Rəşad Sadıqov: "Doğma qardaşım da olsa, ona millidə yer olmayacaq"

21 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi Rəşad Sadıqov müsahibə verib.

 

Sportinfo.az həmin müsahibəni təqdim edir:

 

Başçılıq etdiyiniz komandanın Antalyadakı təlim-məşq toplanışını necə dəyərləndirirsiniz?

- Maraqlı toplanış alındı. Çoxsaylı yeni futbolçular var idi. İmkan dərəcədə hər birinə yığma formasını geyinməyə şans verdik. Düşünürəm ki, bu, bəzi futbolçuların haqları idi. Heyətdə rotasiyalar etdik, debüt edənlər oldu. Futbolçularla söhbətimiz, taktiki məşqlərimiz reallaşdı. Toplanışı qənaətbəxş hesab edirəm. Məndən olsa onlarla daha uzun müddət olmaq istərdim. Təəssüf ki, buna imkanımız yoxdu. Yığma klubdan fərqlənir. Bəzi şeylərin yaxşı alınması üçün təkrarlar lazımdı. Buna isə yetərincə vaxtımız yoxdu.

 

Çatışmazlıqlar daha çox hansı cəhətdəndi: Taktiki, fiziki, yoxsa uyğunlaşma baxımından?

- Hər bir cəhətdən problemlərimiz var. Bu, tək onların deyil, Azərbaycan futbolunun problemidi. Başda mən olmaqla, çatışmayan cəhətlərimiz çoxdu. Bu qrup çox tənqid olunub. Amma bununla qəti razı deyiləm. İstər klub, istərsə də yığma səviyyəsində çatışmazlıqlarımız olub. Ola bilər kimdə bir qədər azdı, kimdə isə çox. Toplanışda bütün məqamlara toxunduq. Düzdü, fiziki yükləmə vermədik. Klub məşqçilərinə də bildirmişəm ki, onlar özləri fiziki baxımdan yükləmələr aparsınlar. Futbolçuların yükləmə altında oynamalarını istəmirəm. İki məqamın üzərində daha çox dayandım – taktiki və psixoloji cəhətdən.

 

Öz fəlsəfənizi futbolçulara aşılaya bildiniz?

- Mənim istədiyim Qurban müəllimin oyun fəlsəfəsidi. Onlar mənim yanımda keçici bir müddət yaşayırlar. Bir il, iki il, kimisi 4, kimisi 5 ay. Özüm U-21-də cəmi 4 ay olmuşam.

 

Növbəti toplanış nə vaxta planlaşdırılıb?

- Toplanış Kosovo və İrlandiya ilə seçmə mərhələ oyunları öncəsi olacaq. Məcburuq ki, bizim sərəncamımızda olmaları üçün rəsmi oyunları gözləyək.

 

Seleksiya işini necə aparacaqsınız?

- Bacardıqca oyunları izləyəcəm. Biz daha çox “İnstat” proqramı ilə işləyirik. Legionerlərin oyununa canlı baxmaq olmur. Çox gözəl proqramdı, bütün futbolçuların çıxışlarının görüntülərinə baxmışam. Bir futbolçunun 90 dəqiqə ərzində nə etdiyini görmək mümkündü. Futbolçuların özlərinə də demişəm ki, oyunda yoxamsa, bu, sizi görməməyim demək deyil. Çox sayda futbolçu var, seçim etmək asan olmayacaq. Yığmaya 30-40 nəfər namizəd var. Legionerləri də nəzərə alsaq, Ozan Can Kökçü, Barış Ekincier, Fərid Nəbiyev, Ziya Əzizov və ya digərlərini izləyirəm. Geniş siyahımız var, hər birini izləyirəm. Son siyahını seçərkən yanlışlığa yol verməməyə çalışacağıq. Təbii ki, səhvin olmaması mümkün deyil. Bu da mənim baxışlarımdan irəli gələcək. Ola bilər kiminsə fəlsəfəsi fərqlidi. Kimsə milliyə dəvət almayıbsa, bu o demək deyil ki, yığmaya layiq deyil.

