"Neftçi"dən gözünü çək! Sən hələ bir məşqçi ol…

I Divizionda mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən “Xəzər” ilk yoxlama görüşünə çıxdı.

 

Almaniyanın III Bundesliqa klubu “Vakker Nordhauzen” ilə. 0:3 hesabı ilə uduzduqları matçdan sonra debütantın baş məşqçisi Elşad Əhmədov “futbolpress”in suallarını cavablandırıb:


“27-ci saniyədə qol buraxdıq. Uşaqlarda həyəcan hiss olunurdu. Görünürdü ki, komandanın bu səviyyədə oyunu olmayıb. Çox həyəcanlı idilər. İlk dəqiqələrdə müdafiədən çıxa bilmirdik. Rəqib çox yaxşı pressinq edirdi.

 

İlk hissədəki qapıçımızın oyunu isə ümumiyyətlə xoşuma gəlmədi. Belə oyunlar bizim üçün yaxşı dərsdi. Uşaqlar bu səviyyəni gördülər, hiss etdilər. Rəqib Almaniyanın 3-cü liqasından olsa belə, kifayət qədər güclü idi.

 

Rəqib həqiqətən də həm fiziki, həm də texniki cəhətdən birbaş üstün görünürdü. Yeni toplanan komandaya ilk oyun üçün niyə belə güclü rəqib seçilmişdi? Bu, onunla bağlı idi ki, ilk oyundan çatışmayan cəhətlərimiz üzə çıxsın. Bu gün onları gördük.

 

Getdikcə çatışmazlıqların üzərində işləyəcəyik. Məşq üçün şərait çox yaxşıdı. Bundan başqa heyətdə gənc oyunçular var. Onların burda bir növ gözləri açılır, psixoloji cəhətdən daha hazırlıqlı olurlar. Oyun epizodlarında da gördük ki, rəqibin heyətində çıxış edən futbolçular səviyyəsində oyunçu bizim çempionatda azdı.

 

Belə şeylərə diqqət eləmək lazımdı.  Oyun ərzində tez-tez skamyaya dönüb fikirlərimi deyirdim. Onlara nəyi çatdırırdım? Mən əvvəldən bu cür gedişatı gözləyirdim. Rəqibin necə oynayacağını bilirdik. Oyundan əvvəl komandaya demişdim ki, belə davranmaq lazımdı, rəqib bunları edəcək. Matçın gedişində də eyni şeyləri çatdırdım. Onlara bildirdim ki, belə şeylərə hazır olmaq lazım idi.

 

Biz hazırda əsasən fiziki hazırlıq üzərində işləyirik. Bu oyun da bizim üçün sürət dözümlülüyü məşqi idi. İki fərqli heyəti buraxmağım da bununla bağlı idi. İstəyirdim ki, hamı bu yükü hiss etsin. Mənimsəmə yerindədimi?  Çoxunda yox. Əksəriyyətinin mənimsəmə faizi aşağıdı".


İndi də gəlin, onun 1 ay öncə qol.az-a verdiyi müsahibədən bir parçaya nəzər salaq. Bu, həmin vaxt idi ki, «Neftçi» rəhbərliyi Əhmədovu əvəzedici heyətin sükan arxasından yenicə uzaqlaşdırmışdı:

 

«Bu cür dəyişikliklər məşqçi həyatında tez-tez baş verən hallardı. Məni bazaya çağırıb, söhbət etdilər, dedilər ki, Tərlan Əhmədov səninlə işləmək istəmir. Mən də dedim ki, çox yaxşı. Onsuz, mən də onunla işləmək istəmirdim.

 

Rəhbərlik məni akademiyanın rəhbəri təyin etmək istəyirdi, razılaşmadım. “Neftçi”dən bu cür ayrıldım. 7 ildi “Neftçi”nin əvəzedici komandasında işləyirdim. Artıq mənim yerim əsas komanda idi. Ora isə təyin olunmaq şansım az idi.

 

Mənə birinci diviziondan çox təklif olub. Mən də fikirləşirdim ki, aşağı dəstə mənim üçün geri addım olar. Çünki orda perspektiv az olur. Amma “Xəzər” rəhbərliyi ilə danışdıq. Gördüm ki, gələcəklə bağlı yaxşı planları var.

 

İddialı komanda yaratmaq istəyirlər. Müəyyən söhbətlərdən sonra fikirləşdim ki, niyə də olmasın. “Xəzər”i yaxşı yerlərə yüksəltmək istəyirik. Əsas məqsəd gələcəyin komandasını yaratmaqdı. Birdən-birə çempion olmaq mümkün deyil. Hər şeyə yavaş-yavaş nail olmaq lazımdı.

 

“Xəzər” hazırda 16 xalla 8-ci pillədədi. İlk pilləni kənara qoyuram. İkinci yerdəki komandadan cəmi 5 xal geridəyik. Birinci növbədə komandanı formalaşdırmalıyıq. Bundan sonra əlimizdəki materiala uyğun plan cızacağıq.

