Azərbaycanda şərləndi: "Fikirləşdim ki, kimsə nəsə edəcək, yenə mənim adım çıxacaq"

«Mənə hələ ötən ilin aprelində demişdilər ki, çempionat başa çatsın, gələn mövsümdən oynaya bilərsən».

 

Bu sözləri Sportinfo.az-a açıqlamasında artıq fəaliyyətini dayandırmış «Rəvan»ın keçmiş kapitanı Cəmşid Məhərrəmov deyib.


Ötən mövsümün ikinci dövrəsində I Diviziondan uzaqlaşdırılan klubun müdafiəçisi artıq futbol oynamaq istəmədiyini bildirib:

 

«Məni futboldan ömürlük kənarlaşdırmayıblar. Bu barədə heç bir qərar yoxdu. O vaxt danışılmış oyunlarda iştirakda şübhəli bilib, «Rəvan»ı çempionatdan yarımçıq çıxartdılar. Heç bir dəlil-sübut olmadan.

 

Mən və bir neçə futbolçunun adına qara yaxdılar. Bu adı üstümüzdən təmizləmək üçün hər şey etdik. Şər yenə bizə qaldı. İndi 35 yaşım var və istəsəm, bu gün də oynaya bilərəm. Gücüm də var, iradəm də. Çoxundan yaxşı oynayaram. Həvəs qoydular ki…

 

Hamı soruşurdu ki, «Rəvan»da niyə oynayırsan, sənin yerin Premyer Liqadı. Məşqçilər Şurasının üzvlərinin özləri bunu mənə deyirdilər. Bilirsiz, çox səbəb oldu. «Bakı»dan ayrılanda 2012-ci il idi.

 

Klubun ovaxtkı vitse-prezidenti Zeynal Məmmədov mənə demişdi ki, getməyə tələsmə, ola bilsin, baş məşqçi dəyişsin. Həmin vaxt bir neçə iddialı klubdan təklif almışdı. Dedilər, 5-10 gün gözlə. O qədər gözlədim, bir də gözümü açdım ki, çempionatın başlamasına 1 gün qalım.

 

Məcbur olub «Kəpəz»ə getdim. Orda da kı, nə məşqçilərin şəraiti varıydı, nə də futbolçuların. «Kəpəz»ə Mahmud Qurbanova görə getmişdim. Ayrılandan sonra baxdım ki, tanıdığım məşqçilərin çoxu klubları tərk edib. «Rəvan»dan isə çoxdan getməli idim.

 

Söz vermişdilər ki, qalsan, sənə olan borcumuzu hissə-hissə ödəyəcəyik. Əlacsız idim, qaldım ki, pulumu versinlər. Mənim o söz-söhbətlərdə heç bir iştirakım olmayıb. «Rəvan» ara yerdə çempionatdan uzaqlaşdırıldı.

 

Apelyyasiya vermişdik biz. Neçə dəfə oldum AFFA-da. Axırda AFFA-nın hüquqşünası Rəmiş Malıyev və Məşqçilər Şurasının sədri Vaqif Sadıqov dedi ki, sənlik bir şey yoxdu, gələn çempiontdan oyna. Ona görə də adımın qabağına «futboldan ömürlük uzaqlaşdırılan» yazmağınız mənə ağır gəlir.

 

Başqa klublardan dəvətlər almışdım, gedə bilərdim. Fikirləşdim ki, gedib oynayacam, kimsə nəsə edəcək, yenə mənim adım çıxacaq. Deyəcəklər ki, sən yaşlısan, yəqin xəbərin olub. Daha deyən olmayacaqlar ki, o pis-pis işləri görən 2-3 cavan-cuvandı. Onları mən tanımıram, tanımaq da istəmirəm. Allaha şükür, futbolun yaxşı vaxtlarında oynamışam, normal qazanmışam.

 

Özümə babat şərait qurmuşam, bu gün də yaşayışımdan bir şikayətim yoxdu. Əvvəllər milyonlar var idi futbolda, həvəs və rəqabət böyük idi. İndi nə var? Yaxın qardaşlar sağ olsun, çağırırlar, həftədə 2-3 dəfə futbolumu oynayıb, çəkimi saxlayıram. Sağlamlığıma görə idmanı atmıram. Məni yandıran karyeramı qurtarmağa hazırlaşdığım vaxt üstümüzə atılan şərdi.

 

Deyirdilər ki, «Şəmkir»ə səfərdə 3:1 uduzduğumuz oyun «stavka»ya qoyulub. Guya, hesab 1:1 olanda bizim Əfsər adlı gənc müdafiəçimiz topa qəsdən əllə toxunaraq penalti edib. O uşağı yaxşı tanıyıram, yerinə də and içərəm ki, Əfsər tərtəmiz uşaqdı, heç vaxt elə işlərə getməz.

 

Kimdən şübhələnirdilər, çağırıb AFFA-ya soruşurdular ki, sən filan epizodda niyə düzgün oynamadın, sən niyə səhv mövqe seçmişdin, sən niyə topu ayağında saxlaya bilmədin, sən niyə topu öz qapına vurdun. Hərəsinə bir sual verirdilər. Mənə isə sual verən yox idi. Axırda özüm dilləndim ki, nə olar, mənə də bir sual verin, bilim səhvim nədədi.

 

Dedilər ki, heç bir səhvin yoxdu, ümumiyyətlə, sənlik bir şey yoxdu. Üzümə etiraf etdilər ki, sənin adın bu siyahıya hakimə verdiyin suala görə salınıb. Şəmkirdəki oyunda kapitan kimi yaxınlaşmışam baş hakimə, demişəm ki, cavansan, hay-küydən qorxma, oyunu düzgün idarə elə. Bundan başqa söz deməmişəm. Mən bu sözə deyəndə, hesab 1:1 idi. Guya, bununla hakimə işarə eləmişəm ki, 10 dəqiqə sonra penalti olacaq. Elə çıxdı ki, o gün stadionda nəsə olsaydı, gətirim mənim o sözümlə əlaqələndirəcəklər.

 

Məni belə şeylər çox təəssüfləndirir. Evim-eşiyim, gəlir yerim… Hamsı var. «Stavka»dan gələn pula qətiyyən ehtiyacım yoxdu. Namiq Yusifovu «Qarabağ»dan, 16-17 yaşından tanımışam. Yığmaya da bir getmişik. Qardaşı Anarın adını isə mətbuatdan oxumuşam, Bir-iki dəfə də çay məclisində rastıma çıxıb, sonra bilmişəm ki, Namiqin böyük qardaşıdı. Elə yaxınlığımız da olmayıb. Nə işin sahibi olmasını bu gün də bilmirəm.

 

«Rəvan»da olanda, dəfələrlə vitse-prezident İlqar Axundova demişdim ki, komandanın adı belə işlərlə hallanır, gəlin, iclas keçirin, gənclərə vəziyyəti başa salın. «Stavka» oynayan bunu eləmir. «Rəvan»ı çempionatdan uzaqlaşdıranda, mənə klubdan bir əmktub verdilər, dedilər, imzala, ver AFFA-ya.

 

Öyrəndim ki, apelyyasiya kağızıdı. Ora özüm də bir əlavə elədim ki, deyin, mənim günahım nədədi. «Rəvan»dan demişdilər, AFFA mütləq bu məktuba cavab verəcək. İnanın, ona da cavab vermədilər. Müxtəlif iddialı klubların, millinin şərəfini qorumuş bir futbolçu kimi təəssüfləndiyim budu ki, vaxtında etdiyimiz şikayətə baxmadılar».

Tarix: 12 Fevral 20:36    Oxunub: 701    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.