Millimizin ATAyevi: "Onları udacağıq və mərhələ adlayacağıq"

Futzal üzrə Azərbaycan millisinin hücumçusu İsa Atayev federasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. 

 

Sportinfo.az həmin müsahibəni təqdim edir:

 

Fransa ilə müqayisədə İspaniyaya qarşı oyundan əvvəl komanda üzərində təzyiq yox idi. Amma uğursuz seriyanı qırmaq mümkün olmadı....
- Meydana təzyiq altında çıxmasaq da, İspaniya yığması çox güclü idi. Bu amil tam sərbəst olmağımıza imkan vermədi. Güclü rəqiblə oyunda komandamız yaxşı təsir bağışladı. Uşaqlar çalışdı özlərinin müsbət cəhətlərini göstərsinlər. Məğlub olduğumuz oyunda ispanların hücumları çox oldu, amma biz də sakit dayanmamışdıq. Hesabı bərabərləşdirmək üçün dəfələrlə şansımız oldu, realizə edə bilmədik.

 

Realizə edə bilməmək nədən irəli gəlirdi?
- Təcrübəmiz çatmadı. Mənim də epizodum oldu. Oyun elə davam edirdi ki, hesabı bərabərləşdirməyimiz mümkün idi. Bunu edə bilsəydik, ¼ finala qrup qalibi kimi yüksələcəkdik.

 

Portuqaliya - Ukrayna oyununu izlədiniz ki, bu iki komandadan birinin rəqibimiz olacağını bilirdiniz. Əvvəlcədən hansı komandanı rəqib kimi görməyi arzulayırdın?
- Tam səmimi deyirəm, Portuqaliya ilə qarşılaşmağımızı istəyirdim. 

 

Ukrayna ilə müqayisədə Portuqaliya daha güclü və təhlükəli rəqib deyil?
- İki il əvvəl biz bu komanda ilə dünya çempionatının ¼ final mərhələsində qarşılaşmışdıq. Həmin vaxt heyətimizdə 3 itki var idi və bu da onların işinə yaradı, qələbə qazandılar. Başa düşürəm, Portuqaliya Ukraynadan güclüdür. Amma bizi bu rəqibə qarşı həmin məğlubiyyətin revanşı da motivasiya edəcək. 

 

Dünya çempionatındakı Portuqaliya ilə hazırkı komandanı müqayisə etsəniz, sizcə, hansı güclüdür?
- Hazırkı Portuqaliya daha güclüdür. Dünya çempionatında onlar daha zəif çıxış etmişdilər. Sadəcə, 3 əsas oyunçumuzun yoxluğu onların xeyrinə işləmişdi.

 

Amma indi komandaya heç vaxt uda bilmədiyi Portuqaliyanı yenmək və yarımfinala adlamaq lazımdır, revanş yox...
- Onları udacağıq və mərhələ adlayacağıq. Belədə həm məqsədimizə çatacağıq, həm də revanş alacağıq. 

 

Rəqibin hansı cəhətindən ehtiyatlanmaq lazımdır?
- Joao Matos və Rikardinyo kimi təhlükəli "silah”ları var. Xüsusilə də Rikardinyo dünyanın ən güclülərindən biridir. Ancaq oyun bir nəfərin üzərində qurulmur. Komandamız da özünü yaxşı tərəfdən göstərəcək və yarımfinalçılardan biri olacağıq.

 

Rikardinyonu kim bağlaya bilər?
- Təcrübəli oyunçularımız var. Qalo, Rizvan Fərzəliyev, Xətai Bağırov, Eduardo kimi arxaya meylli futzalçılarımız var. Onlar bu işin öhdəsində gələcək gücdədirlər.

Tarix: 6 Fevral 13:12    Oxunub: 145    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.