QURBANOV: "Qarabağ"ın 2 dəfə uduzması əlbəttə, realdı"

"Əlbəttə, daha yaxşı olardı ki, qış fasiləsindən sonra qələbəylə başlayaq.

 

Ancaq "Qarabağ"la səfər matçında 1 xal da yaxşı nəticədi.

 

Hər komanda meydana qələbə üçün çıxmışdı və bunu reallaşdırmaq üçün qol imkanları da vardı  Ancaq heç birimiz şansları dəyərləndirə bilmədik. Oyundan razı qaldım. Nəticə də pis olmadı. Bu, Azərbaycanın 2 ən güclü komandasının qarşılaşması idi".

 

Sportinfo.az xəbər verir ki, bu fikirləri sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Ruslan Qurbanov bildirib.

 

Topaz Premyer Liqasının qış fasiləsindən sonra "Qarabağ"la çətin sınaq qarşısında olan "qırmızı-qaralar" səfərdə qolsuz bərabərliyə qaldılar.

 

Ruslanın fikrincə, turun mərkəzi matçında qol olmasa da, azarkeşlər baxımlı oyun izləyiblər. Qolun olmamasını isə hardasa başadüşülən sayır:

 

"Hər komanda riskə getmək istəmirdi və təhlükəli əks-hücumlar təşkil edirdi. Son nöqtəni qoymağa hardasa ustalıq səviyyəsi çatımadı, hardasa bəxt. "Qarabağ"a qarşı oynamaq həmişə çətindi. Çünki onlar topla çox davranırlar, rəqibi topsuz qoyurlar və pressinq etmək çox çətindi.

 

Əlbəttə, oyuna yaxşı köklənmişdik. İstəyirdik ki, xal fərqini 3-ə endirək. Ancaq təəssüf ki, bu, alınmadı. Ümumilikdə, oyunu izləyənlər razı qaldılar. Bəli, qollar olmadı, bu üzücüdü. Bunun üzərində işləyəcəyik və növbəti matçlarda azarkeşlərimizi qolla da sevindirərik".

 

Qurbanov "Qarabağ"dan cənubi afrikalı həmkarı Dino Ndlovunun gedişini ciddi itki saymır: "Bu komanda həmişə güclü olub. Hətta Dino Ndlovusuz da. Bizimlə matç da bunu göstərdi. Özünüz də gördünüz ki, yenə yaxşı oynayırlar, çox hücum edirlər.

 

Öz qapıçımızın çıxışını qeyd edərdim. Dmitri Bezotosnı bir neçə epizodda komandamızı real qoldan xilas etdi. Onlar elə epizodlar idi ki, top demək olar qapıya daxil oludu. Ancaq Dima ustalığını göstərdi. O, güclü qapıçıdı və çox oyunda bizə kömək edir".

 

"Qəbələ" "Qarabağ"la 6 xallıq fərqi azalda bilməsə də, hər halda, artmasına da imkan vermədi. Üstəlik, Roman Qriqorçukun komandası son dövrədə rəqibini öz meydanında qəbul edəcək. Ruslan hazırkı xal fərqinin aradan qalxması üçün "Qarabağ"ın 2 dəfə uduzmasını mümkün sayır: 

 

"Hər halda 6 xallıq fərqimizi saxladıq. Qarşıda hələ 13 tur var. Ümid edirik ki, rəqibimiz büdrəyəcək, biz isə bundan istifadə edərək qələbələrlə ona çatacağıq. "Qarabağ"ın 2 dəfə uduzmağı əlbəttə, realdı.

 

Futbolda real olmayan heç nə yoxdu. Hər bir komanda uduza bilər. Nə vaxtsa biz də "Kəpəz"ə uduzduq. Bu, gözlənilməz nəticə olsa da, baş verdi. Demirəm ki, "Kəpəz" zəif komandadı, yox.

 

Sadəcə, hamı bizdən qələbə gözləyirdi, ancaq "Kəpəz" gəlib bizə Qəbələdə 2:0 hesabı ilə qalib gəldi. Buna görə də düşünürəm ki, istənilən komanda səndən xal ala bilər. Fikrimcə, "Qarabağ"la "Qəbələ"yə qarşı hər bir komanda başqa cür köklənir". 

 

"Qəbələ"ni növbəti turda da çətin sınaq gözləyir. Bu dəfə ən yaxın izləyicisi "Zirə"ylə görüşəcək. Hücumçu Qəbələdəki həmin matçda mütləq qalib gəlməli olduqlarını qeyd edir:

 

"Aramızda xal fərqi minimumdu. Qalib gəlməklə həm ən yaxın izləyicimizdən xeyli aralanacağıq, həm də liderlə çempionluq mübarizəmizi davam etdirəcəyik. Bunu sonadək aparacağıq. Artıq mövsümün sonunda biləcəyik ki, kim çempion olacaq.

 

Bu mövsüm şansımızı əldən buraxmaq istəmirik. Bundan sonra xal itkisinə yol verməməli, hər matça maksimum konsentrasiya olmalıyıq. Fikrimcə, hər oyunda 100 faiz gücümüzü qoysaq, məqsədimizə çatacağıq. İnşallah, çempion olmaq şansımız var".

Tarix: 14 Fevral 20:36    Oxunub: 362    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.