Donetsk “Şaxtyor"unun 4 futbolçusu ilk dəfə millimizə çağırılacaq!

U-17 millimiz Belarusla qarşılaşacaq


Sportinfo.az xəbər verir ki, fevralın 17-də U-16 millisinin seleksiya xarakterli toplanışı başlayıb.

 

Baş məşqçi Ramin Quliyev toplanışa 3-ü qapıçı olmaqla 27 futbolçu çağırıb: Elnur Hüseynov, Abdulla Rzayev, Ramin Nəsirli, Ziya Məmmədov, Emil Məmmədov, Məlik Nadirov (hamısı “Neftçi"), Hilal Maqsudov, Ridan Babayev, İbrahim Novruzov, Şahmar Cəfərli (hamısı “Keşlə"), Kamran Şəbiyev, Qardaş Talıbov, Balamirzə Soltanov (hamısı “Vətən"), Hüseyn Ələsgərov, Şirxan Həsənzadə, Tuhid Abdullazadə, Niko Saknelaşvili (hamısı “Qarabağ"), Rəşad Kərimov, Cavidan Abbaszadə (hər ikisi “Sumqayıt"), Qoçəli Qədimov, Murad Hüseynov, Həzrət İsayev, Mikayıl Kərimli (hamısı “Zirə"), Mircəfər Əlizadə (“Kəpəz"), Elçin Qasımov, Mirxan Hümmətov (hər ikisi “Turan Tovuz"), Pənci Ağazadə (“Xəzər Lənkəran").


Bu, U-17 millimizin yeni məşqçisinin rəhbərliyi altında sayca 2-ci toplanışıdır. Əvvəlki toplanış yanvarın 8-dən 22-ə kimi Qəbələdə təşkil olunmuşdu. Həmin vaxt düşərgəyə 28 futbolçu cəlb olunmuşdu.

 

Baş məşqçi bu dəfə yanvar toplanışında iştirak etməyən futbolçulara dəvət göndərib. Özü də yalnız “Vətən"in qapıçısı Kamran Şəbiyevi çıxmaq şərtilə hamısı 2002-ci il təvəllüdlü futbolçulardı.


Toplanışın cəmi 4 gün nəzərdə tutulması U-16 Liqasının təqvimi ilə bağlıdır. Başqa sözlə, Ramin Quliyev çempionatın gedişinə mane olmamaq üçün futbolçuları turlararası yoxlamaq qərarına gəlib:

 

“Fevralın 15-də U-16 Liqasında 20-ci turun oyunları keçirildi. Futbolçular 1 gün istirahət etdikdən sonra millinin düşərgəsinə gəldilər. Birinci gün bir məşqlə kifayətləndik. Ertəsi gün isə “Keşlə"nin U-19 komandası ilə yoxlama oyunu keçirdik.

 

Hər hissə meydana fərqli “11-lik" buraxdıq ki, uşaqların hamısı oynaya bilsinlər. Doğrudur, 1 hissəyə görə kimin nəyə qadir olduğu barədə qərar vermək çətindir. Əsas bizdə futbolçular haqqında müəyyən fikirin formalaşması, onlar haqqında nəsə məlumat toplamaq idi".


Yoxlama oyununda 0:1 hesabı ilə məğlub olan U-16 millimiz dünənki məşqin ardınca bu gün daha bir oyun keçirəcək. Ramin Quliyev bu dəfə futbolçuları ikitərəfli oyunda sınayacaq. Qarşılaşmanın ya Mərdəkanda, ya da Bakıxanov qəsəbə stadionunda keçirilməsi nəzərdə tutulub. Oyunun saat 15:00-da başlaması isə dəqiqdir. Məhz bu oyundan sonra baş məşqçi futbolçularla bağlı müəyyən qərar verə biləcək.


Ramin müəllimin sözlərinə görə, toplanış başa çatandan sonra heyəti komplektləşdirmək mümkün olacaq. İki toplanışda özlərini yaxşı tərəfdən göstərən futbolçular martda keçirilməsi nəzərdə tutulan növbəti toplanışa çağırılacaqlar. Bura Donetskin “Şaxtyor" klubunun Futbol Akademiyasında çıxış edən 4 azərbaycanlının da dəvət alması gözlənilir.


Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, U-16 millimizi mart ayında Belarusla 2 yoxlama oyunu gözləyir. Hər iki oyunun Minskdə keçirilməsi nəzərdə tutulub. Bu da son deyil. Komandamız aprelin 10-dan 16-a kimi Bosniya və Hersoqovinada UEFA-nın İnkişaf Turnirinə qatılacaq. Turnirdə meydan sahibləri və yığmamızla yanaşı Rumıniya və Makedoniya milliləri də iştirak edəcəklər (“Het-trik news” qəzeti).

 

Tarix: 20 Fevral 13:12    Oxunub: 532    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.