Avazı yaxşı gəlir hələ: "Çətinliklərlə üzləşməyi sevirəm"

“Keşlə”nin Finlandiyanın VPS klubundan heyətinə qatdığı Andre Klennon müsahibə verib.

 

Dünən komandanın düşərgəsinə qoşulan yamaykalı hücumçu Bakı klubuna keçidindən danışıb.

 

Sportinfo.az həmin müsahibəni təqdim edir. 


“Keşlə”yə keçidin necə alındı?

- Menecerim mənə belə bir klubdan təklif olduğunu söylədi. Oturub məsləhətləşdikdən sonra razılıq verdim. Dünən Bakıya gəlmişəm. Artıq yeni klubumla rəsmi müqavilə də imzalamışam. Müqaviləmin müddəti mövsümün sonuna qədərdir.

 

“Keşlə” ilə məşqə çıxmısan?

- Hə, ilk məşqimi etmişəm. Amma sadəcə qaçışla kifayətlənmişəm.

 

Futbolçular səni necə qarşıladılar?

- Çox yaxşı. Onlar məni gördüklərinə sevindilər. Hamısı mənimlə salamlaşıb-görüşdü.

 

“Keşlə” ilə bağlı ilkin təəssüratlarını bilmək maraqlı olardı...

- “Keşlə”nin mehriban kollektivi var. Hamı bir-birilə dost kimi davranır. Yeri gəlmişkən, ilk dəfədir ki, Bakıda oluram. Çox gözəl şəhərdir.

 

Bura gəlməzdən əvvəl Azərbaycan Premyer Liqası barədə məlumatın var idi?

- Hə, çempionatınız haqda müəyyən şeylər eşitmişdim. Bildiyimə görə, rəqabətli liqadır.

 

Bəs bizim komandalardan hansını tanıyırsan?

- Yalnız “Qarabağ”ı. Onu da Çempionlar Liqasından.

 

Son olaraq Finlandiyada VPS klubunun formasını geyinmisən. Az öncə qeyd etdin ki, Azərbaycan çempionatı haqda məlumatın var. Bu iki ölkənin birinciliklərini necə müqayisə edərdin?

- Düzdür, bura VPS klubundan gəlmişəm. Hər iki ölkə çempionatının özünəməxsus tərəfi, fərqli cəhətləri var. Finlandiyada fiziki, Azərbaycanda isə texnikalı futbola üstünlük verirlər.

 

Sənin kimi komandanın baş məşqçisi Yuri Maksimov da ölkəmizdə yenidir. Onunla söhbətiniz olub?

- Yox, Azərbaycana yeni gəlmişəm. Ona görə də baş məşqçi ilə geniş danışmaq imkanım olmayıb.

 

 

“Keşlə” mövsümün birinci hissəsini çox pis keçirib. Bunun nəticəsidir ki, komanda hazırda aşağı sıralarda qərarlaşıb. Ümumiyyətlə, autsayder komandanın təklifini qəbul edərkən tərəddüd yaşadın?

- Seçim edərkən komandanın mövqeyinə fikir vermirəm. Çünki çətinliklərlə üzləşməyi sevirəm. Bu isə o deməkdir ki, “Keşlə”ni hazırkı vəziyyətdən çıxarmaq üçün meydanda əlimdən gələnin ən yaxşısını edəcəm. (qol.az)

Tarix: 21 Yanvar 20:48    Oxunub: 349    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.