MOİK-in rəisi və "Rıba" futbolçuların "evini niyə yıxır"?

Fevralın 15-də I Divizionda 14-cü tura, yəni, sezonun ikinci yarısına start veriləcək.

 

Demək olar bütün iştirakçıların düşərgəsində dəyişiklər var və bu, hələ də davam etməkdədi.

 

Hansısa biri islahatlara baş məşqçidən start verib, hansısa biri rəhbərliyi ilə vidalaşıb, hansısa biri də futbolçularının əksəriyyətini yola salıb.

 

MOİK 2018-ci ilə Ramil Əliyevlə başlayacaq. «Rıba» ləqəbli bu gəncin bəlkə özü də artıq neçənci dəfə bu klubu çalışdıracağının sayının itirib. Qeyri-rəsmi olaraq, azı 10 dəfə gəlib, 10 dəfə gedib.

 

Və yenə gedəcək. Onda məşqçi potensialı, prespektivi adına heç nə yoxdu, sadəcə, saman altından su yeritməkdə, «torba» tikməkdə, rəhbərin kabinetinə ol tapmaqda pərgardı, tayı-bərabəri yoxdu, ikincisi özüdü. 


Əliyev sənətkardı. Başqa-başqa, hətta şeytanın ağlına gəlməyəcək işlərin «sənətkar»ıdı. Həm də ağıllıdı. İki dəfə «A» kateqoriyalı kursdan kəsilmiş «Rıba»nın başı bəzi məsələlərdə yaxşı işləyir.

 

Məsələn, bilir ki, komandanı nə kimi «meyarlar»la formalaşdırmaq, oyunu udmaq, yaxud uduzmaq və ya nə vaxt postu təhvil verib kölgəyə çəkilmək olar. Sanki havanın tempraturundan hiss edir ki, bir azdan külək əsəcək, buludlar qaralacaq, yağış yağacaq, statusunu dəyişir.

 

Baş məşqçi idi, olur vitse-prezident. Ya da əksinə. Dondan-dona girməkdə kompleksi olmayan «Rıba» bütün variantlarda rəisinin – Rəşad Quliyevin maraqlarına qulluq edir. O Rəşad Quliyevin ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə kəllə-kəlləyə gələcək qədər «artırıb».

 

Ayağı top tutmayan «papa-mama» uşaqlarını hansısa yollarla MOİK-ə futbolçu adıyla götürən, yaxud buna göz yuman Quliyev Musayevin adamını – Aqil Məmmədovu məcbur etdi ki, qış fasiləsi elan olunan kimi başını götürüb burdan qaçsın.

 

4 futbolçunu – Qərib İbrahimov, Hüseyn İsgəndərov, Tofiq Mikayılov və Bilal Abbashzadəni baş məşqçinin fikrini soruşmadan, razılığını almadan komandadan uzaqlaşdırdı. Ələkçinin qıl verəni, əlbəttə ki, yenə də uzaqda deyil – pusquda dayanmış «Rıba»nın işarəsi və məsləhəti ilə o, bu addımı atıb.

 

Halbuki komanda 13 turdan sonra 20 xalla turnir cədvəlinin 3-cü pilləsində başa vurmuşdu və əgər axırıncı turda «Xəzər»ə qalib gəlsəydilər, «Binə»ni ikinci yerdən aşağı salacaqdılar. Məmmədovun ayrılmasına rəvac verən oyun da məhz sonuncudu. 89-cu dəqiqədə buraxılan qolla 0:1 hesablı yenilgiyə üzülən ordu təmsilçisinin bəzi futbolçuları, guya, «əyri iş» tutub.

 

Başa düşdüz də, söhbət nədən gedir.

 

Halbuki MOİK-in təkcə cari mövsümdə keçirdiyi bütün oyunları tək-tək analiz edən, incələyən olsa, fərqli qənaətə gələr.

 

Burda tək əldən səs çıxmır, işdi, «stavka» məsələsi olubsa belə, bunda 1-2 futbolçudan şübhələnmək, yalnız onları ittiham etmək gülməlidi. Məşqçi kimi keyfiyyətinə 10 ballıq şkala üzərindən qiymət versək, 

 

Aqil Məmmədovu 0-ın altından yuxarı qalxmır. Olayın əcaib-qəraib tərəfi odu ki, Ramil Əliyevin ondan heç bir üstün tərəfi yoxdu. Bununla belə, ikincinin görəvə qaytarılması şübhələri gücləndirir: «Rıba» həmkarının ayağının altını qazmayıb və o futbolçuların adını mənfiliyə çəkməyibsə, niyə hamısını geri qaytarmır? 


MOİK-də inanılmaz qərarlar verilir. R.Quliyevin göstərişi ilə komandadan uzaqlaşdırılan 4 futbolçudan 1-i - Bilal Abbaszadə artıq «Rıba»nın sərəncamındadı. Digərlərinin transfer vərəqini özlərinə qaytarmırlar. Maaşları 150 manata endirilib və bildirilib ki, çempionatın qalan hissəsini tribunadan izləyəcəklər.

 

Gah nala, gah mıxa vurmaq lazım deyil: doğrudan da, onlar danışılmış oyunlarda iştirak edibsə, əldə fakt varsa, niyə bunu ictimaiyyətə açıqlamırlar? Yoxsa MOİK «Keşlə»dən daha peşəkar, daha ciddi, daha reytinqli klubdu?

 

Bunlar hamısı Natiq Əliyevin vaxtında idi. O, MOİK-in rəisi olduğu illər ərzində daim komandanın, məşqçilərin, futbolçuların arxasında dayanıb, qoruyub və ona görə də bu gün N.Əliyevdən söz düşəndə, idman ictimaiyyəti barəsində olduqca müsbət fikirlər söyləyir. Çünki əsl rəhbər idi, hörməti insanlığı, alicənablığı ilə qazanıb.

 

SPORTİNFO.AZ

 

Tarix: 22 Yanvar 14:12    Oxunub: 525    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.