Qurban Qurbanov "Qarabağ"a bahalı legioner almağa tərəddüd edir

Premyer Liqanın 15-ci turunun “Qəbələ” ilə ev oyunu “Qarabağ” üçün ikiqat yubiley heç-heçəsi ilə əlamətdar oldu.


Ağdam klubu Azərbaycan çempionatları tarixində ümumilikdə 170-ci, öz meydanında 70-ci dəfə bərabərliyə imza atdı.


Özünün 736-cı matçında “sülh”lə kifayətlənən “Qarabağ” ən çox heç-heçə edən komandadı. Keçirdiyi oyunların 19,3 faizində 1 xal əldə edib.

 

Öz meydanındakı 363-cü görüşdə 70-ə çatan ağdamlılar evdəki bərabərlik sayında “Neftçi”dən geri qalır. Onlar evdəki görüşlərin 23,1 faizində heç-heçə edib.


İdarəedici oyunun daha çox hissiyatdan, oyunun axarından və fərdi xüsusiyyətlərdən asılı qalmaması üçün məşqlərdə əvvəlcə, funksional tapşırıqların artırılması yolu ilə fiziki keyfiyyətlərin yeni mərhələyə çıxarılması, sonrakı mərhələdə taktiki hazırlıq planında şaxələnmə işi aparılmalıdı – «Qəbələ» ilə matçdan sonra gəldiyim qənaət bundan ibarətdi.


Bütün bunların həyata keçirilməsi üçün Azərbaycan çempionatı və klub futbolunun mövcüd səviyyəsi ən münbit şəraiti yaradır. Sadəcə, ölkə çempionatında rəqiblərin səviyyəsindən asılı olaraq, bu sınaqları artıq gerçəkləşdirməyə başlamaq lazımdı. Həm də «Qarabağ» ikinci dövrədən sonra izləyicilərindən kifayət qədər aralanıb və meydan təcrübələrə verilə bilər. Axı, biri-ikisi çıxılmaqla bu planların qarşısını ala biləcək rəqib də yoxdu. 


Nəhayət, artıq komandanın yeni inkişaf strategiyası üzrə planlı hərəkətə keçilməlidi ki, mövsümün sonuna qədər ilk addımlar görünsün. Bunun əhəmiyyətini baş məşqçinin həm də milli komandaya təyinat alması artırır. Həm də bu, sadəcə, lazım olan oyunçuların «Qarabağ»a yığılması ilə həll olunmamalıdı. Daha doğrusu, bu, yolların ən arzu olunmazıdı.


Mövzunun genişliyini nəzərə alaraq, hələ bu barədə çox söhbətimiz olacaq və «Qarabağ» xüsusi diqqət mövzusuna çevriləcək. Qurban Qurbanov yeni ildən sonra Azərbaycana 2 legioner gətirmək istədiyini, lakin açıqlamadığı səbəblər üzündən bu transferlərin baş tutmamasını təəssüf hissi ilə qeyd edib.

 

Necə başa düşək? «Qarabağ» Çempionlar Liqasında yarışmaqla, özünü bütün dünyaya tanıtdı. İndi hansısa əcnəbini bura gəlməyə razı salmaq əvvəlkitək çətin olmasın gərək. ÇL-dən böyük reklam ola bilməz. «Qarabağ» hamının gözünün qarşısında olan bu vitrində görünməklə, dəyərinə dəyər qatdı.

 

Yeni legionerlərin bu parametrlərə uyğun gəlməsi bir tərəfə, onun qiyməti də artıq bir o qədər ucuz olmayacaq. O «Barselona»dı, dünyanın bir nömrəli klubudu, baxırsan, hansısa bir futbolçuyla bir balaca maraqlanan kimi qiyməti şişib olur fil boyda. Söhbət «Barsa»dan gedir çünki. 

 

Builədək 300-500 min avroluq 3-5 legionerlə ÇL-na vəsiqə qazanmaq neçə çətin idi , cümləmiş şahid olduq. «Qarabağ» yalnız dördüncü cəhdində ali hədəfinə çatdı. 2018-dən ta belə xoşbəxt dəqiqələr yaşamağımız müşkülə dönəcək. UEFA yüz milyonlarla avronun dövr etdiyi yarışın reqlamentini xeyli sərtləşdirib.

 

Ötənilki uğuru təkrarlamaqdan ötrü builki büdcə bir neçə dəfə artırılmalıdı. Yox-yox, 5 milyon. Qurbanov bunca zəfər əldə edib, Azərbaycan və «Qarabağ»la bahəm, «Azərsun»un adını ucaldıb, nə məsələdisə, 500 min avrodan yuxarı legionerin adı gələndə bir anlıq duruxur, ağır fikirlərə dalır, xəyallar aləminə atılır, tərəddüd içində qalır.

 

Demək ki, «Qarabağ»ın daha böyük bazarlara çıxması üçün öncəliyi baş məşqçi etməlidi. Zənn və şübhələrlə vidalaşmalıdı. Əcnəbi futbolçu qarpız kimidi. Kəsib-doğramadan əminliklə bilmirsən ki, içi qıpqırmızıdı, yoxsa ala-bula.

 

İqtisadi risklərin qiymətləndirilməsi və idarə edilməsi istənilən halda çətin prosesdi və yalnız baş məşqçi bu haqda dərin düşüncülərə qapılmamalıdı. Onun işi yaşıl meydandadı. İdrakı daha yüksək, gözü ac, aktiv futbol həyatı olan və 1 saniyə tez fikirləşən baron-milyonerlərlə, ÇL başqa səviyyədi, kasıb-kusubu sevməz.

 

Xəzər Hikmət

Tarix: 13 Fevral 09:24    Oxunub: 470    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.