"Zaqatala" həbsdən çıxan Nicat Muxtarovu futbola qaytardı

Kabel oğurluğunda təqsirləndirilərək həbs edilən Nicat Muxtarov futbola qayıdıb.

 

Yarımmüdafiəçi özünə yeni klub tapıb.  "Sumqayıt"dan ayrılan gənc oyunçu birinci divizionda mübarizə aparan "Zaqatala"da çıxış edir. Adı əyalət klubunun Peşəkar Futbol Liqasına verdiyi sifariş ərizəsində də yer alıb. 

 

N.Muxtarovun sentyabrın 9-da və 15-də Sumqayıt Telekommunikasiya Qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən qrupun tərkibində olduğu güman edilir. 


Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev saxlanılıblar.


Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyənləşib. 


Nicat Muxtarovun günahı sübut olunmadı. Onun bu gün yenidən futbol oynaması göstərir ki, əslində, «qurunun odna yaş da yanıb» və nə olubsa, onluq olmayıb.


Həyatda bir yaxşılıq qalır, bir də yamanlıq. Nicatı futboldan yayındıran səbəblər var idi və yəqin ki, Samir Abasov günlərin birində etdiyi hərəkətin yanlışlığını anlayacaq.


Ötən mövsümün final bölümündə «Zirə» ilə 1:1 bitən matçdan sonra Əliyar Ağayevi təhqir etməkdə suçlanan yarımmüdafiəçiyə AFFA-nın Nizam İntizam Komitəsi 3200 manat məbləğində cərimə kəsmişdi.

 

Abasov futbolçuya həmin cəriməni ödəmədiyi müddətdə məşqə çıxmaq qadağası qoyması yersiz və absurd idi. Dərin düşüncəli baş hakim belə səhvə yol verməməliydi. O, arada körpü olmalıydı, elə edə bilərdi ki, Nicat futboldan məcburi surətdə uzaq düşməsin.

 

Heç nə yox, rəhbərliyi inandırmalıydı ki, cəriməni AFFA-ya klub özü ödəsin, həmin məbləğ isə hissə-hissə Muxtarovun maaşından tutulsun. Baltanı ağacın kökündən vurmaq asandı, ağıllı o kəslərə deyirlər ki,  qan və nifaq söhbətini bağlayır, orta yol tutur, belədə isə nə şiş yanır, nə kabab. Abasov yaxasını kənara çəkməklə, gənc və istedadlı futbolçunu odun içinə atdı, məcbur etdi ki, başqa şeylər barədə fikirləşsin.


Vallah, yenə də sağ olsun «Zaqatala»nın prezidenti Musa Qurbanov və baş məşqçiləri Rüstəm Məmmədov!

 

Nicatı təkrar sevimli peşəsinə qaytarmaqla, ona inanmaqla ölənlərinə rəhmət apardılar. «Zaqatala» I Divizionun autsayderi olsa da, yeganə klub oldu ki, bu çətin vaxtında Muxtarova qahmar çıxdı,  yaşıl sahələrdən birdəfəlik silinməsinə göz yummadılar.

 

Başqaları qorxdu, Abasovun yolunu getdi. Muxtarovun perspektivinin batması heç kimi qayğılandırmadı. Hər ürsətdə sinəsinə döyən, «mən heç kimdən çəkinmirəm» söyləyən məşqçiləri də.


Nicatın gələcəyi var. Ən azı, 6-7 üst səviyyədə oynaya bilər. Bütün qapıları belə tezliklə üzünə bağlamaq, üstündən çalın-çarpaz xətt çəkmək olmazdı.

 

Allahın işini nə bilmək olar, bəlkə Nicat qısa bir müddət sonra öz futboluyla adından söz etdirəcək, milliyə dəvət alacaqdı? Onda hansı sifətlə önünə çıxacaq, gözlərinin içinə baxacaqdız? Axı bu potensial var Nicatda.

 

Yox idisə, «Rəvan» və «Sumqayıt»ın heyətində «Qarabağ»a qarşı sərgilədiyi futbolu niyə dördgözlə, acıgözlüklə izləyirdiz? Hərə bir tərəfdən ayağına düşmüşdü ki, sən kimi çox istəyirsən, bizim kluba gəl. Gəldi də, siz neylədiz?

 

Altı ay 6 futbolsuz qoyduz, müqaviləsini dondurduz, maaşını vermədiz. Halbuki müqaviləsi davam edən futbolçunun məşqə buraxılmamasının özü qanunrsuzluq idi. Özünüzü təmizə çıxarmaq üçün Nicatın kölgəsindən belə qorxduz!


Adamın yaxşı günündə yanında olmağa nə var ki? Ərsən, ərənsən, mərdsən, adamın pis günündə yanında dur, kömək əlini uzat! İnsanlıq başqa şeydi, bunu öyrənmək istəyən Musa Qurbanovla Rüstəm Məmmədovun qəbuluna yazılsın, baxsın, götürsün.

 

Düzdü, bu, içdən gələn keyfiyyətdi, quyuya su tökməklə quyu sulu olmur. Ancaq yenə də… Canlı vicdan abidələri göz qabağındadı. Qabaqlarında baş əyin, vicdansız biqələmunlar!


Xəzər Hikmət

 

 
Tarix: 22 Fevral 15:00    Oxunub: 562    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.