Yığmanın eks baş məşqçisi yeni iş aldı, gözünü nazirin klubuna dikdi

19 yaşlılardan ibarət millinin keçmiş baş məşqçisi Təbriz Həsənovun yeni iş yeri bəllidi.

 

Uzun illər müxtəlif yaş qrupları üzrə yığmalarda çalışan və heç bir nəticə qazana bilməyən «Snikers Təbriz» artıq «Vətən»in baş koordinatorudu.

 

Təhsil Nazirliyinin balansında olan idman mərkəzinin direktoru Mustafa Həsənov öz səlahiyyətlərinin böyük hissəsini yaxın qohumuna verib. 


Əslində, bura «Snikers Təbriz» üçün müvəqqəti dayanacaqdı. «Vətən»in direktoru onu «Sabah»a – növbəti mövsümdən Premyer Liqada mübarizə aparması gözlənilən komandanın sükanı arxasına hazırlayır.


Arif Əsədovun çalışdırdığı kollektiv qış fasiləsində heyətini xeyli gücləndirib. Elita səviyyəsində bir çox futbolçular alınıb. Lakin debütant I Divizionda yeni ilə uğursuz start verib.

 

İlk turda «Xəzər»ə 0:3 hesabıyla məğlub olan «Sabah» hazırda turnir cədvəlinin 8-ci pilləsindədi. Vergilər naziri Mikayıl Cabbarovun kurasiyasındakı klub sabah 15-ci tur çərçivəsində «Turan-Tovuz»u qəbul edəcək.

 

Artıq bundan sonra istənilən uğursuz nəticə Əsədovun istefaya göndərilməsi ilə sonuclana bilər. Həsənovlar saman altından su yeritmək üzrə «ixtisaslaşıblar». «Vətən»in direktoru rəhbərlikdə birbaşa təmsil olunmasa da, bir əli «Sabah»ın içindədi.

 

Yığmanın sabiq çalışdırıcısı isə burda onun «sağ qolu»na çevrilməlidi. İkisi də bir yerdə «yaxşı işlər» görməkdən ötrü səbirsizləniblər. «Vətən»də qəşəng «praktika» toplayıblar.

 

T.Həsənov əvvəllər də «Vətən»in işçisi kimi ştatda yer alıb. Adı onun, dadı qohumunun olub. M.Həsənov bu müddətdə millinin eks baş məşqçisinin «ölü maaş» kartını öz cibində gəzdirib. İndi isə «Sabah» onlara gəl-gəl deyir.

 

İştahı dişinin altında olan M.Həsənov görür ki, Əsədov bu tələblərə «cavab vermir». Komandanın hazırkı sükançısından yalnız o narazı deyil. Rəhbərlikdə yer alan bəzi fiqurlar da yeni baş məşqçi gətirilməsi məsələsində «Vətən»in direktoru ilə həmfikirdi. Bu məqsədlə düşərgədə Əsədovun əleyhinə təbliğat aparılır və bu qüvvələr onunla futbolçuların arasını vuracaq söz-söhbətlər yayır, gərginlik yaradır. 

 

SPORTİNFO.AZ

Tarix: 22 Fevral 12:24    Oxunub: 575    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.