“Başa düşmürəm, Namiqin “Qarabağ”dan ayrılmasını niyə mənimlə əlaqələndirirlər?

Bir neçə gün öncə xəbəri getmişdi, Namiq Yusifov «Qarabağ»ın məşqçi korpusundan uzaqlaşdırılıb. Qurban Qurbanovun qərarı ilə.

 

İki il öncə futbolçu karyerasını başa vuran və həmin vaxtdan əsas komandada çalışan Yusifovun qələmi Antalya toplanışında qırılıb.


O, hələ hazırlığın ilk günündə düşərgədən uzaqlaşdırılıb və qərar isə bugünlərdə rəsmiləşib.


Q.Qurbanov «Qəbələ» ilə oyundan sonra bu barədə ilk dəfə danışdı: «Dəfələrlə belə hallar olub ki, məşqçilər işdən ayrılır. Kimisi tələblərə uyğun olmayıb, kimisinin başqa planı olur.

 

Namiq tələblərimizi tam yerinə yetirə bilmirdi. Bəzən bir işçi lazım olsa, 3 saat yox, 7-8 saat çalışmalıdı. "Qarabağ"ın yetirməsi olmasına baxmayaraq, belə qərara gəldik. Hər birimiz bu gün burdayıq, sabah olmaya bilərik.

 

Yusifov "Qarabağ"ın aşağı yaş qruplarında olacaqmı? C kateqoriyasını oxuyur. Məşqçi işləmək üçün savad tələb olunur. Xüsusən də, aşağı yaş qruplarında belə tələblər çox olur. Namiq də gələcəkdə "artırarsa", niyə də bizimlə çalışmasın».


Əsl səbəb çox ilgincdi. Namiqin böyük qardaşı Anarın adı qeyri-leqal bukmeyker kontorları ilə işbirliyində hallanır. AFFA-nın ötən mövsümün gedişində «Rəvan»ı I Diviziondan kənarlaşdırması onunla bağlıdı.

 

Belə ki, iddiya görə, o, komandanın məşqçisi və bir neçə futbolçusuyla əlbir olaraq, bir çox oyunların nəticəsinin öncədən razılaşdırılmasında iştirak edib.


Yusifov ötən ilin yanvarında «Rəvan»ı qeyri-rəsmi surətdə himayəsinə götürərək, onları forma və inventarla təmin etmişdi, həmçinin maaşları ödəməyi öz üzərinə çəkmişdi. 


Namiq qardaşının badına gedib. Vaxtilə limonad istehsal edən sex açan və qazandığı pulları həm bu, həm də digər biznes sahələrində batıran Yusifov faktiki olaraq «Qarabağ»da heç bir iş görmürdü. 


A.Yusifov «Futbol+»ə açıqlamasında barəsində səslənən fikirlərin hamısını rədd edib:  “Mən başa düşmürəm, mətbuat Namiqin “Qarabağ”dan ayrılmasını niyə mənimlə əlaqələndirir? Qardaşım artıq 15 gündən çoxdu klubdan gedib. Bizim mətbuat isə bunu yalnız bugünlərdə yazıb.

 

Sizə tam səmimi deyirəm ki, Namiqin “Qarabağ”dan getməsində mənim heç bir rolum olmayıb. Mən, ümumiyyətlə, futbol aləmindən kənar, futbol ictimaiyyəti ilə heç bir əlaqəsi olmayan biriyəm. Namiqlə iki gün öncə telefonla danışdım.

 

Heç şübhəsiz, qardaşımdan klubdan ayrılmasının səbəbini soruşdum. Cavabı belə oldu ki, özünü başqa sahədə sınamaq istəyir. Daha xırdalığına getmədim və yeni işlərində uğurlar dilədim. Namiqin bu gün də Qurban Qurbanovla münasibəti yüksək səviyyədədi.

 

Telefonuna zəng çatmırsa, ola bilsin, ölkə xaricindədi. Sonuncu dəfə danışanda istirahət etmək üçün xaricə yollanmaq fikrində olduğunu demişdi. Görünür, artıq Bakıdan gedib.

 

Namiqin mənə görə “Qarabağ”dan qovulduğunu yazan jurnalistlərdən xahişim budu ki, o xəbəri paylaşmamışdan öncə mənim də fikirlərimi öyrənərdilər.

 

Azərbaycan o qədər də böyük ölkə deyil ki, kimisə axtaranda tapa bilməyəsən. Bir də ölkədə hamı yaxşı bilir ki, oyun alqı-satqısı ilə məşğul olanlar kimlərdi”.


Düz deyir, hamı yaxşı bilir ki, oyun alqı-satqısı ilə məşğul olanlar kimlərdi… Bunu bilirsiz, kim iddia edir? «Mən ümumiyyətlə, futbol aləmindən kənar, futbol ictimaiyyəti ilə heç bir əlaqəsi olmayan biriyəm» söyləyən Anar bəyin özü.


Təzadı görürsüz?

 

Soruşmaq ayıb olmasın, futboldan uzaq birisiszsə, «Rəvan»ın məşqçiləri və futbolçuları sizi hardan tanıyır?

 

Lütfən, yadına salın, «Rəvan»dan kimlə bərabər «Nurgün» şirkətinə yollanıb, rəsmilərdən kimlə görüşüb, orda nə söhbət olub.

 

AFFA tərəfindən sonra futboldan ömürlük uzaqlaşdırılan Cəmşid Məhərrəmovla arasından su keçməməsini nə ilə izah edə bilər? 


Əlbəttə, «Qarabağ»dan bir nəfər çıxıb deməyəcək ki, Namiqin uzaqlaşdırılması filan şeyə görədi. Bu, klubun neçə ildi formalaşan imicinə ciddi zərbə olar. Özləri də söhbətdən təzəlikcə xəbər tutublar. AFFA-dan gələn siqnallardan.

 

Belə de ki, Qurbanovun kifayət qədər köməkçisi var və Yusifov lazımı deyildi. Sadəcə, aralarında həmişə yaxşı münasibət olub və futboldan ayrılmasın deyə, onu yanında saxlamışdı. Ad olsun ki, məşqçidi.

 

Komandanın içərisinə isə çox buraxmırdı. Çünki Namiq oxumağa və işləməyə elə də həvəs göstərmirdi. Deyirlər, bundan belə özünü başqa sahədə - menecerlikdə sınayacaq.

 

Və bu niyyətlə ölkə hüdudlarını tərk edib. «Hara gedib» və «niyə gedib» sualları bir az nisyə söhbətə oxşayır. Daşdan keçən şübhə budu – doğrudanmı, gedib?


SPORTİNFO.AZ

Tarix: 12 Fevral 14:48    Oxunub: 533    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.