Xəncərli atmaca

Ramin Musayevlə Kamran Quliyev arasında söz atışması davam edir və fərqli müstəviyə keçir. Peşəkar Futbol Liqasının prezidentinin “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov haqda məlum açıqlamasına verilən cavabı bilirsiz. Bakılıların yeni prezidenti ondan gözlənilməyən tərzdə, amma yerində reaksiya göstərmişdi.

 
Musayevi saxlamaqmı olar?  O, dünənki “Sumqayıt” – “Neftçi” matçından sonra yenə danışdı və müzakirə üçün mövzu verdi.
 
Əslində, belə çox maraqlıdı. Sönük, boz görünən futbol təsərrüfatımızı belə atmacalarla, debatlarla daha maraqlı etmək olar. Həm əyləncəlidi, həm də mübhəm sirrlər açılır.
 
- Klub prezidentlərinin dəyişiklikləri ilə bağlı nə düşünürsüz?
- Nə deyə bilərəm? Belə məsləhət biliblərsə, belə də olmalıdı.
 
- Sizcə, Premyer Liqa klublarının prezidentlərinin yerdəyişməsi qəribə deyil?
- Yerdəyişmə olmayıb axı. Əgər “Neftçi”nin də prezidenti “Sumqayıt”a keçsəydi, onda yerdəyişmə olardı.
 
- Yaxşı, prezidentin bir klubdan digərinə keçməsi düzgündü?
- O sualı mənə yox, keçən adamın özünə vermək lazımdı. Amma əgər belə məsləhət görülübsə ki, gedib orda çalışmalıdı, bunu artıq şərh etməyə gərək yoxdu. Görürsüz ki, “Sumqayıt” gözəl oyun nümayiş etdirir. Yəqin həmin insana olan inamdı ki, “xalq komandası” “Neftçi” ona həvalə olunub.
 
Bu kiçik dialoqdan min məna çıxarmaq olar. Musayev sanki bütün bu proseslərin gülməli ssenari olduğunu demək istəyir – nə açıb-ağartmır, nə malalamır. Mənzərəni ortaya qoyur, sonra da hədəf göstərir: “O sualı mənə yox, keçən adamın özünə vermək lazımdı”…. Arxasınca da 2 cümlə yağlama mesajı.
 
Əslində, bunun arxasınca Kamran bəyin “Xüsusi vurğulayım ki, “Neftçi”yə kənardan heç kim nəinki baş məşqçi, heç sıravi işçi də təyin edə bilməz” sitatına Musayevin əlavəsi olmalıydı. Ramin bəy deməliydi ki: “Neftçi”yə kənardan heç kim nəinki baş məşqçi, heç prezident də təyin edə bilməzdi, amma ediblər”.
 
PFL prezidenti Quliyevin açıqlamasına məhəl qoymadan Əhmədovla bağlı yenə danışıb. Onun işlətdiyi bir cümlə başa düşənlər üçün çox mətləbə işıq salır. Tərlan bəyi necə cəzalandıracağına zarafatla verdiyi cavaba baxın: “Ləzgi xəncəri ilə başını kəsəcəm”.
 
Nə qədər inkar etsə də, bu, dost-tanış “kruq”una atılan atmacadı. Yəni ki, qrupunuzu tanıyıram, qarşınızdayam. Yoxsa ki, ləzgi xəncəri ilə baş kəsmək heç vaxt Musayevin zarafat leksikonunda olmayıb, təzə sözdü. Halbuki bu atmacaya ehtiyac yox idi, birləşmək, iriləşmək zamanıdı... (futbolinfo)
Tarix: 18 Fevral 11:23    Oxunub: 136    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.