"Kəpəz"i götürəndə, heç kimə söz verməmişəm ki, nəticə qazanacam"

«Mən nə «feysbuk»da varam, nə də başqa sosial şəbəkələrdə. Belə şeylərdən uzağam» -

 

«Kəpəz»in baş məşqçisi Yunis Hüseynov Sportinfo.az-a açıqlamasında belə deyib.


Gəncə klubunun bəzi azarkeşləri son günlər yeni tələblə çıxış edib. Onlar qış fasiləsindən qayıdan komandanın Premyer Liqanın axır 2 turundakı məğlubiyyəti ilə barışmır.

 

«Neftçi»yə səfərdə, «Keşlə»yə evdə 0:1 hesabıyla uduzan «Kəpəz»in növbəti dəfə baş məşqçisini dəyişməli olduğunu bildirirlər. Sosial şəbəkədə aparılan təbliğat sırf bu yöndədi – Hüseynov istefaya getməlidi.

 

Və çağırışlar səslənir ki, komanda növbəti tur «Qarabağ»a uduzsa, stadionda bu şüarı səsləndirəcək və bunu daha sonra hesabat həftələrində də davam etdirəcəklər.


Yunis bəyin buna reaksiyası ilə tanış olaq: «Mən komandanı götürəndə, heç kimə söz verməmişəm ki, filan nəticəni qazanacam. Bunu Gəncədə və Bakıda azarkeşlərlə görüşəndə də özlərinə demişəm.

 

Yalnız ona söz vermişəm ki, komandanı düzəldəcəm və sizə gözəl futbol izlətdirəcəm. Başqa heç nə söz verməmişəm. Özünüz də görürsüz ki, «Kəpəz» həqiqətən yaxşı oyun göstərir. Bəxtimiz gətirmədi, «Neftçi» ilə «Keşlə»yə uduzduq.

 

«Keşlə», ümummiyətlə, Gəncəyə 1 xal üçün gəlmişdi, udacaqlarını heç özləri də gözləmirdi. Futbolçularda istək var, mən bunu görürəm.

 

Gəl ki, komanda çempionatın əvvəlindən bu tərəfə o qədər uduzub ki… Həddindən artıq çox. Ona görə də məğlub psixologiyasını hələ tamamilə başlarından ata bilməyiblər.

 

Bizə 1 qələbə lazımdı, vəssalam! O oyunu uduruq, inşallah, ondan sonra «Kəpəz» bir-birinin ardınca öz xallarını yığacaq. Dediyimə arxayın olun. Mən bu komandanı qış fasiləsində yığmışam. «Kəpəz»ə ondan əvvəl gəlsəm də, həmin vaxtı saymayaq. Çünki o heyəti mən yığmamışdım.

 

Siz son 2 oyundan hesablayın mənim gəlməyimi. Bu iki oyuna görə qiymət vermək çox tezdi. Demişəm və yenə deyirəm – mən «Kəpəz»i düzəldəcəm. Məni o sevindirir ki, oyunumuz var. Buna nail olmuşuq, qalıb nəticə. Allah qoysa, ona da nail olacağıq.

 

Yeni yığılan komandaya bir az vaxt verərlər. Azarkeşlərin fikirlərinə hörmətlə yanaşıram və onlar «Kəpəz»dən nəticə istəməkdə haqlıdı. İstefamı istəyən insanlara heç nə deyə bilmərəm. Hərənin öz baxışı var. Məşqçinin əşyaları həmişə yanında olmalıdı, çünki istənilən an gedə bilər.

 

Deyirəm ki, mayadək komandanı düzəldək, yayda daha güclü heyət yığarıq və növbəti çempionatda iddialılardan biri olaraq. Yayda əksər futbolçuların öz klubları ilə müqaviləsi qurtarır, onda rahatdı transfer etmək. Qışda birini tapırsan, beşini tapmırsan…

 

Klub rəhbərliyi ilə sıx təmasdayam. Görüşürük, oyunları müzakir edirik. Hələlik qələbə qazanmasaq da, komandadan narazılıq eləmirlər. Görürlər ki, futbolçuların çoxu yenidi, təzə-təzə işə başlamışıq. «Kəpəz»i axırıncı yerdən qaldırmağı biz özümüz çox istyəirik. Çünki axırda gedəsi heyət deyilik». 

Tarix: 22 Fevral 20:36    Oxunub: 524    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.