"Allaha şükür, o qədər pulumuz var ki, heç xərcləyib qurtara bilmirik"

“Dədə, hardasan? Gəl, nəşriyyatın qabağına, mən də düşürəm”.

 

Növbəti zəngində elə mən də “Azərbaycan” nəşriyyatına yetişməkdəydim. 1998-ci ildə məhz bu ünvanda - onunla ilk görüşümüz isə mən hərbi xidmətdəykən olmuşdu - görüşmüşdük.

 

Ordan-buradan danışıb dərdləşmişdik, sonra da jurnalistika sahəsində çalışmağım üçün “Ədalət” qəzetinə dəvət almışdım...

 

Elə bu düşüncələrdəykən həmsöhbətim - Milli Məclisin deputatı, “Ədalət” qəzetinin sahibi Aqil Abbas qapıda göründü. Salamlaşan kimi “Mehman gəlsə, söhbətimizə mane olmaz ki?” “Qətiyyən” deyəndə zəng edir dostuna.

 

Dəyərli qələm adamlarından olan, amma xeyli müddətdir mediada görünməyən Mehman Cavadoğlu ilə görüşüb, onun sayəsində Badamdara - mənzilbaşına yetişirik. Kəklikotulu çay gələnədək “vaxtı itirməyək” deyib, söhbətimizə başlayırıq:

 

Aqil bəy, görüşümüz bazar günü olmalıydı, leysan yağış imkan vermədi. Amma siz o leysanda “Qarabağ” - "Səbael" oyununa baxmağa getdiniz. Bu, futbol sevgisidir, yoxsa...

- Sənə bir şey deyim. Mənim ən çox incidiyim nədir? Xüsusən öz qarabağlılarıma, o cümlədən qəbələlilərə deyirəm: qardaş, çıxırıq “Qarabağ!" olsun!" Sən “Qarabağ” çığırırsan, amma “Qarabağ”ın oyununa gəlmirsən. Düzdü, “Qarabağ” - "Atletiko" oyununa 67 min azarkeş gəlir, ya “Çelsi”nin. Deməli, onların heç biri “Qarabağ”ın azarkeşi deyil. Onlar gəlmişdilər “Çelsi”, “Atletiko”, “Roma”nın oyununa baxmağa. Yaxşı, bu gün “Qarabağ” oynayanda niyə gəlmirsən?! Deməli, görüntü yaradırsan. Bu, məni əsəbləşdirir, dədə! Olmaz belə! Əgər sən Bakıda 4 milyon adam yaşayır, əgər bunun 5 mini futbola gəlmirsə, Azərbaycan futbolu olmayacaq. Heç vaxt olmayacaq! Yaxud Bakıda heç olmasa 20 min ağdamlı var... Hər şeyi atdım qırağa ha, öz ağdamlılarımı günahkar sayıram. 20 min ağdamlı var, niyə gəlmirsiniz futbola, qardaş?! Hə?

 

Deyəcəklər bu qədər dərd-sərimiz var, futbol vaxtıdır?

- (Əsəbi halda) Hansı dərdləri? Domino, şahmat oynayanda dərd çıxır yaddan? Dərdimiz var, o cümlədən biri mən-ev-eşiyi yanan. O nə deməkdi, “dərdimiz var, problemimiz var”. Əlində min dollarlıq telefon gəzdirirsən. Problemin varsa... Bax, mənim telefonum 60 manat olmaz. 6 ildir işlədirəm (köhnə, heç kamerası belə olmayan telefonu göstərir)

 

Yəni başqa telefonunuz yoxdu?

- Yoxdur. Pulum da var. Neynirəm ki? Telefon onunçündür ki, “Mehman, nə təhərsən? Gəl, filan yerə. Ya Elşad, salaməleyküm”. Futboldan danışırdıq, niyə gəlmirsən futbola? Bazar günü futbolda olanda, orda fanatlar var: “Ordu Qarabağ”, “Allahverdi Qarabağ” da deyilir, “Qarabağ boys” (boys-oğlanlar), “İmarət Qarabağ”. Hamısı cavan uşaqlar. Qışqırırlar orda. Allahverdi Bağırovu sevirsən, onun yaratdığı komandanın oyununa niyə gəlmirsən, qardaş, onu mənə de, görüm! Sənin Allahverdiyə, Qarabağa hörmətin budur? Gəl də! Niyə “Neftçi”nin, “Sumqayıt”ın oyununa gəlmirsən? Bayılın ortasında futbol gedir, 100 azarkeş gəlir “Səbayel”in oyununa. Məhəllənin içi, özü də pulsuzdur, niyə gəlmirsən? Əgər futbola azarkeş gəlmirsə, elə bil teatr göstərirlər, zalda da tamaşaçı yoxdur. O halda aktyor oynaya bilərmi? Oynamaz!

 

Oyunu haradan izlədiz, VİP-dən?

