"Neftçi"nin prezidenti AFFA-nın baş katibi olmaq istəyirmiş..?

Orxan Hüseynzadə “Neftçi”nin tarixinə ən qısamüddətli prezident kimi düşdü.
 
O,  postunda cəmi 7 ay 10 gün qaldı.
 
 
Ötən ilin iyulun 6-da prezident təyin olunan Hüseynzadəyə kimi sələflərindən heç biri belə az müddət çalışmamışdı.
 
1988-ci ildən peşəkar futbol klubu kimi fəaliyyət göstərən paytaxt təmsilçisinin əvvəlki 6 prezidenti də, Müşahidə Şurası da daha çox fəaliyyət göstərməsi ilə diqqət çəkir.
 
 
7 ayla antirekord vuran 42 yaşlı sabiq prezidentə qədər ən az bu postu tutan Əkbər Hacıyev idi. Klub tarixinin 5-ci prezidenti 1 il 9 ay vəzifəsini icra edib.
 
“Neftçi”nin bütün prezidentləri
1 Aydın İbrahimov 1988, dekabr- 1997, iyul
2 Aqil Paşayev 1997, iyul – 2001, iyul
3 Ramiz Mirzəyev 2001, iyul – 2003, dekabr
4 Rövnəq Abdullayev 2004, fevral – 2008, mart
5 Əkbər Hacıyev 2008, mart – 2009, dekabr
6 Sadıq Sadıqov 2009, dekabr – 2015, mart
- Müşahidə Şurası 2015, aprel – 2017, iyul
7 Orxan Hüseynzadə 2017, iyul – 2018, fevral
 
Normalda özü yıxılan ağlamır. Elə biz də Hüseynzadənin göz aşı tökməsini görmürük. Nə də eşidirik. Heç yerdə yoxdu. Nə radioda, nə efirdə. «Radar»dan itib. Bəlkə də belə lazımdı və belə olması qaçılmazdı.
 
O, zatən, media ilə ünsiyyətə meylli bir rəhbər kimi özünü təqdim etməyib. Bu gün onu tapmaq, danışdırmaq, həmsöhbət olmaq istəyən çox olar. Çətin amma. Kölgəyə çəkilib və güman ki, hələ də nə baş verdiyini anlamağa çalışır.
 
Axı bu ayrılığı planlaşdırmırdı. Düzdü, gedəcəkdi. Sadəcə, 3 gün öncə yox. Olması mayda gözlənilirdi, mövsüm qurtaradan sonra. Qabaqladılar onu. Yaxın çevrəsi tərəfindən ələ verildi.
 
 
Hüseynzadə yuxarı instansiyalar səviyyəsində qohumluq və tanışlıq bağlantıları sıx olan şəxsdi. Dəstəyi güclüdü. Maddi rifahı yüksək olan, problem yaşamayan bir ailənin övladıdı. Səhvi o idi ki, Kamil Məmmədov xartiyasına özünü üzv qəbul etdirdi və qarşıdurmaya getdi,
 
Saraydaxili çəkişmələr Bakıdan, aylar öncədən başlamışdı və Antalyada pik nöqtəyə çatdı. Komandayla birgə təlim-məşq toplanışına yollandı və arada 3 günlük İstanbula gedib-gəlincə, adını çəkmək istəmədiyimiz şəxs(lər)in onun işlərini gördüyünü öyrəndi. «Ya mən qalacam, ya da onlar» demədi. «Görün, bu adam(lar)ın başına nə oyun açacam» söylədi və…
 
Bu, bumeranq kimi öz əleyhinə işlədi. SOCAR-ın auditorları kluba axın etdi, bütün sənədlər ələndi, kredit müqavilələri incələndi və 42 yaşını – tort kəsib, ad gününü qeyd elədiyi günün səhərəsi vəzifəsi ilə vidalaşdı.
 
Öz xahişi ilə deyil. O, şəxsi istəyi ilə kreslodan ayrılmaq fikrində olsaydı, yəqin ki, tortla çay içdiyi məclisdə, stol arxasında əyləşənləri niyyətindən xəbərdar edərdi. Kimsəyə bir söz deməyib. Getmək ab-havası üzündən oxunmayıb. Deyib, gülüb, özünü şən aparıb, hətta gələcək planlardan ağızdolusu danışıb. Əvvəlkitək. 
 
 
Hüseynzadə şübhə etmirdi ki, getmək istəmədiyi müddətdə «get» əmri ilə qarşılaşmayacaq. Ali «dəllal» diplomu almağa bir nömrəli namizəd hesab olunan K.Məmmədovun yalan fəlsəfəsinə sığınmağı onu uçuruma sürüklədisə və başqalarıyla kəllə-kəlləyə gətizdirdisə, digər tərəfdən, çevrəsindəkilərin ağzından çıxan kəlmələr isti yorğan-döşəyinə yağış çilədi.
 
AFFA-nın baş katibi Elxan Məmmədova çatdırıldı ki, Hüseynzadənin onun postuna gəlmək variantı yaranıb. Bilmirik, Orxan bəy bu barədə hardasa və nəsə deyib, yaxud həqiqətən belə bir istəyi olub-olmayıb. O yəqindi ki, Elnur Məmmədovdan sonra Hüseynzadənin də baş katiblə münasibətləri iynə-sapa dönməyib.
 
Aradan qara pişik keçib, nə keçib - bu da naməlumdu. Həqiqət budu ki, E.Məmmədov keçmiş kadrına ilk vaxtlardakı kimi isti yanaşmayıb və ilişklər zaman keçdikcə soyuyub. Və belə bir xəbər də gəlib ünvanına çatınca… Əks-kəşfiyyat hansısa planı pozdu. Bəlkə də belə demək daha düzgün olardı – hansısa araqatanın, «dez»damonanın məqsədli şəkildə yaydığı informasiyaya uyaraq, Hüseynzadəni səhərin alatoranlığında vəzifədən götürdülər.
 
 
Hər şeyə rəğmən, hələ əminliklə iddia etmək olmaz ki, bu qərarın arxasındakı tək, yaxud əsas təkanverici qüvvə Elxan Məmmədov olub. Zaur Qəhrəmanovun – SOCAR Turkey»in baş direktorunun «Neftçi»yə dəxli və təsir etmə gücü ondan daha çoxdu. 
 
SPORTİNFO.AZ
Tarix: 18 Fevral 12:13    Oxunub: 533    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.