 

Millidən imtina edən Ozan Can Kökçüyə yenidən dəvət göndərilməsi birmənalı qarşılanmadı. Bu məsələyə aydınlıq gətirərdiniz...

- Çox istərdim bu açıqlamamda bütün mətbuat iştirak etsin. Bu oyunçu ilə bağlı fikirlərimi video formasını izlənməsini də çox istərdim. Ozan Canla bağlı məsələni çox araşdırdım. Məni tanıyanlar bilir ki, kimsə milli komandamıza hörmətsizlik edərsə, doğma qardaşım da olsa, ona burda yer olmayacaq. Nə səviyyədə futbolçu olursa olsun. Bu məsələni 10-15 gün araşdırdım. Onun meneceri mənimlə birbaşa əlaqəyə girdi. O da durumu bir daha mənə anlatdı. Ozan Canın fikirlərini, məsələnin necə olduğunu bir daha çatdırdı. Özüm də araşdırma apardım və gördüm ki, futbolçu ilə millimiz arasında elə də böyük problem olmayıb. Ola bilsin ki, bundan sonra da kimsə yığmadan imtina etsin. Milliləşdirilmiş, lakin sonradan dəvət göndərdiyimiz futbolçunun imtina etməsi mümkündür. Bunu Avropada legioner sayılmamaq üçün edə bilər. Bu tip amillər var ki, biz onları qınaya bilmərik. Məsələn, futbolçu Azərbaycan vətəndaşlığından imtina edir ki, Rusiyada legioner hesab edilməsin. Buna normal baxıram. Başqa səbəblər olubsa, kimisə təhqir, hörmətsizlik edibsə, hamı ilə iki əlli razıyam ki, həmin adama millidə yer yoxdu. Yığmanın toplanışında bütün futbolçuları yaxından izləmək istəyirdim. Ozan Kökçü ilə yaxından görüşmək və bu məsələləri bir də üzbəüz danışmaq istəyirdim. Təəssüf ki, toplanışa gələ bilmədi, klubu icazə vermədi. Rəsmi oyunları var idi deyə, üstlərinə çox gedə bilmədik. Getsəm də bir şey dəyişməyəcəkdi. Nümayəndəsi ilə danışanda da bildirdi ki, onun Azərbaycan millisən qayıtmaq istəyi böyükdü. Bəzi məqamlar olub ki, oynamaya-oynamaya boynuna atılıb ki, sənsən günahkar. Bir də pasport məsələsi var. Məcbur idi ki, Türkiyədə legioner sayılmasın. Bu cür fikirlər səsləndi. Onunla üzbəüz görüşmək istəyirəm. Təklif olsa da, özü ilə telefonla danışmadım. Dedim ki, gələr toplanışda danışarıq. Kim olur olsun, hörmətsizlik görsəm, o adam yığmada olamayacaq. Söhbət təkcə Ozan Candan getmir. Mənə qədər bəzi futbolçuların elə problemləri olmuşdu ki, fikrimcə, Ozan Canın məsələsindən daha qəbahətlidi. Ozan Can türkdü, bizə yaxındılar, qardaşdılar. Amma azərbaycanlı deyil. Yığmada da o qədər çıxış etməyib. Amma elə azərbaycanlılar var ki, oyun vaxtı və ya kənarda etdikləri hərəkətlər daha böyük qəbahət idi. Mən bütün futbolçulara şans verdim, onlarla yenidən danışmaq, qazanmaq istədim. Yoxsa, mənim üçün də asan olardı ki, filankəs belə edib, çıxardım. Hamı da desin ki, “bravo Rəşada”. Onları Azərbaycan futboluna qazandırmaq istəyirəm. Ozan Canla bağlı durum da bu cürdü.

 

İndiki durumda yığmanın bu futbolçulara ehtiyacı var?

