizə rəqib olacayıq.

 

Berlində keçiriləcək İddiaçılar Turnirində hansı şahmatçıdan çəkinirsiz?

- Çəkindiyim şahmatçı Berlində olmayacaq. Söhbət Maqnus Karlsendən gedir.

 

Amma onunla ilin sonunda qarşılaşmaq üçün əla fürsət qazanmısız...

- İddiaçılar Turnirində məqsədim qalib olmaqdır. Bu yarışı udmaqla dünya çempionu Maqnus Karlsenlə matç oynamaq istəyirəm.

 

Mötəbər yarış ərəfəsində yəqin istirahətə vaxt olmur. Bütün diqqətin Berlindədir...

- Düz qeyd etdiniz. Bütün diqqətim Berlindəki yarışdadır. Ona görə hətta ailə üzvlərimlə az görüşürəm. Dostlarla demək olar ki, ünsiyyətimiz yoxdur. Gün ərzində ancaq məşqlərlə bağlı danışırıq. Ona görə hamının məni başa düşəcəyinə inanıram. Fürsətdən istifadə edərək İddiaçılar Turniri ərəfəsində mənə dəstək olan hər bir kəsə, dostlarıma eləcə də media nümayəndələrinə təşəkkür edirəm.

Tarix: 23 Fevral 13:24    Oxunub: 379    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.