Millimizi qrupun favoriti adlandırmaq mümkün deyil

Millətlər Liqasının ilk mövsümünün qrup mərhələsində UEFA-ya üzv olan 55 ölkənin millisi mübarizə aparacaq.

 

Qitə reytinqinə görə 4 liqada qüvvəsini sınayacaq yarış iştirakçıları İsveçrənin Lozanna şəhərindəki püşkatmada qruplara bölünüb.

 

A və B liqalarında yer alanlar hərəsi 3 yığmadan ibarət 4 qrup təşkil edib. C liqasında üç qrup 4, bir qrup 3 millidən ibarətdi.

 

Ən zəif 16 komandanın yer aldığı D liqasında isə 4 qrupun hər birində dörd ölkə çıxış edəcək. Püşkatmaya 1-ci səbətdən qatılan Azərbaycan millisinin də rəqibləri bəlli olub.

 

Qurban Qurbanovun baş məşqçisi olduğu yığmamız III qrupunda yer alıb. Bu mərhələdə Kosovo, Malta və Farer adaları ilə mübarizə aparacağıq.

 

Əlbəttə, səviyyə fərqi ilə keçirilən bir yarışda hər hansısa dişə çəkilən və müşkül rəqibdən söhbət açmaq doğru olmaz.

 

Bununla belə, millimizi qrupun favoriti adlandırmaq mümkün deyil. Hərçənd oyun potensialı anlayışı ilə bu rəqiblər arasından birinci olmaq əsas və yeganə şərtdi. Bunun üçün komandanın sonuncu seçmə mərhələdən çox fərqli bir oyun nümayiş etdirməsi lazımdı.

 

Yeni məşqçi korpusunun ilk addımlarından sonra yəqin ki, bu qiyməti verməyə əsasımız da olacaq. Millimiz kimi, Farerlər də ötən təsnifat dövrünü tarixində ən yüksək xalla başa vurub. Elə təkcə bu fakt millimizi ehtiyatlı olmağa vadar etməlidi.

 

Malta ilə 2015-ci ilin heç-heçəsi də çox uzaq keçmiş deyil. Hələ bu rəqiblə oyun tarixçəmiz yaxşı deyil. Amma elə oyununa görə də bu rəqibdən çəkinmək lazımdı. Doğrudu, son seçmə mərəhələ ilə müqayisə aparsaq, maltalıları iki matçda da məğlub etməkdən başqa çarə yoxdu.

 

Kosovo isə əsl sürpriz komanda ola bilər. Futbolda müstəqil addımlarını yenicə atan bu ölkənin komandasının əksər üzvləri ölkə xaricində top qovanlardır. Yığmanın fəaliyyətdə olduğu ötən qısa müddət ərzində hətta indiki rəqibi Farerlər üzərində şələbəsi də var (2:0, 2016-cı il).

 

Bundan başqa, kosovolular keçən il Latviyanı da məğlubiyyətə uğradıblar. Seçmə mərhələdə yeganə xalını finlərdən almış Kosovo buna səfərdə nail olması ilə diqqət çəkir.

 

Əlbəttə, bu qiymətləndirmə çox şərtidi. Rəsmi yarış başlayana qədər hələ komandamızın özü belə fərqli oyun ritmində olacaq. Çünki yeni formalaşmış məşqçi korpusunun iş prinsipləri hələ bundan sonra məlum olacaq.

 

KAMİL

 

Millətlər Liqası. «D» divizionu. 3-cü qrup. Təqvim

7 sentyabr: Azərbaycan - Kosovo, Farerlər - Malta.

10 sentyabr: Malta - Azərbaycan, Kosovo - Farerlər.

11 oktyabr: Farerlər - Azərbaycan, Kosovo - Malta.

14 oktyabr: Azərbaycan - Malta, Farerlər - Kosovo.

17 noyabr: Azərbaycan - Farerlər, Malta - Kosovo.

20 noyabr: Kosovo - Azərbaycan, Malta - Farerlər. 

Tarix: 3 Fevral 11:48    Oxunub: 334    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.