"Neftçi"nin yeni prezidenti Musayevə "cəbhə" açır, yoxsa..?

5 oldu artıq! «Sumqayıt» tarixinin ən yaxşı nəticəsinə imza atmağa doğru sürətlə irəliləyir.

 

Dördüncü pillədə möhkəmləndilər. «Neftçi» üzərində layiqli və ləyaqətli 2:0-la! Ən yaxın izləyicisi ilə arasındakı xal fərqini yenidən açan «Sumqayıt»ın bu mövqeyi əldən verməsi inandırıcı görünmür.

 

Çünki «Neftçi»də işlər heç yaxşı getmir. Orxan Hüseynzadənin istefası klubun buludlu səmasında şimşəkdən betər çaxdı. Burdakılar hələ də əlləri ilə başlarını tutaraq, nə baş verdiyini anlamağa çalışır, anlaya bilmir. Hər şey elə ani, qəfil oldu ki…

 

Saatlar içində 180 dərəcə dəyişiklik buna deyirlər. Oyundan öncəki gün «Sumqayıt»dan «Neftçi»yə «transfer olunan» Kamran Quliyev bu dəfə stadiona ayaq basmadı. «Neftçi»nin yeni prezidenti kimi debütünün keçmiş komandasına qarşı təsadüf eləməsinin yaratdığı hirs-həyacandan deyil. «Kapital Arena»da görünməsi ayıb olardı.

 

Düzdü, bir klubun prezidentinin başqa bir kluba rəhbər getməsinin özü qəbahətdi, ancaq mənə elə gəlir ki, Quliyev yox, məhz onu seçim qarşısında qoyanlar bundan utanmalıdı. Olanlar bütün çılpaqlığı ilə sübut etdi ki, klubların özləri kuklalaşıb, bir mərkəzdən idarə olunacaq səviyyədə cılızlaşıblar.

 

Yaxşı ki, dünyanın Azərbaycan futbolundan xəbəri yoxdu. Olsa da, ciddiyə almır, maraqlanmırlar. Yəni ki, «Qarabağ» Çempionlar Liqasında adını Avropanın ən güclü 32 klubu arasında duyursa da, hələ də futbol olaraq ölkəmizin ümumi çəkisi çox aşağıdı. Belə rəzalət, aşağılama olmaz, cənablar!

 

Kamran Quliyev 3-cü cəhdində ən böyük arzularından birinə çatdı. Onun hələ 2014-cü ildə, Tahir Süleymanovun istefasından az sonra «Neftçi»yə gəlmək variantı yaranmışdı. AFFA-nın namizədliyini irəli sürdüyü 2 şəxsdən biriydi, klubun ovaxtkı prezidenti Sadıq Sadıqov Elnur Məmmədovu özünə vitse-prezident seçdi.


Bu imkan bir də 2016-cı ildə, Elnur Məmmədov qovulan ərəfədə ortalığa çıxdı. Onda da hansısa əllər Orxan Hüseynzadəni önə çəkdi. Və bu da üçüncüsü… 


Gec olsa da, güc olması diləyi ilə… Nədən axı, «Neftçi» azarkeşi hədsiz pəjmürdədi. Böyük camiə çaxnaşma içindədi. Necə olacaq, yeni prezident nə edəcək kimi tərəddüdlər var hamının sifətində. Yayğınlaşmış fikir tənəzzülün davam etməsi yönündədi.

 

Amma heç şübhəsiz, Quliyev «Neftçi»ni bilərək, tanıyaraq gəlib. Ən azından, 7 illik rəhbər təcrübəsi var futbolda. «Sumqayıt»ı idarəçilik mənasında Sadıq Sadıqovdan sonra gələnlərə həmişə misal çəkmişəm və indi də sözümün arxasında dayanıram. Ki, birinci şəxsin yumruğu bərk, zəhmi ağır, üzü sərt olmalıdı.