- Neçə ildi futbolun içindəyəm. İstər milli, istər klub səviyyəsində olsun. Futbolçularımızın o qədər yanlış addımları olub ki, Ozan Canın etdiyi onların yanında elə də böyük məsələ deyil. Yavaş-yavaş, danışa-danışa başa salaraq görmüsən ki, tam fərqli vəziyyətə gəliblər. Messinin özü də millidən imtina edib. Bu gün Argentinanın qəhrəmanı emosional şəkildə millidən imtina edirsə, Arda Turan bu addımı atırsa, futbolun içində olan şeylərdi. Amma olmamalıdı. Buna bəraət qazandırmıram. Ozan Canın özünə də çatdırdım ki, düz etməyib, səhvə yol verib. Açıqlamaları xoşuma gəlmədi. Amma sonra daha bir açıqlaması oldu, gördüm ki, peşmanlıq var. Bundan sonra qənaətə gəldim ki, ona şans verim. Bir də onunla üzbəüz danışım. Qarşıdakı toplanışlarda baxacağam. Növbəti toplanışa çağırıla da bilər çağırılmaya da. İlk fürsətimdə onunla bu söhbəti tamamlayacağam. Oratadakı adama demişəm ki, ola bilər 2 və ya 5 oyun çağırılmasın, amma 1 oyuna dəvət alsın. Biz onunla yenidən danışmaq istəyəndə, adından deyildi ki, hər nə söylənilsə, razıdır. Bir az qayğısızlıq var. Legioner dəvət edib, sabah çağırmırıqsa, bunu qayğı, gözəl formada etməliyik. Nə qədər olmasa da, o yaddır. Biz ona başqa vətəndaşlıq başqa pasport veririk. Legionerlərdən maksimal vətənpərvərlik gözləməməliyik. Bu, mümkün olan şey deyil. Heç legioner dəvət etməyək, mən razı. Yenə deyirəm ki, çox güclüdürsə, sabah bizim futbolçularımız ona baxıb nəsə öyrənəcəksə, elə legionerləri dəvət etmək lazımdı. Çox yox, 3-4 nəfər layiq olanları. Bu gün Fransa, Almaniya, İngiltərə yığmalarına baxırıq, fərqli millətlərdən futbolçular var. Legioner söhbəti yox dərəcəsindədi.

 

Ancaq orada vəziyyət fərqlidi. Məsələn, Almaniya yığmasında çıxış edənlər orada yaşayan mühacir ailələrinin övladlarıdı. Biz isə kənardan gətiririk...

- Sizin dediyinizdə də həqiqət var. O demək deyil ki, bu gün belədi, belə də olacaq. Bir şey düz deyilsə, onu iki və ya üçüncü dəfə etməyəcəyik. Səhv edib, sona qədər dirənən insan deyiləm. Bu günə qədər səhvlərim olub, bundan sonra da olacaq. Görsəm ki, bir şeyin Azərbaycan futboluna zərəri varsa, ondan dönəcəm.

 

Almaniyanın “Ayntaraxt” klubunda intizamsızlığa görə əsas komandadan uzaqlaşdırılan Renat Dadaşovun sizin toplanışdan kənarda qalması bu amillə bağlıdı?
- Düzü, ona təklif göndərməmişdim.

 

Hazır saymırsınız?
- Hazır saymaq məsələsi deyil. O özünü daha çox əsas yığmada görür. İstəmirəm ki, mənim olduğum yerə hansısa futbolçu istəksiz gələ və ya “yox” deyə. Bu kimi durumlar var. Ümid edirəm ki, gələcəkdə əsas yığmada möhkəmlənəcək. Onu U-21-in üzvü kimi görmürəm. Dadaşovla bağlı başımda qarışıq fikirlər var. Sabah özü də bildirsə ki, böyük həvəslə gəlib oynayaram, onda bu haqda fikirləşmək olar. O, bura əsas yığma üzvü kimi gəlib. Hiss edirəm ki, onda bu cür fikir var. Ramil Şeydayev, Mahir Mədətovla danışdım, gördüm, ikisi də gəlməyə razıdılar və məşqlərdə böyük həvəslə çalışdılar. Nəsə alındı, nəsə alınmadı, məğlub olduq-bunlar önəmli deyil. Əsas odu ki, onlarda bu istəyi gördüm. Kimliyindən asılı olmayaraq, istək gördüyüm futbolçuya təklif göndərəcəm.

