Samir Əliyev niyə Qurban Qurbanovun arxasınca düşür?

Premyer Liqanın XVI turu “Qarabağ”ın “Səbail”i mövsümdə 3-cü dəfə məğlub etməsi ilə əlamətdar oldu.

 

Çempionatın lideri cari mövsümdə eyni rəqibindən 9 xal alan ilk klubdu.


III dövrədə iki tur arxada qalsa da, “Qarabağ” – “Səbail” cütündən başqa heç bir dueldə eyni komanda qələbələri sıralamayıb.

 

II dövrənin ev matçında 1:0, I dövrədən təxirə salınan və qış fasiləsi ərəfəsində baş tutan qarşılaşmada 2:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun qvardiyası XVI turda da qol buraxmadan qələbə qazanıb.

 

Səfərdə minimal hesaba sevinən “Qarabağ” debütantı xal üzünə həsrət qoymaqda davam etdi. Matçsonrası açıqlamasında Qurban Qurbanov belə bir fraza işlətdi: "Ümid edirəm ki, “Səbail” digər komandalara qarşı da belə oynayacaq"


Bu, Samir Əliyevin fasilə dönəmində dilinə gətirdiyi etirafa cavabdı. Hansı etiraf? Buyurun: “Qarabağ” bizə qalib gəlmək üçün əziyyət çəkir, mən də bundan həzz alıram. Zəif olsaydıq, “Qarabağ” beşini vurardı”.


Samir Əliyev üçün Azərbaycanda etalon klub «Qarabağ», baş məşqçi isə Qurban Qurbanovdu. «Neftçi»də və millidə çiyin-çiyinə oynayıblar uzun müddət. Hazırda isə yolları həmkar kimi kəsişir. Əliyevdə özünü Qurbanova göstərmək, nəyisə ona sübut etmək instinki yaranıb və o, hər məqamda bundan yararlanmaq istəyir.

 

Əliyev 2 il öncə «Neftçi»ni çalışdırdığı dönəmdə də «Qarabağ»a çətin anlar yaşatmışdı. Suraxanıdakı oyunu başından bəri 1:0 irəlidə götürdülər, «Qarabağ» son saniyələrdə mübahisəli penalti vuruşu ilə status-kvonu güclə bərpa etdi. Başqa sözlə, Əliyevin komandaları Qurbanovun «Qarabağ»ı ilə qarşılaşmalara həmişə fərqli motivasiya ilə çıxır.


Qurbanov «ümid edirəm ki…» mesajı ilə gənc həmkarına çatdırır ki, mənimlə ayaqlaşmağa tələsmə, hər şeyin öz vaxtı var. Əliyev bu replikanı tutdusa, nə xoş halına! Tutmadısa, vay halına! 


«Səbail» debütantdı, Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. «Keşlə» və «Kəpəz» əsas oponentləridi. «Səbail» qüvvəsini düzgün ölçüb-biçməlidi ki, bu rəqabətdə sonadək duruş gətirsin.

 

Sən gücünü qoy «Qarabağ»a, başqalarıyla açıq futbol oyna və uduz. Nədi bu, onda? «Səbail» bundan belə 100 kərə «Qarabağ»la qarşılaşsa və hamısında uduzsa, Əliyevə güldən ağır söz deyən, tənbeh edən olmayacaq.

 

Ancaq o biri komandalara   qarşı «Qarabağ»la olduğu qədər ciddi hazırlaşmırsansa, deməli, sən şəxsi prinsiplərini klub maraqlarından üstün tutursan.

 

Daha kimə özünü göstərməkdi fikrin, Samir Əliyev? Ayağını yorğanına görə uzat da. Mayda üşüyə bilərsən axı. 

 

ELNUR

Tarix: 20 Fevral 11:00    Oxunub: 416    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.