“Onlar asan pul qazanmağın qurbanı oldu, Qurbanov isə...”

Sportinfo.az ATV-nin tanınmış idman aparıcısı Sənan Şəifzadənin müsahibəsini təqdim edir:


Azərbaycan futbolunun indiki vəziyyəti və gələcəyi barədə düşüncələriniz necədir?

- Azərbaycan futbolunu dəyərləndirmək çətin məsələdir. Ötən mövsüm hamının arzuladığı bir şey gerçəkləşdi: “Qarabağ” Çempionlar Liqasına vəsiqə qazandı. Lakin “Qarabağ”ın Çempionlar Liqasında iştirakı o demək deyil ki, artıq Azərbaycan futbolda dünyanın aparıcı ölkələri sırasına daxil olub. Ancaq bu müəyyən mənada ölkə futbolunun inkişafına təkan verdi. “Çelsi”, “Atletiko” kimi komandalar Bakıya gəldi. Elə o gün təsadüfən İngiltərə Premyer Liqasında “Çelsi”nin oyununa baxırdım. Adama qəribə gəlir. Həmişə ekrandan izlədiyimiz “Çelsi” bu dəfə rəsmi matçda Bakıya gəlmişdi. Yəni bu, zarafat deyil. Bilirsiniz, futbolda uğur qazanmaq çox çətindir. Yığma komandaya gəldikdə isə vəziyyət o qədər də ürəkaçan deyil. Ancaq Qurban Qurbanovun baş məşqçi təyin edilməsi bu vəziyyəti müsbətə doğru dəyişəcək. Qurbanov yaxşı məşqçidir, ancaq nə bir sehrbaz, nə də Devid Koperfilddir ki, qısa zamanda bizə Ronaldo və Robinyo kimi futbolçular bəxş etsin. Bizim futbolçu bazamız çox zəifdir. Potensiallı futbolçularımız olsa da, hazırda yığmadan fövqəladə nəticələr gözləmək çətindir. Amma ümid edirəm ki, Qurbanov qısa zamanda dönüş yarada biləcək.

 

Sizcə, Qurban Qurbanov gücünü doğru paylaşa biləcəkmi - həm milliyə, həm də kluba?

- Hamı deyir ki, çətin olacaq. Guya bu həyatda asan nə var ki? Elə bilirsiz, “Qarabağ”da işləmək Qurbanov üçün asandır? Bütün gün yeni oyunlar, yeni rəqiblər, yeni transferlər haqqında fikirləşmək özü nə boyda yükdür. Ancaq mənə elə gəlir, o, bu təklifi qəbul edibsə, mütləq ki, öhdəsindən gələcək. Heç kim deyə bilməzdi ki, Qurbanov 10 il əvvəl “Qarabağ”a gələndə bugünkü komandanı yaradacaq, belə tarix yazacaq. İnanmaq lazımdır.

 

UEFA-nın yeni yaratdığı Millətlər Liqasını “zəif komandalar üçün şans” kimi dəyərləndirənlər var. Bu liqada iştirak etmək, yəni daha zəif komandalarla oynamaq Azərbaycan millisinin gücünü aşağı salmayacaqmı?

- Bu hələ yeni təsis edilmiş bir liqadır. Ona görə haqqında danışmaq erkəndir. Ancaq gəlin bununla barışaq ki, bu gün Azərbaycan millisi İtaliya, Portuqaliya, İspaniya kimi yığmalarla yanaşı dayana bilməz. Ola bilər ki, biz “zəiflərin güclüsü” kateqoriyasına daxil olaq. Ancaq hazırda UEFA-nın yaratdığı bu şansı dəyələndirmək lazımdır. Biz də istəyərik ki, İspaniya yığması kimi bir millimiz olsun. Bu yarışı təsis etməklə UEFA həm də yoldaşlıq oyunlarını rəsmiləşdirdi, eyni zamanda yeni brend yaratdı. Seçmə mərhələdəki oyunlarla bağlı olduqca çox şikayətlər var idi. Almaniya, İngiltərə kimi güclü ölkələrin baş məşqçiləri həmişə şikayətlənirdilər ki, Azərbaycan, Farer adaları kimi zəif millilərlə oynamaq onlara sərf etmir. Milyonluq futbolçular gəlir, nə boyda məsafə qət edilir, adi bir oyunda ciddi zədə ala bilir. Bu mənada təklif edirdilər ki, zəif komandaların öz yarışı, güclülərin öz yarışı olsun. UEFA da bunu etdi. Belə bir yarışda Azərbaycanın qalib gəlməsi və AVRO 2020-ə vəsiqə qazanması əsl dönüş ola bilər. Tarixdə nəticə qalır.

 

Ən azı Çempionlar Liqası qədər?

- Bəlkə ondan da çox. Çünki Avropa qitəsində olan ölkələrin hamısı qitə birinciliyində iştirak etmək arzusundadır. Milli Avro-2020-yə vəsiqə qazansa, bu tarixi uğur olacaq.

 

Artıq Çempionlar Liqasından kifayət qədər danışmışıq. Bəs bu mötəbər yarışdan sonra ölkəmizdə, futbolumuzda, mediamızda nələr dəyişdi?

