Yunis Hüsenynovun üstündən xətt çəkmək… OLARMI?

Premyer Liqada XVI tura dünən yekun vuruldu. İkinci oyun günündə əvvəlcə autsayderlər üz-üzə gəldi.

 

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Kəpəz" doğma azarkeşlər önündə "Keşlə"ni sınağa çəkdi və 90 dəqiqə  qonaqların qələbəsi ilə yekunlaşdı - 0:1. Yeganə qolu 51-ci dəqiqədə Fuad Bayramov vurdu.


Bu qələbə sayəsində "Keşlə" xallarını 12-yə çatdırdı və 7-ci pillədə möhkəmləndi. İndi Yuri Maksimovun baş məşqçi olduğu komanda 6-cı pillədəki "Səbail"dən cəmi 2 xal geri qalır. Ardıcıl 6-cı oyundan məğlub ayrılan "Kəpəz" isə 7 xalla sonuncu pillədə möhkəmlənib. 


Yunis Hüseynov bu gün səhəri dirigözlü açıb. Qətiyyən inanmaram ki, gözünə 1 dəqiqə yuxu gedib. İlan vuran yatar, o yatmaz. Doğrudan da, təəssüflənməyə dəyər: kaş zəif oynayar, amma uduzmazdılar.

 

«Kəpəz»də çatışan, çatışmayan nə varsa, hamısını 1-2 günün, 1-2 ayın içində aradan qaldırmaq qeyri-mümkündü. Şahin Diniyevə dırnaqarası «təşəkkür» düşür. Üç ilə yaxın müddətdə buralarını nə cür viran qoyub və necə «çırpınıbsa», xələfinə ancaq Allah yar ola bilər! 

 

Ağlı başında, dərrakəsi yerində məşqçi heç bir zaman komandanı sıfırlamaz. Qış fasiləsində ümumiyyətlə! Bu, utopiyadı, sərsəmlikdi! Görün, Diniyev Hüseynova nətəhər «miras» qoyub aradan əkilibsə, onun düşərgəyə süpürgə çəkməkdən savayı əlacı qalmayıb.

 

Həmin heyəti gördük və izlədik.

 

Baş məşqçi dəyişəndən sonra böyükhesablı məğlubiyyətlər təsbeh dənəsinə döndü. Bunu Hüseynovun fərqli taktiki sxemlərə üstünlük verməsindən irəli gəlməsini iddia etmək olmaz. Bütün bunlar Diniyevin, ona yaxın insanların əks zərbəsi idi.

 

Çölə atılmışların içəridəki «barmaqlar»ını kəsməkdən ötrü Hüseynov o məğlubiyyətlərə dözdü və yenə də təslim olmur, yeni yola çıxmaq istəyir. Bu yol isə yorucu və keşməkeşlidi. Yenilənən komanda yerinə oturmalı, bərkə-boşa düşməli, bərkiməlidi.


Gəncəli azarkeşləri yaxşı anlayırıq. Onlar «Kəpəz»i layiq olduğu yerdə görmək arzusundadı və buna görə umu-küsü etmələri, narazılıq bildirmələri, narahatlıq keçirmələri normaldı. Su giribsə qaba, artıq olub içməli. Hüseynov zamanla «Kəpəz»i salmana və relsə salacaq.

 

Bu gün vəziyyət elədi ki, mayadək 1 xal toplamasa belə, istefaya göndərilməyəcək. İcra Hakimiyyəti dağ kimi dayanıb arxasında, deyib, ürəyindən keçəni istə, verim, amma düzəlt! Diniyev düzünəqulu olmadığı üçün Vəliyevlərin ürəyinə yatmadı, ilk fürsətdəcə ona qapını göstərdilər.

 

Gəncə rəhbərliyi Hüseynovu Yevlaxdan, «Karvan»dan yaxşı tanıyır, bələddilər. Əliəyri deyil ki «Kəpəz»ə gətiriblər. Düz is əyrini həmişə kəsir və kəsəcək. Mətbuatda, sosial şəbəkədə baş məşqçinin ünvanına o qədər tənqid, irad bildirilir ki, kim olsa, tənginəfəs olar. Hüseynov hələ bir yatsın, sonra durub yuxusunu danışar da, nə olub, nə qaçhaqaçdı?

 

Oyunun olmasının özü əsasdı. Bu gün oyun varsa, sabah nəticə də olacaq. Səriştəli məşqçi o kəsdi ki, ayaqqabıları oğurlansa da, «ayaqlarım var» söyləyib özünə təskinlik verir, seçdiyi yoldan sapmır. Hüseynov bu yolun sonunda işıq görməsəydi, «Kəpəz»i götürməzdi.

 

Həmkar ayaqaltısı qazmayan, yıxılmasına çalışmayan, yıxmağa can atmayan 3-4 məşqçidən biridi bu məmləkətdə. «Karvan»la UEFA Kubokunda mərhələ keçən ilk Azərbaycan klubunun baş məşqçisi o olub. «Xəzər Lənkəran»ı tarixində ilk və sonuncu dəfə Avropada ikinci mərhələyə daşıyan o olub. Kimin üstündən xətt çəkməyə tələsirik?

 

VÜQAR

Tarix: 20 Fevral 18:48    Oxunub: 544    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.