Arzulanan qrup: Azərbaycan, Latviya, Lixtenşteyn, Andorra

Ötən saylarımızın birində xəbər verdiyimiz kimi, yanvarın 24-də İsveçrənin Lozanna şəhərində Millətlər Liqasının püşkü atılacaq.

 

Tədbirdə ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədov və yığmanın yeni çalışdırıcısı Qurban Qurbanov təmsil edəcək.

 

Yeri gəlmişkən, 16 millinin mübarizə aparacağı UEFA-nın yeni layihəsində təmsilçimiz D divizionun 1-ci səbətində yer alıb. Ümumiyyətlə,isə səbətlərin tərkibi belədi. 


1-ci səbət: Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus.
2-ci səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq.
3-cü səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta.
4-cü səbət: Andorra, Kosovo, San Marino, Cəbəllütariq.


Artıq Millətlər Liqasının təqvimi də məlumdu. İlk tur sentyabrın 6-8-i aralığında keçiriləcək. 2-ci tur 9-11 sentyabr, 3-cü tur 11-13 oktyabr, 4-cü tur 14-16 oktyabr, 5-ci tur 15-17 noyabr, 6-cı tur 18-20 noyabr tarixində baş tutacaq. Bu ilin dekabrında isə artıq yarımfinal qarşılaşmalarının püşkatması olacaq. Yarımfinal və final oyunları gələn il 5-9 iyun aralığında keçiriləcək.


Ötən həftə FİFA-nın yeni reytinq cədvəli açıqlandı. Qitənin ən zəif 16 yığması ali futbol qurumunun reytinqində müxtəlif mövqelərdə qərarlaşıb. Çox qəribədi ki, dekabrda D liqasının ən güclüsü kimi göstərilən yığmamız geridə qalan bir ayda mövqeyini əldən verib.

 

Qitə futbol qurumu öz əmsallarına əsaslanıb, yığmaları liqalara böləndə komandamız ən aşağı dəstənin birincisi qəbul olunmuşdu. Amma FİFA reytinqi göstərir ki, D liqasında 1-ci komanda biz deyilik.

 

Ümumiyyətlə, püşkdə potensial rəqibimiz olacaq 11 komandanın, 1-ci yerlə pley-offa yüksəlsək, qarşılaşa biləcəyimiz digər 4 yığmanın da FİFA-nın cədvəlindəki mövqeyi maraq doğurur.


Son cədvəldə liqanın ən güclüsü Makedoniyadı. Balkanlılar 73-cü sırada qərarlaşıb. Həm onlar, həm də ilk “yüzlük”də olan Belarusla eyni səbətdə yer almağımız qrupda rəqib olmağımıza imkan vermir. Ümumiyyətlə, səbətin ən zəifi elə millimizdi. Çünki Gürcüstan da bizdən 14 addım öndə olmaqla, 104-cü pillədə qərarlaşıb.FİFA reytinqinə baxdıqda, ikinci səbətin daha güclü olduğunu görə bilərik. Çünki burda yer alan millilərdən 3-ü ilk “yüzlük”dədi. Onlardan biri – Ermənistanla yalnız pley-offda görüşə bilərik.


Amma D liqasının ikinc səbətində yer alan Lüksemburq və Farer adaları heç də arzulanan rəqib deyil. Lüksemburq 84-86-ci pilləri bölüşürsə, ada təmsilçisi 97-ci yerdədi. FİFA reytinqini əsas götürsək, Qurban Qurbanovun baş məşqçisi olduğu yığmamızın reytinqi nəzərə alsaq, bu səbətdən Latviyanı arzulaya bilərik. Baltikyanı ölkənin yığması sıralamada bizdən geridədi. Yeri gəlmişkən, yığmamız ilk iki səbətdən yalnız bir komandanı – Latviyanı arxada qoyur. Bu isə o deməkdi ki, UEFA-nın 1-ci saydığı millimiz FİFA reytinqində Millətlər Liqasının 7-ci komandasıdı.


