AFFA Ruslan Qurbanovu cəzalandırmaqdan qorxub? - VİDEO

Qalmaqallı «Qəbələ» - «Zirə» matçında (2:1) baş verənlərə dünən AFFA-nın İntizam Komitəsində baxıldı.

 

Yığıncaqda Premyer Liqanın XVI turunda yaşanan xoşagəlməz hallar müzakirə olundu və müvafiq qərarlar verildi.


“Qəbələ” – “Zirə” görüşündən sonra meydanda yaşananları araşdıran komitə müəyyən cəzalara ehtiyac duydu. Oyunun video yazısını izlədikdən sonra “Qəbələ”nin futbolçuları Qismət Alıyev və Cavid Hüseynov, “Zirə”nin üzvləri Riçard Qadze ilə Sadio Tounkara aqressiv hərəkətlərə yol verdiyini aşkarlayıb.

 

Bu səbəbdən futbolçular 2 oyun cəzalanıb, hər iki klub 3200 manat cərimələnib. “Zirə”nin baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyunluq kənarlaşdırılıb, klubunu 4000 manat ziyana salıb.

 

Ona verilmiş 5 oyun cəzanın 3-ü şərti tətbiq ediləcək və 6 ay sınaq müddəti veriləcək. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.


“Qəbələ” isə təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat ödəyəcək. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.


“Qırmızı-qaralar”ın məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, komandasını 800 manat xərcə salıb. Paytaxt təmsilçisi həm də 5 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimələnib.


Hər şeyi başa düşdük, bəs Ruslan Qurbanov? «Qəbələ»nin hücumçusu rəqibi söydüyünü gizlətmir, elə isə cəzadan necə yayınıb?

 

Bu, nətəhər olur, komitə Ayxan Abbasovun dəhlizdə təhqiramiz ifadələr güc verməsini aydınlaşdıra bilir, meydanın ortasında gözünü yumub, ağzını açan Qurbanovu görmür?

 

Hadisə səbəb və səbəbkardan qaynaqlanır. Çəkilişdən açıq-aydın görünür ki, olay Qadze ilə Qurbanovun söhbətindən «od götürüb».

 

«Zirə»nin hücumçusu cəza alırsa, Qurbanov niyə cəzasızlıq mükafatına layiq görülür? Göydən zənbillə enməyib ki…

 

Komitədə əyləşən o bəylər, doğrudanmı, Qəbələdəki qarşılaşmanın vtdeo yazısına baxıb? Şübhələnmişəm, bəlkə də onlara «Tomi və Ceri»nin mutfilmini izlədiblər.

 

Sədri Tofiq Fətullayev, üzvü Asim Xudiyev olan komitənin qərarları başqa kabinetlərdə verilir, onlar, sadəcə, gəlir, qol çəkir və gedir. Bu adamlar video yazını izləyibsə, necə ola bilər ki, insidentli olayların «fitil»ini Qadze ilə Qurbanovun çəkdiyini görməyiblər?

 

Belə lazımdı, hə? Ay xatakarlar, yeri gələndə ikiüzlülük də edə bilirsiz, deməli! Nədi, Qurbanov mili üzvüdü, milliləşdirilmişdi, AFFA rəhbərliyinə bir köynək daha yaxındı?

 

Haqq-ədalət hanı bəs? Onu kim qorusun? Adınızı İntizam Komitəsi qoymusuz, hər cür intizamsızlığı, ədalətsizliyi siz edirsiz elə!

 

VÜQAR

Tarix: 22 Fevral 11:36    Oxunub: 393    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.