Zaur Axundovun "kötəklənməsi"

Oyun alqı-satqısı, danışılmış oyunlarla bağlı qalmaqal ortaya çıxanda Zaur Axundov qəhrəmana çevrilmişdi. “Keşlə”nin Müşahidə Şurasının sədri, Futzal Federasiyasının prezidenti, həmçinin AFFA İcraiyyə Komitəsinin üzvü olan bu adamın qılıncının dalı da kəsirdi, qabağı da.
 
Həmin günlərdə AFFA-nın baş katibi Elxan Məmmədov diplomatcasına davrandı. Burulğanın onu udmaması üçün sakit dayandı, seyr etdi və lazımi məqamda özünün deyil, AFFA-nın adından rəsmi açıqlamalar verməklə vəziyyəti idarə etdi. Və Axundova bir neçə jest edib, cinayətkarların təmizlənməsində maraqlı, onunla bir olduğunu göstərdi. Nizami Hacıyev, Mirhüseyn Seyidov və Ağakişi Mehdiyev ömürlük diskvalifikasiya olundu və bunun baiskarı kimi Axundov tarixə düşdü.
 
Bu, Məmmədovun çətin dönəmdə ağıl işlədərək vəziyyətdən çıxması, ilk qələbəsi idi. Və o, Zaur bəyə yaxınlıq göstərə-göstərə onu yuxuya verdi, olayları sakitləşdirdi, Mikayıl Nərimanoğluyla bağlı Gəncə olayının üstündən daha bir zərbə yemədi. İndi danışılmış oyunlar yaddan çıxıb.
 
Dünən isə Elxan bəy Zaur Axundovu diplomatcasına kötəklədi. Müsahibəsində elə ustaca fikirlər söylədi ki, Zaur bəyin səsini çıxarmağa heyi olmayacaq – heç cavab vermək üçün beyin potensialı da yoxdu. Baş katib bir adamın imicini 2 ayın içində göydən yerə çırpdı.
 
Məmmədov Axundovun cavabdeh olduğu futzal yığmasından danışarkən deyir: “Komandanın qarşısına əsas məqsəd qoyulmuşdu ki, çempionata vəsiqə qazansınlar, qazandılar. Sonrakı məqsəd qrupdan çıxmaq idi, bunun da öhdəsindən gəldilər. Bir sözlə, minimum tapşırığı yerinə yetirmiş oldular”.
 
Komandakı legioner bolluğu ilə bağlı sitata baxın: “Biz hər zaman çalışırıq ki, azərbaycanlı futbolçuların sayı çoxalsın. Son illərdə bir neçə gənc üzə çıxdı. Amma təbii ki, bu, kifayət deyil. Meydançada daha çox azərbaycanlı futbolçu olmalıdı. Görünür ki, braziliyalılar futzalda artıq hər yığmada təmsil olunurlar. Bu da ümumilikdə çox müsbət hal deyil. Bir mərhələ var ki, onların təcrübəsindən yararlanıb, yerliləri inkişaf etdirmək lazımdı”.
 
Görəsən, Axundovun bu sualı verməyə cəsarəti çatarmı – Elxan bəy, bəs sizin kuratoru olduğunuz qadın yığmalarında niyə eyni vəziyytədi? Bunu soruşacaq savadı yoxdu, ona görə də Elxan bəy “yükləməkdə”, Zaur bəyin məlum müsahibəsinə görə onu ittiham etməkdə davam edir: “Bu, çox emosional çıxış idi. Konstruktiv bir məsələ deyil. Onun sözündə məqsəd o idi ki, futzalda əsas işimiz nəticə göstərməkdi. Çünki futzalda final mərhələsində hər komanda nəticə qazanmaq istəyir. Amma bizim strategiyamız odu ki, hər seçmə mərhələdə daha çox azərbaycanlı futbolçu oynasın. Son illərdə qapıçımız Rövşən Hüseynlini xüsusilə qeyd etmək istəyirəm”.
 
Yəni ki, Axundov səhv edib, danışığını bilmir. Başqa mənası yoxdu. Məmmədov düz deyir, lakin fikrini imkan daxilində korrektəli sözlərlə çatdırır. Əsas odur ki, İK üzvünün danışığını bilmədiyini dedikləri ilə ifşa edir.
 
3-4 vəzifəni əldə saxlamaqla, kiminsə adamı olmaqla deyil, qoç döyüşündə qalib olmaq üçün ağıl lazımdı, Zaur bəy.
 
FƏRİD
Tarix: 10 Fevral 20:36    Oxunub: 487    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.