- Mən gedib tamaşaçılarla 20-25 dəqiqə birgə izlədim. Amma ordan meydan tam görünmürdü. Özü də heç kəsə deməmiş getmişdim. Sonra “Qarabağ”ın rəhbərliyi bildi ki, mən ordayam, dedilər “VİP-ə gəl”. Getdim, ordan daha gözəl görünürdü.          

 

"Qarabağ" Çempionlar Liqasındakı uğurunu təkrarlaya biləcək?

- Biləcək. Azərbaycanda, dədə, futbol qurtarıb. Qalıb “Qəbələ”, “Neftçi”, bir də “Zirə” ilə “Sumqayıt” kimi cavan komandalar. “Səbael” də gözəl oynadı. Amma onlar çempionluq uğrunda oynayan komanda deyil, milli komandaya futbolçu yetişdirmək üçündür.

 

Azərbaycan üçün cəmi 8 komanda az deyilmi?

- Biabırçılıqdır! Ən azı 16 komanda olmalıdır.

 

Səbəb nədi, pulsuzluqmu?

- Yox. Allaha şükür, o qədər pulumuz var ki, heç xərcləyib qurtara bilmirik. Bunun səbəbi AFFA-nın düzgün siyasət yeritməməsidir. Mən futbolu bilirəm də, prezidenti də, fəxri-prezidenti də olmuşam. 1993-dən üzü bəri, “Azərsun”a keçənə qədər.

 

İndi niyə AFFA-da təmsil olunmursunuz?

- AFFA məni çox istəyir. Rövnəq müəllimlə çox ciddi söhbətlərimiz olub. O, çox istəyir k, futbol inkişaf etsin, pul da buraxır. Siz bilmirsiniz, “Səbayel”i də, “Sumqayıt”ı da, “Zirə”ni də, “Keşlə”ni də saxlayan SOCAR-dır. “Qəbələ” ilə “Qarabağ”dan başqa. Amma bu gedişlə futbolda inkişaf olmayacaq, dədə. Niyə? Əgər Ağdam, Ağcabədi, Yevlaxda futbol yoxdursa, futbol inkişaf edə bilməz. Azərbaycan Çempionatına Tovuzun “Turan”ı çıxmalı idi, amma çıxmadı. Tovuzda ömrü boyu futbol olub ha... Orda 100 ildir futbol var. Gəldi “Səbayel” çıxdı. Onların pulu olmadı çıxmağa. Mən də o vaxt yazdım ki, olmayan Ağdam “Qarabağ”ı saxladı, olan Tovuz komandasını saxlaya bilmədi. Tovuzda 100 dənə milyoner var, niyə komandanı saxlamadılar? Futboldan danışdıqsa, bir şey də deyim. O gün baxıram ki, “Neftçi”nin prezidentini çıxarıb göndəriblər “Sumqayıt”a, onun prezidentini də “Neftçi”yə göndəriblər. Dünyada belə bir şey yoxdu e, dədə! Bütün dünyada bu məsələləri klubun üzvlərinin seçdiyi rəhbərlik həll edir. Hətta Ərdoğan nə qədər çalışdısa, “Fənərbaxça”nın prezidentini işdən çıxartdıra bilmədi, çünki onu klub seçib, sən kimsən, məni işdən çıxardırsan? Klub seçir. Deməli, bizdə klub yox, komandadır.

 

Bir dəfə oxumuşdum: Ağdamdan köçkün düşən uzunömürlü nənəyə nəvəsi gəlib ki, “bilirsən nə olub?” Ağbirçək tez qayıdıb ki, “Ağdam qayıdıb?”

- "Dolu"dan olmuş bir əhvalatı deyim. Türkiyə bir dəfə çempionatda 3-cü yeri tutdu axı... Pələngin anası yerdə xəstə yatır, görür çöldə bayramdır, top atan, fişəng atan kim. Tez yüyürür çölə ki, “nə oldu, Qarabağı qaytardılar?” Deyirlər, yox e, Türkiyə üçüncü yeri tutub. Qayıdır ki, Allah başınıza daş salsın! Qarabağdan ən çox tədqiqat işi aparan jurnalist Vasif Quliyevin bibisi Qəmər... Xan əminin yazdığı mahnı var: “Ay Qəmərim, Qəmərim, gözəl Qəmərim, Qəmərim...” Vasifin bibiləri qəşəng olub, onlara da mahnılar qoşublar. Biri də Qərənfil bibisidir, ona da mahnı qoşulub. Qəməri mən görmüşdüm, dünya gözəliydi. Şuşa işğal olunanda 90 yaşı olardı. Hamı Şuşadan çıxır. Vasifgil də hörmətli nəsildir, oğlanları nə qədər edir, Qəməri çıxarda bilməyib. Benzin qabını götürüb əlinə ki, yaxın dursanız, üstümə töküb yandıracağam. A bala, mən indən belə hara gedim? Vasif Quliyevin bibisi Qəmər çıxmadı, qaldı Şuşada. Təbii ki, ermənilər öldürdülər (YM)... 

Tarix: 22 Fevral 12:36    Oxunub: 425    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.