 

Əvvəlcə yaxşı kollektiv yaratmalıyıq ki, istədiyimiz nəticə uğrunda vuruşa bilək. Bilirsiz ki, “Xəzər” çempionatın startına 2-3 gün qalmış yığılmış komandadı. Bəzi çətinliklər olacaq. Mən həmin çətinlikləri bilib gəlmişəm. Əvvəlcə bunu aradan qaldırmaq lazımdı. Yükün altına girmişiksə, işləməliyik".


Fikirlərdəki təzadı gördüzmü? Hələ 30-35 gün deyil e, yeni iş yerindədi, artıq şikayətlənməyə başlayıb.

 

Rövşən Qasımov tələm-tələsik yığdığı heyətlə qışadək 16 xal toplamışdı. İnsafən, sıfırdan qurulan komanda üçün bu, ideal nəticə sayılmalıdı. Əhmədov ondan qalanları bəyənmədi, düşərgəni tikib-çevirdi, özünün istədiklərini gətirdi və… İndi onları da aşağılayır. «Mənimsəmə yerində deyil» deməklə. Bunu söyləyən baş məşqçiyə mən də «siz yerindəsizmi» sualı verirəm.

 

Siz hələ bunun iştahına bir baxın. «7 ildi “Neftçi”nin əvəzedici komandasında işləyirdim, artıq mənim yerim əsas komanda idi» söyləyir. Hansı nəticələrinə görə? Futbolçu kayrerası boyu yalnız «Qarabağ»ın formasını geyindi, sonra onu burdan elə ilim-ilim itirdilər ki… «MKT-Araz»da 3-5 ay baş məşqçi oldu. 13 il əvvəl. Yayda gəldi, qışda getdi. Özü də elə getdi ki… Əhmədov niyə xatırlamaq istəmir ki, İmişli klubunun rəhbərliyi HANSI SƏBƏBLƏR üzündən gecəylə rayondan çıxıb getməsini tələb etdi?

 

«MKT-Araz»da futbolçuların müqaviləsindən «pay» tutulmasına başlananda baş məşqçi bir başqası deyildi. Olmaya, hörmətli Elşad müəllim bu sahədəki «təcrübəsi»nə arxalanıb, «Neftçi»də – respublikanın ən köklü klubunun sükanı arxasına iddia edirdi?


O, hazırda AFFA-nın təşkil etdiyi «Pro» kateqoriyalı məşqçi kurslarının üzvüdü. Böyük ehtimalla, bu ali dərəcəni alacaq. Pis oxumur deyirlər. Amma hər oxuyandan da Molla Pənah Vaqif olmaz. Əhmədov sabah-birigün «Mro-Dro» da ola bilər, çi fayda! Məşqçi diplomu almaq o deməkdi ki, sən yaxşı mütəxəssissən?

 

Məşqçilik yaşa, başa baxmır. Savad lazımdı, bəli. Əmbə savadla yanaşı, dil bilmək şərtdi. İngilis, rus, alman, fransız dillərini bilmək yox e! Futbolçunun dilini bilmək. Əhmədov 1 ay əvvəl götürdüyü komandayla ilk oyununa çıxır, məğlubiyyətlə üzləşir və o dəqiqə dördgözlə «günah keçisi» gəzir.

 

Özünü «Neftçi»ni çalışdıracaq səviyyədə güclü sayan biri bu cür «strateji xəta»ya yol verirsə… Yeri heç Divizion da deyil. Yenə sağ olsun «Xəzər» rəhbərliyi, qoymadılar boş-bekar qalsın,  


Əhmədov neyləməliydi… Burda təzədi, düşərgə hələ ona yaddı. Get-gedə isinişməli, kollektivi özünə doğmalaşdırmalıldı. Çün onları özü ocaq başına yığıb. Mən inanmıram ki, klub idarəçiləri, lap elə həlləm-qəlləm adam kimi özünü tanıdan baş menecer Gündüz Abbaszadə baş məşqçinin xəbəri olmadan hansısa bir futbolçuya imza atdırsın.

 

Hamısı onun razılığıyladı. Belə olan halda, Əhmədovun qapıçısından tutmuş ta ehtğiyat skamyanın bir küncünə qısılmış futbolçusunadək kimdənsə şikayətlənməyə, ilk məğlubiyyətdəcə səbəbkar/günahkar nişan verməyə haqqı çatırmı? Əsla! İzləyənlər məgər görmədi ki, almanlar 20-30 dəqiqə özləriyçün «dır-dır» oynadı, top «Xəzər»in futbolçularının ayağına dəymirdi, rəqib qapıçı bekarçılıqdan kofe dəmləyirdi? 


Dəyərli Elşad müəllim bu təcrübəsinə əsaslanıb, «Xəzər»i Premyer Liqaya hazırlayır? O, bizə deyə bilər ki, hansı azərbaycanlı məşqçi «A» kateqoriyası almaq üçün AFFA-nın akademiya binasında təlimatçı Osman Rəhimovun kürəyini massaj edib?  Biz hələ ondan Təbriz küçəsində yerləşən «Topaz» məntəqəsini kimi işlətməsini soruşmuruq ha…


ELNUR

Tarix: 22 Yanvar 15:48    Oxunub: 913    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.