- Çempionlar Liqası çox sahələrdə ölkəmiz üçün təkan oldu. Şəxsən Çempionlar Liqası çərçivəsində keçirilən və aparıcısı olduğum oyunlarda artıq hiss edirdim ki, məsuliyyət ikiqat artıb. Biri var Avroliqa olsun, biri var pley-of olsun, biri də var, sən artıq qrup mərhələsindəsən. Klub olaraq da “Qarabağ”ın üzərinə çox böyük yük düşdü. Bu yük təkcə yaşıl meydanda deyildi. Klubun rəhbərliyi, məşqçi heyəti, mətbuat xidməti oyunların təşkilati işlərində nə boyda can qoyurdular. Bakı Olimpiya Stadionunda oyun keçirmək, 65 mindən çox azarkeşi qarşılamaq, yola salmaq, təhlükəsizliyini təmin etmək isə özü ayrı bir iş idi. Adam 500 nəfərlik bir toy keçirir, qonaqları yerləşdirməkdə çətinlik çəkir. Qaldı ki, 65 min nəfəri eyni anda qəbul etmək olsun. Sevindirici haldır ki, UEFA “Qarabağ” klubunun gördüyü işi yüksək qiymətləndirdi. Yəni narazılıq olmadı.

 

Sənan bəy, futbolumuzun ÇL-dən sonrakı növbəti hədəfi nə ola bilər?

- Mən də bu sualı Qurban Qurbanova vermişdim. Çempionlar Liqasına düşmək özü bir hədəf idi. Buna artıq nail olduq. Ancaq bundan sonra ən azı bu hədəfi təkrarlamaq üçün mübarizə aparmaq lazımdır. Avropa qitəsində yüzlərlə komanda var. Ancaq Çempionlar Liqasına sadəcə 32 komanda düşə bilir. Bu mənada nəhənglər liqasında iştirakımız hədəf olaraq çox vacibdir. Milli komandada isə buna bənzər nəticə görmək bir az şişirdilmiş ehtimaldır. Çünki “Qarabağ”da legioner var, 10 ildir Qurban Qurbanov var, təcrübə var. Bu komanda 10 il öz üzərində daimi olaraq çalışdı və 5 ildən sonra nəticələr verməyə başladı. Düşünürəm ki, yığmaya da bu şans verilməlidir, ona da zaman tanımaq lazımdır. Bu şansları tanıdıqdan sonra, əminəm ki, biz millidə “Qarabağ”dakı Qurbanovu da görəcəyik, “Qarabağ”ın uğurlarını da.

 

Niyə bizim başqa Qurbanovumuz yoxdur? Nə üçün belə məşqçilərimizin sayı çox deyil?

- Qurban Qurbanov təkcə Avroliqaya üç dəfə vəsiqə qazanmaqla işini bitmiş hesab etmədi.Onun üçün stabillik əsas şərtlərdən biridir. Əgər bu stabillik qorunursa, deməli, uğur var, zəhmət var və bu nəticələr təsadüfi deyil. Buradan belə nəticəyə gəlirik ki, Qurbanovun işinin sirri daim öz üzərində çalışmaqdır. Dəfələrlə olub ki, oyunlardan sonra eyni təyyarədə qayıtmışıq və hər kəsin yorğun, enerjisiz olduğu bir vaxtda görmüşəm ki, Qurbanov açıb oyunun təkrarına baxır, analiz edir və s. Mən heç vaxt eşitməmişəm ki, Qurbanov uduzduğu bir oyundan sonra hakimləri günahkar çıxarsın, ya onların ünvanına sərt ifadələr işlətsin. Sözsüz ki, klubun uğurlarında rəhbərliyin dəstəyi, hamının bir hədəf uğrunda çalışması da böyük rol oynayır. İndi gənc məşqçilərimiz var, onlar gələcəkdə azarkeşləri uğurlarla sevindirə bilər. Zaman hamının işinə qiymət verəcək.

 

Sizcə, futbolçularımız niyə Avropaya çıxa bilmir? Potensial yoxdur, yoxsa başqa səbəblər var?

- Rəşad Sadıqov və Mahmud Qurbanov kimi futbolçular yoxdu daha. Onlar legioner həyatı yaşadılar. Öz vaxtlarında Samir Əliyev, Kamal Quliyev Ukraynada layiqli oyunlarıyla böyük rəğbət qazanmışdılar. Böyük futbola gec başlasa da, Zaur Ramazanov öz adından söz etdirməyi bacardı. Hazırda Zaur kimi qol vuran futbolçumuz yoxdur. Bu nəsillərin davamı gəlmədi. Təəssüf ki, millidə də rəqabət yoxdur. Bizim vaxtilə Avropa meydançalarında görməyi arzuladığımız Vaqif Cavadov, Ruslan Abışov, Rauf Əliyev kimi potensiallarımız var idi. Arzulayırdıq ki, onlar xarici ölkələrdə yaxşı çıxış etsinlər. amma bu olmadı. Deməli, düzgün düşünməmişik, ya da haradasa səhv olub.

 

Onlar nəyin qurbanı oldular?

- Azərbaycan futbolunda bir dönəm oldu - “Böyük pullar dönəmi”. Siz yəqin ki, özünüzə ən yaxın iş yerini seçərsiniz, nəinki, hər gün Bakı-Sumqayıt yolunu ölçməyi. Onlar da həmin məntiqlə çıxış etdilər. İkincisi, sən öz ölkəndə ən yaxşı beş idmançı içindəsənsə, Avropada, bəlkə, heç 30-luqda belə olmayacaqsan. Onlar da belə fikirləşdilər və asan pul qazanmağın qurbanı oldular. Bir-iki futbolçunu çıxmaq şərtilə, Avropadan bizə heç real təklif də gəlməyib. Bir şeyi etiraf edək ki, bizim oyunçularımız inkişafa meyilli də deyillər. Söhbət təkcə futbol baxımından inkişafdan getmir. Burada dünyagörüşü, baxış bucağı kimi şeylər də önəm daşıyır. Çünki futbol öz yerində saymır, komanda da inkişaf edir (publika.az).

Tarix: 14 Fevral 12:36    Oxunub: 451    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.