Böyükağa Hacıyevlə 20 dəqiqə...

İllərini futbola həsr etmiş, “Bakı”yla qızıl medal qazanmış, “Neftçi”ylə iki dəfə çempion olmuş, iki dəfə ölkə kubokuna sahib çıxmış, ölkə futbolu tarixində “Neftçi”ni ilk dəfə Avroliqanın qrup mərhələsinə daşımış Böyükağa Hacıyev ürək əməliyyatından sonra hazırda palata şəraitində müalicə alır.


Dünən günorta saatlarında “Mərkəzi Klinika”dan “Modern Hospital”a köçürülməliydi. Təcrübəli mütəxəssisi ziyarət etmək üçün “Modern”i nəzərdə tutmuşdum. Lakin günorta saatlarında yaxınlarından birinə zəng vuranda məlum oldu ki, Hacıyevi əməliyyat etmiş baş həkim daha iki-üç gün nəzarəti altında qalmasını istəyib. Odu ki, “Mərkəzi Klinika”ya yollandım.


Mən palataya daxil olanda Hacıyevin gözləri qapıya zilləndi. Yanına yaxınlaşana qədər kimliyimdən xəbəri yox idi. Tam yanına çatanda xırıltılı səslə dediyi “Həbib, necəsən” sualına cavab verməyə söz tapmadım.

 

“Çoxdan burdasan, niyə görünmürsən” suallarını elə tərzdə verdi ki, sanki illərdi futbolda görməyə alışdığı jurnalisti xəstəxanada görməsi ilə dünyanı ona bağışladılar. Yanına kimlərin gəlib-getdiyini soruşdum, bəzilərini xatırladı, bəzilərini yox.

 

Sistem altındadı, iki oğlu – Yusiflə Rüstəm səhərdən axşama qədər yanındadı. Ürək döyüntüləri zəifləyib. Gözlərini bir nöqtəyə zilləyib, elə hey düşünür. Başının üstündəki televizorda “CBC Sport”un verilişləri göstərilsə də, televizora ciddi önəm vermək gücündə deyil. 20 dəqiqə ərzində bir neçə dəfə “Naxçıvan” sözünü işlətsə də, nə demək istədiyini tam anlaya bilmədim. 


Palatanı tərk etmək vaxtımın çatdığını bildirəndə, arxamca baxa-baxa “itmə, bir həftəyə zəng edəcəm, görüşərik, balacanı öpərsən” deyir. Kim bilir, ürəyinin dərinliyindən gələn sözlərdi, yoxsa vaxtilə hər dəfə məni görəndə dilinə gətirdiyi eyni kəlmələr yaddaşına həkk olunub, əzbərdi. Təki dediyi kimi olsun.

 

Zəngini bir həftə yox, bir il də gözləyərəm. Təki Allah cansağlığı versin, yenidən aramıza qayıtsın. Eybi yox, işləməsin. Amma gözə görünsün, müsahibələrində, açıqlamalarında mərdliyini göstərsin. Onsuz da bizdə mərdlərin sayı azdı. Heç olmasa, olan-qalanı da itirməyək...


HƏBİB

Tarix: 15 Fevral 00:20    Oxunub: 441    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.