"Neftçi"nin baş məşqçisi: "Neyləyim, indi oturmuşam evdə, canımla əlləşirəm"

U-17 Liqasının son turunda baş tutan “Səbail” – “Neftçi” matçı qalmaqalla yadda qalıb.

 

Sportlife.az xəbər verir ki, dörd qolun qeydə alındığı prinsipial qarşılaşmada (2:2) qonaqlar 2:0 öndə olub.

 

Daha sonra “Neftçi”nin 2 futbolçusu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Məhz bundan maksimum yararlanan “Səbail” qalan dəqiqələrdə 2 qol vurmaqla məğlubiyyətdən yaxa qurtara bilib. 


Gərgin keçən matçın son dəqiqələrində qonaqların daha bir oyunçusu meydandan qovulub və onlar buna sərt şəkildə etiraz bildiriblər.

 

Bu, oyun başa çatandan sonra da davam edib. Hakim final fiindən az keçmş daha bir “Neftçi” futbolçusuna qırmızı vərəqə göstərib.


Oyunun gedişində tribunada olan “Neftçi”nin administratoru, keçmiş hakim Sabir Hacıyev “Səbail”in baş məşqçisi Fizuli Məmmədova atmaca atıb.

 

Meydan sahiblərinin çalışdırıcısı isə ona sərt şəkildə cavab verib. Hadisələr bununla da bitməyib. Fizuli Məmmədov “Neftçi"nin administratorunu haqq-hesab çürütməyə çağırıb. Tərəflər əməlli-başlı əbəyaxa olub. Hər iki klubun işçilərinin müdaxiləsindən sonra ara sakitləşdirilib.


“Neftçi"nin baş məşqçisi Müşviq Qənbərov Sportinfo.az-a bildirib ki, o, dünənki oyunda olmayıb: «5 gündü evdə xəstə yatıram. Qızdırma və öskürəkdən başımı yuxarı qaldıra bilmirəm.

 

Üstünüzə sağlıq, canım bərk ağrıyır. Son vaxtlar möhkəm yayılan qrip virusu məni tamamilə əldən salıb, komandanı tək buraxan deyiləm. Uşaqları meydançaya köməkçim Elgiz Kərimli çıxarıb. Bildiyimə görə, orda ciddi insident olmayıb.

 

Nə insident ola bilər, hakim oyun ərzində 12 dəfə əlini cibinə atıb, onun 11-də bizim futbolçuları cəzalandırıb, 1-də də rəqibi. Komandam hələ fasilə olmamış meydanda azlıqda qalıb. 62-ci dəqiqədən sonra ikinci uşağa qırmızı vərəqə göstəriblər. Üçüncüsü də oyundan sonra.

 

Hələ oyunun diskinə baxmamışam, bilmirəm düz, ya səhv verilib. Dördüncü gün iclas edəcəm. Haqqına «qırmızı» alıblarsa, uşaqları maksimum dərəcədə cəzalandıracam. Yenə diskə baxmamış bir söz deyə bilmərəm.

 

«Neftçi»yə yanvarda gəlmişəm və «Səbail»ə qədər 3 oyun keçmişik, hamsını da udmuşuq. Bu üç oyuna 1-2 sarı vərəqə almışıq, ya almamışıq. İndi necə olur, 11 «sarı»nı bir oyuna görür? Nə bilim, vallah… 11 kart az deyil, qardaş! Limit dolub, çalışacam, gələn oyunlarla 15-16 yaşılardan kimlərisə götürüm. Qarşıda çox ağır oyunlarım var, heç bilmirəm nətəhər olacaq.

 

Görünür, mənim olmamağım da uşaqlara pis təsir edib. Baxma da, baş məşqçisiz onlara da çətindi. Diksə baxım, biləcəm nə qərar çıxaracam. Yəqin ki, bizimkilər təxribata gediblər.

 

Hakimlikdən ümumiyyətlə danışmaq istəmirəm. Bəlkə də haqlı verib qərarları. Allah bilir! Cəzalanmaq deyəndə ki, burda nə pul cəzası var, nə başqa bir şey. Uşaqdılar, qanlarının qaynayan vaxtıdı. Mən orda olmamışam, komanda kontroldan çıxıb. Gərək təzədən oturub başa salım. Neyləyim, indi oturmuşam evdə, canımla əlləşirəm».

Tarix: 13 Fevral 19:48    Oxunub: 1079    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.