"Neftçi" fırıldaqçı Kamil Məmmədovun əsarətindən qurtulmasa…

Tərlan Əhmədov «Neftçi»yə gələndə sentyabrın 11-i idi.

 

1 xalı olan komandanı Elxan Abdullayev-Elşad Əhmədov cütlüyündən təhvil almışdı.

 

Premyer Liqada 15 xal topladı və sehzon sonu üçün medal qazanmaq şanısını özündə saxladı. Əhmədovun ili qurtarması ölkə kubokunun sayəsində mümkün oldu. «Zirə»ni mübarizədən kənarlaşdırıb, yarımfinalda «Qəbələ»ni özlərinə rəqib etdilər. 


Kəm-kəsirdən bol bir heyətlə. Əksər yerlilərinin səviyyəsi düşük, legionerinin legionerindən xoşlanmadığı bir ortamda. Ab-havadan söz etməyin mümkün olmadığı bir zamanda. Azarkeş ordusu ilə ilişkilərin səndirlədiyi bir arada.


İndi isə «Neftçi»dən daha çox dəyişiklik gözlənilir. İcarə müddəti başa çatmış Pavel Dreksanın saxlanılmasına cəşd edilməməsi, Rahil Məmmədov, Aqşin Qurbanlının "Səbail"ə transferi və Fəhmin Muradbəylinin də həmin komandaya icarəyə verilməsi, Məqsəd İsayevin "Keşlə"yə, Təyyar Məmmədovun aşağı dəstə təmsilçisi "Sabah"a icarəyə verilməsi, Tərzin Cahangirovun "Kəpəz"ə keçməsi, həmçinin Maksim Vaylonun, Edson Kastilyo və Uqo Barqasın da yola salınması bu təmizləmə əməliyyatının başlanğıcıdı.

 

İcarəyə verilmiş futbolçular isə gələcəkdə komandanın daha da potensiallı heyət kimi formalaşması üçün sınaq müddəti sayıla bilər.


Dəyişikliklərin mahiyyətinə daha bir yeni ad təsir edə bilər: komandanın fiziki hazırlıq üzrə məşqçi roluna Dmitri Qolovko gətirilib. Bununla əsaslı yeniliklərin təməlinin qoyulmasını gözləmək olar.

 

Oyunçulara gəldikdə, Aqil Məmmədovdan savayı, "Keşlə"dən İlkin Qırtımov, "Binə"dən Fərid Abbaslı alınıb. Klubun əcnəbi transferləri də başlanıb. «Qato» ləqəbli paraqvaylı Fransisko Xavyer Qarsiya hazırda düşərgədədi. Cinah yarımmüdafiəçisi ilə 6 ay+1 illika müqavilə imzalanıb.


Qış fasiləsi hazırlığına yanvarın 5-də başlamış kollektiv ilk mərhələni “Keşlə” ilə sparrinqlə başa vurub – 1:2 (Mirabdulla Abbasov// Məqsəd İsayev, Pərdis Fərcad-Azad). Yanvarın 31-dək komanda Antalyada məskunlaşacaq.

 

Bələkdə 5 yoxlama oyunda rəqiblər ayın 22-də Rusiyanın Xabarovsk SKA-sı, üç gün sonra Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”sı, yanvarın 27-də Rusiyanın “Krılya Sovetov”, yanvarın 30-da Makedoniyanın "Sileks” klubları olacaq.


Bu yoxlama görüşləri ikibaşlıdı. Yeni transferlərin yubanması həmin oyunlaradək komplektləşmə prosesinin başa çatmasına şübhələri artırır. Buk bədgümanlığı yaradan səbəbləri, yəqin ki, klubdaxili iş bölgüsündə, bir də büdcə darlığında görməliyik.

 

Başqa nə ola bilər, kənardan hər şey daha aydın nəzərə çarpır.

 

O da özünü bəlli edir ki, «Neftçi»nin Kamil Məmmədovdan asılılığı qalmaqdadı. Doğrudanmı, bu fırıldaqçı menecerin bivec legionerbazlığı idarəçilərə dərs olmayıb? 

 

Samir Əliyevin, Əsgər Abdullayevin, Vəli Qasımovun, eləcə də, Elxan Abdullayevin 11 aylıq dönəmində bura təqribən eyni sayda əcnəbi futbolçu soxuşduran, özü qazansa da, komandanı yerin dibinə vuran bu yaramazın indi buyanlarda nə işi var?

 

Axı hansı gözəgörünməz, odda yanmaz, suda batmaz qüvvə Kamil yalançını hər vəchlə «Neftçi»nin içinə dürtür, əlinə geniş səlahiyyətlər verir:?

 

Onu çoxdan qovmaq lazım idi, di gəl, «Neftçi»nin bazarlığı bugünün özündə də şeytanı belə fırıldaqdarı ilə təəccübləndirmək iqtidarında olan Məmmədovun nəzarətindədi. O dil ki onda var, ilanı da yuvasından çıxarar. 

 

Tərlan Əhmədova heyfi gəlir adamın. Onu Kamil Məmmədovu «əsarəti» altına itələyən fiqurantlara uysa, heç. Apreldə istefaya göndərilməsi ikinci dəfə gündəmin orbitrinə oturacaq.

 

Adicə forma sifarişini vaxtında yerinə yetirməyən, vəd etdiyi müddətdən həftələr sonra çatdıran bir şəxsin etdiyi transfer bazarlığı nə olacaq? Adını «açıq qapı» qoyub, yalnız K.Məmmədov xətti ilə iş görmək nə kimi bəlalar açacaq komandanın başına – bilirmi, bilirlərmi?

 

Bir bilsə… Bir bilsələr… 


Xəzər Hikmət

Tarix: 19 Yanvar 11:36    Oxunub: 459    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.