 

Milli komandanın Moldova yığması ilə oyununu izlədiniz. Bu barədə nə deyə bilərsiniz?
- Millimiz Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununu keçirdi. Legionerlərimiz iştirak etmirdi. Fikrimcə, birinci oyuna görə pis alınmadı. Futbolçularımızın Qurban müəllimə, onun isə oyunçulara uyğunlaşması üçün vaxt lazımdı. Çox istərdim ki, Millətlər Kuboku başlayanda uyğunlaşma mərhələsini adlasınlar. İkinci hissə daha çox xoşuma gəldi. Uşaqlar üzərilərindəki həyəcanı atdılar. İlk yarıda həyəcanlı idilər. Lakin fasilədənm sonra daha inamlı və kəskin oynamağa başladılar. Sadəcə olaraq, Moldova millisi müdafiəyə daha çox diqqət ayırmışdı. Bizdən səhv gözləyirdilər və bütün oyunu da bizim səhvlərimiz üzərində qurmuşdular. Ən çox xoşuma gələn o idi ki, futbolçularımız meydanda nizam-intizamlı idilər. Hamı çalışırdı ki, tam formada olmasalar belə, əllərindn gələni etsinlər. Qol vurmaqla qələbə qazanmağa çalışırdılar.

 

Ruslan Abışov sizin mövqeyinizdə çıxıçş etdi və inamlı təsir bağışladı. Onu öz yerinizdə görürsünüzmü?
- Mənim yox, Ruslanın millidə öz yeri var. Dünən meydanda ən yaxşılardan idi. İnanıram ki, gələcəkdə də bizim “stopper” mövqeyində problemimiz olmayacaq.

 

“Qarabağ”da durum necədi? Məşqçi olmaq çətin deyil ki?
- Qurban müəllim bu gün qayıdanda çox sevindim (gülür). Baş məşqçi deyildim, iki-üç günlük əvəzləyici funksiyasını yerinə yetirirdim. Elə də böyük işimiz olmadı. Dərindən nəfəs aldım, çünki məsuliyyətli idi. Yerlilərlə legionerlər tam fərqlidi. Çalışırsan ki, futbolçulara bir az başqa cür yanaşasan. Legionerlər bir az həssas olur, xüsusi diqqət sevirlər. İstər klub olsun, istərsə də milli. Özüm də legioner olanda xüsusi diqqət istəmişəm. Diqqət görməyəndə soyuyur, inciyir. Onlar bir az dəymə-düşər olurlar. Ailələrindən, vətənlərindən uzaq olurlar.

 

“Bursaspor”dan dəvət aldığı bildirilən Riçard Almeydada inciklik yoxdu?
- İnciklik yoxdu. Almeyda təcrübəli futbolçudu. Bilir ki, “Qarabağ” ona, o da “Qarabağ”a nələr verib. Çempionlar Liqasının qrup mərhələsində çıxış edirsənsə, futbolçularına dəvət olacağına hazır olmalısan. Bu, normal bir şeydi. Dino Ndlovu ilə də bu cür baş verdi. Bu gün Almeydaya da, başqa futbolçularımıza da təkliflər var.

 

Əldə etdiyimiz məlumata görə, Almeydanın məsələsi ciddidi. 
- Ciddi təklifdən, danışıqların getdiyindən xəbərim yoxdu. Mən də bu gün mətbuatdan oxudum ki, artıq gecdi. Belə bir şey olsa belə, yayda reallaşacaq (report).

Tarix: 1 Fevral 08:36    Oxunub: 263    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.