"3-4 oyundan sonra lap dəqiq deyəcəm ki, bu baş məşqçidən razıyam, ya yox"

"Keşlə" Topaz Premyer Liqasında hesabat turunda "Kəpəz"lə Gəncədəki matçda ilklərə imza atıb.

 

Sportinfo.az xəbər verir ki, bu, komandanın hazırkı adıyla, cari ildə və ukraynalı yeni baş məşqçsi Yuri Maksimovla ilk qələbəsiylə bağlı olub.

 

1:0 hesabı ilə qalib gəldikləri səfər qarşılaşmasını stadiondan izləyən "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov sport24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

 

"Keşlə" adıyla ilk qələbənizi qazandınız və nəticə sizi razı saldı. Bəs komandanın oyunu?

- Demək olmaz ki, canlanma vardı. Komandada fiziki cəhətdən işlər aparmaq lazımdı. Fikirləşirəm ki, 2 həftədən, lazımı futbolçular fiziki formanı yığandan sonra daha da məqsədəuyğun oynayacaqlar. 

 

Qış transferləriniz hələ ki ümidləri doğrultmurlar...

- Fikrimi deyərkən, məhz qışda gələn oyunçuları nəzərdə tuturdum. Onlar hələ fiziki hazır deyillər. "Keşlə"də yeni oynayırlar. Cəmi ikinci rəsmi matçdı komanda şəklində birgə çıxış edirlər. Buna görə uyğunlaşmaya vaxt lazımdı. Təbii ki, bunun üzərində işləmək gərəkdi. Əlbəttə, komandada yaxşılığa doğru dəyişikliklər var və gələcəyə nikbin baxıram. 

 

Fiziki hazırlığı qeyd etdiz. Onu da nəzərə alaq ki, komandanız səfər matçında 90 dəqiqə durmadan mübarizə apardı, futbolçular yorulmadan qaçırdılar...

- 90 dəqiqənin müəyyən hissəsini müdafiədə də keçirdik. Məşqçilərimizlə söhbətimiz var. Təbii ki, fiziki durumla bağlı işlər görmək lazımdı.

 

Bəlkə "Keşlə"yə fiziki hazırlıq üzrə yeni məşqçi lazımdı?

- Yox, bizdə bu sahədə mütəxəssis var. Sadəcə, bəzi futbolçularımızın uzun müddətdi oyun təcrübəsi olmayıb. Oyun praktikalarının yoxluğu öz sözünü deyir. Fikrimcə, 2 həftəyə komanda düzələcək. 

 

Yuri Maksimovun gəlişindən sonra komandada oyun dəst-xətti hiss olunur...

- Təbii ki, olunur. Bunu kənardan da sizlər görürsünüz. 

 

Belə demək olar ki, Maksimovun işində razısınız?

- 3-4 oyundan sonra lap dəqiq deyəcəm ki, razıyam ya yox. Hələ ki qiymət vermək istəməzdim.

 

Maksimovun işinə əsas qiymət Azərbaycan Kubokunda veriləcək. Hər halda, "Keşlə"nin bu il avrokuboklara yolu yarımfinalına çıxdığı bu turnirdən keçir...

- Yox, hər iki yarışda qiymət veriləcək. Bizdə fərq qoyulmur ki, bu, çempionatdı və ya kubok. 

 

Ukraynalı baş məşqçinizin sərəncamında təcrübəli futbolçular olsa da, Gəncəədki matçda hər 3 əvəzləmə zamanı gənc oyunçuları meydana buraxdı...

- Təbii ki, bu lazımdı və düzgün qərar verilib. Həmin gənclər akademiyamızın futbolçularıdı. Onlara da təcrübə lazımdı. Üstəlik, belə gərgin oyunda. Düşünürəm ki, düzgün addım atılıb. 

Tarix: 19 Fevral 18:12    Oxunub: 515    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.