Digər iki səbətdəki mümkün komandaların hamısı münasib rəqib sayılır. Çünki 3-cü səbətdən yalnız Qazaxıstan, sonuncudan isə Andorra mövqeyinə görə seçilir. Bu iki komanda 135-136-cı sıralarda qonşudular.


Heç şübhəsiz, bütün bu mülahizələr FİFA-nın reytinq cədvəli üzərində qurulub. Ali futbol qurumunun sıralaması isə çox vaxt reallığı özündə əks etdirmir. Bu üzdən püşkatmadan öncə millimiz üçün hansı yığmaların daha münasib rəqib ola biləcəyini araşdırdıq.


2-ci səbətdə Ermənistanla eyni qrupa düşə bilməyəcəyimizi nəzərə alıb onu deyə bilərik ki, son illər klubları da avrokuboklarda heç də pis təsir bağışlamayan Lüksemburqdan başqa həm Latviya, həm də Farer adaları “dişimizə görə” rəqib sayıla bilər.

 

Bu günə kimi əsas yığmalar səviyyəsində Baltikyanı ölkənin millisi ilə 3 dəfə qarşılaşmışıq. Hər üç matç səfərdə baş tutub və “sülh”lə başa çatıb. Sonuncu dəfə 2004-cü ilin iyununda keçirilən qarşılaşmada hesab 2:2 olub. Yığmanın ada millisi ilə yolu cəmi bir dəfə - 1996-cı ilin fevralında kəsişib və oyun komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Çox maraqlıdı ki, həmin görüşdə Vyaçeslav Lıçkinlə Yunis Hüseynovun ardından sonuncu qolu yığmanın hazırkı çalışdırıcısı Qurban Qurbanov vurub. Qeyd etdiyimiz statistikanı nəzərə aldıqda 2-ci səbətdən Farer adalarının yığmamıza rəqib olması daha məqsədəuyğun görünə bilər.

 

Lakin DÇ-2018-in seçmə mərhələsində Latviya ilə eyni qrupda yer alan “cırtdan” Baltikyanı ölkə yığması ilə “doğma divarlar” arasında qolsuz heç-heçəyə imza atsa da, səfərdə qalib gəlməyi bacarıb. Ümumiyyətlə, ada yığması son iki seçmə mərhələdə heç də pis təsir bağışlamayıb. Odu ki, ikinci səbətdən Latviyanın millimizlə eyni qrupda olması daha yaxşı olardı.

 

3-cü səbətdə yer alan yığmaların ikisi bizə tanışdı. Söhbət Qazaxıstanla Moldovadan gedir. Digər iki rəqib isə Lixtenşteyn və Maltadı.Uzun-uzadı araşdırma aparmadan birmənalı şəkildə qrupun aşkar autsayderinin Lixtenşteyn olduğunu vurğulamaq lazımdı. Odu ki, bu səbətdən “kor” püşkün məhz onları bizə rəqib etməsini arzulamalıyıq.


4-cü səbətdə yer alanların ikisi nəinki “köhnə qitə”nin, hətta dünyanın ən zəif yığmalarıdı. İstər San Marinoda, istərsə də Andorrada futbolçular həvəskar şəkildə top qovurlar. Kosovo ilə Cəbbəlütariq isə qitənin futbol ailəsinə yeni qoşulmalarına baxmayaraq, heyətlərində müxtəlif ölkələrdə legioner həyatı yaşayan oyunçular yer alıb.

 

Millimizin zəiflərlə görüşdə başağrı çəkməməsini istəyiriksə, ya San Marinonun, ya da Andorranın qrupda yer alması ürəkaçan olardı. Və beləliklə, sonda arzuladığımız qrupu sizə təqdim edirik: Azərbaycan, Latviya, Lixtenşteyn, Andorra.

Tarix: 22 Yanvar 00:30    Oxunub: 470    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.