 

Hamıyla eyni cür rəftar etmək olmaz, düzdü, lakin düşünürəm ki, ilk addım, ilk qərar proseslərin sonrakı mərhələsini müəyyənləşdirir və istiqamətləndirir. Necə başladın, elə də davam edəcəksən.


Kamran Quliyevin Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Tərlan Əhmədov barədə söylədiklərinə reaksiyasına gəlincə… 

 

“Bu, vacib oyundan öncə ölkənin ən köklü və titullu klubuna qarşı açıq-aşkar təzyiqdi. Musayevin baş məşqçimizi “öz üsülları ilə” cəzalandıracağını deməsi “Neftçi” kimi ad-sanlı komandaya, baş məşqçimizə və futbolçularımıza oyunöncəsi psixoloji cəhətdən çox pis təsir edə bilər. Bir məsələni də xüsusi vurğulayım ki, “Neftçi”yə kənardan heç kim nəinki baş məşqçi, heç sıravi işçi də təyin edə bilməz. Klubun öz rəhbərliyi var! “Neftçi”nin prezidenti olaraq baş məşqçimizin və futbolçularımızın arxasındayam. Bu komandanın baş məşqçisinə heç kim nəinki cəza, heç tapşırıq da verə bilməz!” açıqlaması publikaya deyil, bilmərrə «Neftçi» azarkeşinə hesablanıb, onları ovundurmaq, sakitləşdirmək məqsədindən başqa nəyəsə xidmət etmir.

 

Necə deyərlər, mən «Sumqayıt»dan gəlsəm də, sizlərdən biriyəm və gəlin, əl-ələ verək, söz-söhbətlərə qulaq asmayaq, yumruğu bir yerə vuraq. Quliyev sosial şəbəkələrdə olmasa da, kluarlarda, tribunada gedən müzakirələrdən xəbərdardı və əgər ilk açıqlamasında ötkəm danışmasaydı, bir də heç vaxt ciddiyə alınmayacaqdı. Qəbullanmaq üçün bəzən «qırmızı dairə»ni aşmaq şərtdi. 


Əslinə qalanda, Quliyev Musayevin ən çox simpatiya bəslədiyi klub prezidentlərindən biridi. Baxmayaraq ki, AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən bu sahəyə cəlb olunub və çox yaxındılar.

 

Adətən, baş katibin üstünə qanad çəkdiyi adamlar klublarda yerləşəndən, özlərini bir az tutandan sonra hallanırlar, cızıqlarından çıxırlar, onlarda mərkəzdənqaçma meylləri artır. Quliyevin sədaqəti onu «Neftçi»yədək müşayiət etdi. Bundan sonrası yenə özündən asılıdı.

 

Əvvəlkilərin xətalarına baxsın, təkrarlamasın. «Neftçi»də özünü tapmayın birdəfəlik «yanır». Burasını zirvəsi qarlı dağ təsəvvür edin. Ora qalxmaq bir çətinlikdisə, orda qalmaq ikiqat riskdi. Hər an sürüşüb yıxıla bilərsən. «Neftçi», bax, belə yerdi. Səhv bağışlanmır. Daim ictimaiyyətmi gözü önündəsən. Soyuq çayını üfürə-üfürə içməlisən. Qazdan ayıq olmalısan. 

 

Yeni prezident Musayevin ona münasibətindən bilgilidi. Həmçinin yaxşı bilir ki, PFL prezidenti ilə toqquşmaq özünə və kluba nə vəd edir. Quliyev açıq döyüşə girmir, bunu birdəfəlik anlamağımız lazımdı! O, sadəcə, ilk gündən azarkeşinə nümayiş etdirir ki, kənar müdaxilələrə yol verməyəcək, sipər çəkəcək. Nə deməliydi? Deməliydi ki, Musayev doğru söyləyir? Onda bu sual üstünə yağacaqdı ki, bəs siz kimsiz, niyə niyə gəlmisiz, hara baxırsız? Vaxtında, üzdə sərt görünsə də, əslində, diplomatik cavabıydı bu. 

 

Xəzər Hikmət

Tarix: 20 Fevral 14:00    Oxunub: 580    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.