AFFA rəhbərliyini kisənin ağzını bağlamağa sövq edən SƏBƏBLƏR

2016-cı il fevralın 19-da yaradılan AFFA yanında Media Komitəsinin (MK) gələcək taleyi sual altındadı.

 

Komitəyə üzv olan və müxtəlif layihələr işləyən saytlar ötən ilin dekabr ayı üçün nəzərdə tutulan vəsaiti hələ almayıb.

 

Keçən həftə şənbə günü onlardan maliyyə sənədləri yığılıb və gözlənilir ki, yanvarın sonunadək ödəmələr köçürülsün. Bunun özü şübhəli qalmışdı, problem demək olar aradan qalxıb.

 

İş ondadı ki, MK 2017-ci il üçün nəzərdə tutulan büdcəni aşıb. Hər halda mediada yayılan məlumatlardan və federasiya rəsmilərinin bu haqda ehtiyatlı danışmağından belə başa düşmək olar.

 

Əsas müəmma isə yeni ilin ilk 3 ayı ilə bağlıdı. Yanvar yarılansa da, MK növbəti layihə müsabiəsinə start verməyib və iddia edilir ki, bu, apreldən tez reallaşmayacaq.


Təbii ki, proseslərin gedişi böyük narahatlıq doğurur. AFFA-nın baş katibi Elxan Məmmədov komitənin təsis toplantısında bəyan etmişdi ki, qurum idman mediasının fəaliyyətinə töhvə olaraq 80000 manat ayırmağı qərara alıb. Ötən 2 ildə bu büdcə olduğu kimi sazlanılıb. 


Dünən baş katib “report”a açıqlamasında bildirib ki, AFFA İcraiyyə Komitəsinə (İK) təqdim olunması üçün Media Komitəsinin fəaliyyətinə dair illik hesabat hazırlanır. Onun sözlərinə görə, komitənin fəaliyyətini davam etdirib-etdirməməsi İK-nın qərarından asılıdı:

 

“İcraiyyə Komitəsi təsdiqləsə, Media Komitəsi fəaliyyətini davam etdirəcək. Təsdiqləməsə, davam etdirməyəcək. İK "formatı dəyişdirilsin" desə, dəyişdiriləcək. Nə qərar veriləcəksə, katiblik də ona uyğun icra edəcək. Unutmayaq ki, maliyyə ili dekabrdan-dekabradəkdi".

 

Baş katib Media Komitəsinin illik büdcəni aşdığına dair söz-söhbətlərə də reaksiya verib: "Media Komitəsinin öz büdcəsi var. Büdcə çərçivəsində görülən və büdcədənkənar işlər olur.

 

Büdcədən kənara çıxmaların olub-olmadığını bilmək üçün isə baxmaq lazımdır: Büdcəni keçiblərsə, daha layihələr olmayacaq. Əks halda, yeni layihələr olacaq. Büdcəni aşıb-aşmadıqlarını indidən deyə bilmərəm.

 

Bundan ötrü AFFA-nın baş mühasibi Xalid Cavadovdan arayış almalıyam. Hələlik almamışam. Alsam, ilk növbədə, mətbuata deyil, əvvəlcə Media Komitəsinə, sonra isə İK-ya bildirəcəyik. Yanvar – mart ayları üçün yeni layihənin olub-olmayacağını isə Media Komitəsinin sədri Mahir Rüstəmli açıqlaya bilər”.


Baş katib deyib ki, Media Komitəsinin fəaliyyəti daha çox sosial yönümlüdü: “Bu komitə yaradılanda və İcraiyyə Komitəsi büdcəni təsdiqləyəndə biz bunu dəstək və yardım üçün etmək istəmişdik. Təşəbbüs bundan ibarət idi.

 

Peşəkarlığı, idman, xüsusən futbol mətbuatına marağı artırmaq niyyətində idik. Əlavə olaraq, Media Komitəsi digər federasiyalarla da işləyərək ayrıca fəaliyyət göstərməli idi. Biz bu işdə bir təkan olmalı idik”.


E.Məmmədov Media Komitəsi ilə yanaşı, Məşqçilər Komitəsinin də fəaliyyətini dayandıracağı barədə iddialara isə belə münasibət bildirib:

 

“Məşqçilər Komitəsi tam ayrı fəaliyyəti nəzərdə tutur. Birincisi, bu komitənin sədri Vaqif Sadıqov İcraiyyə Komitəsinin üzvüdür. Yəni rəhbərlik etdiyi komitə ilə bağlı sualı ona ünvanlasanız, daha yaxşı olar.

 

Bəzi jurnalistlər və bloqqerlər hər şey yaza bilərlər. Amma bu, o demək deyil ki, belə məsələlər gündəmdədi. Ümumiyyətlə, komitələrin fəaliyyəti tamamilə fərqlidi. Axı Məşqçilər Komitəsini Media Komitəsi ilə necə müqayisə etmək olar? Onların bir-birindən tamamilə fərqli fəaliyyətləri var.

 

Sayları da, büdcələri də, məqsədləri də tam fərqlidi. Ona görə də işin içində olmayanlar belə mövzuda yazı yaza bilərlər. Onda gəlin, İntizam Komitəsini də, Apellyasiya Komitəsini də, Apellyasiya Arbitraj Tribunalını da, bir sözlə, bütün komitələri müzakirə edək. Düzü, bu, gülməli görünür”.


E.Məmmədov nə lazımdısa, deyib. Əlbəttə, səlahiyyətləri daxilində. Onun söylədikləri yenilik deyil. Əslində, 2 il qabaq dediklərinin təkrarıdı.

 

Dünənki açıqlamasından hiss etmək mümkündü ki, bəli, müəyyən məsələlərdən narazı və narahatdı. Məgər, Elxan bəy bilmir ki, AFFA-nın ayırdığı büdcə idman mediasının ayaqda qalmasını təmin edən azsaylı vasitələrdən biridi. Elə isə nədi onu bu «mini nəfəsliy»in bağlanmasının vacibliyinə inandıran? 


O qədər də balaca olmayan «əmma» ondadı ki, son 4-5 ayda, xüsusən ötən ilin noyabrından bəri komitəyə üzv bəzi media orqanlarında Rövnəq Abdullayev başda olmaqla AFFA rəhbərdiyinin, eləcə də baş katibin barəsində müxtəlif yazı/xəbərlər tirajlanıb.

 

Hansılar ki, federasiya mənsublarının fikrincə, bütün bunlar həqiqətdən uzaqdı, müəyyən kənar qüvvələrin sifarişidi və qərəzlidi. MK-dən umu-küsünün arxasında başqa səbəb yatmır. Katibliyi qayğılandıran budu ki, komitə niyə bu kimi halların qeydə alınmasına səssiz qalır, bu və ya digər formada münasibət bildirmir. Onların təbirincə desək, bir növ «qurunun oduna yaş da yanır».


SPORTİNFO.AZ

Tarix: 18 Yanvar 11:48    Oxunub: 307    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.