"Rəhbərliyin münasibətindən hiss edirəm ki, fikirləri Premyer Liqadı"

«Mənim qarşıma çempionluq məqsədi qoymayıblar. Amma rəhbərliyin işə münasibətindən hiss edirəm ki, fikirləri Premyer Liqadı».


Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şüvəlan»ın baş məşqçisi Aqil Nəbiyev deyib.


Bugünlərdə məlumat vermişdik ki, «Şüvəlan»ın prezidenti Zaur Axundov AFFA və Peşəkar Futbol Liqasına müraciət edib.


«Silk Way»ın patronu komandasını növbəti mövsümdən Premyer Liqada görmək istədiyini bildirib. O, lisenziyalaşdırma proqramının bütün şərtlərini yerinə yetirməyə hazır olduqlarını söyləyib.


Axundov ən vacib ünansa – maliyyə məsələsinə də aydınlıq gətirib. Deyib ki, «Şüvəlan»a 1 milyon manat ayırmağa gücü çatır.


İş adamı vədinin sübutu kimi artıq əl-qolunu çırmalayıb. I Divizionda ikinci yarıya hazırlaşan «karqoçular»ın büdcəsini ikiqat qaldırıb. Bundan əlavə, hər oyuna mükafat təyin edib, komandanın avtobusunu yeniləyib.


A.Nəbiyev şəraitin yaxşılaşdığını təsdiqləyib: «Yeni ildən sonra qazandığımız hər qələbəyə görə mükafat alacağıq. Maaşda da artım var. Rəhbərliyin diqqətinə söz ola bilməz.

 

Problemlərlə maraqlanır, vaxtında həll edirlər. «Şüvəlan»ın şəraiti Premyer Liqada cəmi 2-3 klubda var. Baza, stadion, təminat… Qış fasiləmində iki həftəlik təlim-məşq toplanışı keçməyə şərait yaratdılar.

 

Heyəti tərk edənlər də var, gələnlər də. Çalışmışıq komandanı gücləndirək. Heç kim anasının qarnında məşqçiliyi öyrənib. Hamımız səhv edə-edə öyrənirik. Əsas odu ki, bu səhvləri vaxtında aşkarlayasan və düzəldəsən, öz üzərində işləyəsən.

 

Ölənədək oxuyub-öyrənməliyik, müasir futbolla ayaqlaşmalıyıq. Hər gün bir yenilik çıxır, gecə-gündüz çalışmalısan. Mənim üçün ən vacib məsələ nizam-intizamdı.

 

Yaxşı futbolçu olsun, hər oyun qol vurub komandaya qələbə qazandırsın, amma intizamı zəifdisə, o, mənə lazım deyil. İlk gündən futbolçularıma demişəm ki, adınızı, təmizliyinizi hər şeydən üstün tutun. Peşəkar olmaq lazımdı. Çünki bizlər çörəyimizi burdan qazanırıq.

 

Özünüz də görürsüz ki, qışdan sonra demək olar bütün komandalar güclənib. Hətta sonuncu yerdə gedən «Zaqatala» belə, baş məşqçisini dəyişib, yeni futbolçular gətirib. Bu mərhələdən etibarən mübarizə daha gərgin gedəcək.

 

Əksər komandaların baş məşqçiləri təcrübəlidi, sözünü demiş mütəxəssislərdi. Divizionda neçə ildi bu cür rəqabət olmayıb. «Şüvəlan»ı da mən yuxarı yerlərdə görmək istəyirəm. Medallardan birini qazanacaq gücdəyik».

Tarix: 19 Fevral 15:48    Oxunub: 562    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.