Millimiz niyə uzağa getmir?

Azərbaycan milli futzalının daha bir Avropa macərası ikili hisslərlə başa çatdı.

 

Əlbəttə, komanda qarşısına qoyulmuş əsas vəzifənin öhdəsindən gəldi və qrupdan çıxdı.

 

Amma sonra baş verənlər daha çox düşünməyə vadar etdi. Daha doğrusu, qarşıya qoyulan vəzifə və yaxud öhdəlik başqa, perspektiv baxımdan əsas vəzifə və yaxud məqsəd bir-biri ilə heç uzlaşmadı.


Göründüyü kimi, "vəzifə" anlayışının özünün təfsiri də fərqli ola bilər. Vəzifə imkanlara görə müəyyən oluna bilər, lakin hədəf, sadəcə, «növbəti yarışda da iştirak etdik», daha dəqiq desək, «buna da bir quş» prinsipi ilə müəyyən oluna bilməz.

 

Bir sözlə, vəzifə o vaxt myəyyən olunur ki, onun sonunda hər hansısa məntiqi yekun, nəticə görünsün. Bəlkə də Portuqaliyaya 1:8 hesablı son məğlubiyyətin şoku olmasaydı, ictimaiyyətdə bu qədər dərin reaksiyaya səbəb olmazdı. Çünki tarixdən məlum yenilgiyə bərabər qələbənin özü də ikili hisslər, ikili yanaşma ilə izah oluna bilər. Qələbə qələbədi, lakin ikinci belə qələbənin olmayacağı da məlumdu.

 

Artıq 5-ci seçmə mərhələdi ki, Azərbaycan finalçılar sırasında yer almaqla, ən yaxşı halda, yerində sayır. Bir az da real olsaq, irəli gedə bilmir. Bunun da əsas səbəbəi məhz bu vəzifələrin, sadəcə, yarışın qrupundan çıxmaq həddindən uzağa getməməsidi.

 

Əlqərəz, götürülən və yaxud qarşıya qoyulan öhdəlik yerinə yetirilsə də, özünü tam mənada doğrultmaya bilər. Komandamız bunu bu dəfə də sübut etdi. Final mərhələ başa çatdıqdan sonra millilərin reytinq siyahısı açıqlanıb. Burda  dünyanın 162 ölkəsi yer alıb.

 

Sloveniyada keçirilən yarış cədvəldə bəzi dəyişikliklərə səbəb olub. Azərbaycandan yan keçməklə. AVRO-2018-in qrup mərhələsində Fransa (5:3) və İspaniya (0:1), 1/4 finalda Portuqaliya (1:8) ilə qarşılaşan millimiz dünyanın 10-cusudu

 

Düzdü, Sloveniyadakı 3 görüş əmsalımıza təsir edib. Lyublyanada 1 qələbə qazanıb, 2 məğlubiyyət alan Joze Alesionun yetirmələri aktivindən 14 xal itirib. Artıq 1454 deyil, 1440 xalımız var. Avropa çempionatının 8 ən yaxşı komandasından biri olan millimiz reytinq cədvəlində “Kohnə qitə”nin 7-cisidi.


İlk “onluq”da 2 komanda irəliləyişə nail olub. Keçirdiyi bütün oyunlarda qələbə qazanan və tarixində ilk dəfə Avropa çempionu olan Portuqaliya 3 pillə irəliləyib. Pireneylilər Argentina, İran və İtaliyanı geridə qoymaqla 4-cü sıraya qalxıb.

 

Sloveniyada 4-cü olan Qazaxıstan isə 8-ci pilləni Ukraynadan qoparıb. Əksər komandaların xal itirdiyi AVRO-2018-də 1/4 finalda dayanan Ukrayna millimizin yeni “qonşu”su olub. Komandamız 9-cu pillədən 42 xal geridədi.

 

İlk “onluq”
1. Braziliya - 1935
2. İspaniya – 1807
3. Rusiya - 1700
4. Portuqaliya - 1692
5. Argentina - 1691
6. İran - 1654
7. İtaliya - 1552
8. Qazaxıstan - 1532
9. Ukrayna - 1482
10. Azərbaycan – 1440


VÜQAR

Tarix: 14 Fevral 11:36    Oxunub: 179    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.