AFFA-nın baş katibi legioner limiti haqda yeni nə söylədi?

Sportinfo.az AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsini təqdim edir:

 

Yanvarın 24-də UEFA Millətlər Liqasının püşkatma mərasimində təmsil olunacaqsınız?

- Bəli, yığma komandanın baş məşqçisi Qurban Qurbanovla birgə püşkatmaya qatılacağıq.

 

Sizcə, hansı ölkələrin yığma komandaları ilə eyni qrupa düşmək daha münasib olardı?

- Komandalar 4 səbətə bölünüblər. Azərbaycan D qrupunda, reytinqə əsasən, birinci yerdə qərarlaşıb. Bu məqam bizim şanslarımızı yüksəldir. Təbii ki, püşkatma zamanı rəqiblərin gücü, məsafə və digər məsələlər baxımından hansısa komandalarla düşməyi arzulamaq olar. Artıq yığmalar ölkələr arasında məsafələri də nəzərə alırlar. Uzaq səfərlər etməyi heç kim istəmir. Çünki Millətlər Kubokunun təqvimi də sıxdır və qısa müddəti əhatə edir. 4 komandanın yer aldığı qrupda qalib 3 ay ərzində müəyyənləşəcək.

 

Gürcüstanın Azərbaycan yığması ilə yoxlama matçından imtina səbəblərindən biri də Millətlət Liqası ola bilər?

- Gürcüstan millisi Azərbaycan, Makedoniya və Belarus yığmaları ilə birgə I səbətdə yer alıb. Yəni, onlarla eyni qrupa düşə bilmərik. Gürcüstanla yalnız 2019-cu ildə yarımfinal və ya finalda qarşılaşmağımız mümkündür. Gəlin, ümidlə yaşayaq. Bunun baş verəcəyinə ümidvarıq. Biz yanvarın 30-da Antalya toplanışı zamanı yoxlama oyunu keçirəcəyimiz Moldova ilə düşə bilərik. Lakin bu, nə onlar, nə də bizim üçün problemdir. Çünki yoxlama matçlarında məqsəd udmaq yox, futbolçuları sınaqdan keçirməkdir. Gürcüstan Futbol Federasiyası da bizə müsbət cavab vermişdi. Lakin sonradan bildirdilər ki, bu, rəsmi yoldaşlıq oyunu olmadığından, futbolçuları milliyə toplaya bilməyiblər. Əvvəlcə klubların futbolçuları buraxacaqlarından arxayın idilər. Ona görə də, hakim təyinatı üçün Türkiyə Futbol Federasiyasına (TFF - red.) müraciət edib, matç üçün stadion tapmışdıq. Formalara qədər müzakirə aparılmışdı. Yəqin ki, klublar sarıdan problem yarandığı üçün qarşılaşmanın təxirə salınmasını xahiş etdilər.

 

Azərbaycan millisinin Gürcüstan yığmasının əvəzinə Kosovo ilə yoxlama matçı keçirməyə qərar verməsi müzakirələrə səbəb olub. Bu barədə nə deyə bilərsiniz?

- Bununla bağlı məlumat vermişdik. Bu cür addımları atmazdan öncə Xarici İşlər Nazirliyi (XİN - red.) ilə məsləhətləşirik. Çünki hər şeyi başa düşürük. Bu, bizim ilk addımımız deyil. Kosovo Futbol Federasiyası FIFA və UEFA-ya üzv olmaq üçün müraciət edən zaman bu məsələ AFFA rəhbərliyi səviyyəsində müzakirə olunmuşdu. “Bakı 2015” I Avropa Oyunlarında Beynəlxalq Olimpiya Komitəsinin üzvü kimi Kosovo nümayəndə heyəti Azərbaycana gəlmişdi. Kosovo artıq FIFA və UEFA-nın da üzvüdür. Ötən il 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kosovo ilə bir qrupda yer almışdıq. Həmin vaxt püşkatmadan dərhal sonra XİN-lə müzakirələr apardım və onlardan da müsbət cavab aldıq. Kosovo Futbol Federasiyası da AFFA kimi FIFA və UEFA üzvüdür. Ona görə də biz qaydalara hörmətlə yanaşmalıyıq. Bu səbəbdən, bir neçə ay əvvəl Azərbaycan və Kosovo yığmaları arasında “Dalğa Arena”da rəsmi oyun təşkil edildi. Həmçinin, bizim milli komandamız Kosovoya səfər etdi. İndiki halda isə bu, yoxlama matçıdır və 3-cü ölkədə keçiriləcək. Bunu da unutmamalıyıq. Bu görüş Azərbaycan və ya Kosovoda olsaydı, bu barədə düşünərdik. İndiki durumda isə problem görmürük. Təkrar edirəm: XİN-lə məsləhətləşmişik və müsbət cavab almışıq.

 

Toplanış çərçivəsində baş tutacaq oyunları türkiyəli hakimlər idarə edəcəklər?

- Milli komandalar oynadıqlarından, TFF ilə yanaşı, FIFA-dan da təsdiq almalıyıq. Təsdiq gələndən sonra TFF hakimləri təyin edəcək. Bu, türkiyəli hakimlər də ola bilər, başqaları da. Güman ki, elə türkiyəli ədalət təmsilçiləri olacaqlar.

 

Bu matçın nəticəsi FIFA-nın reytinqində nəzərə alınacaq?

- Bu, FIFA tərəfindən tanınmış oyundur. Reytinqdə nəzərə alınmalıdır. Çünki qarşılaşmanın nəticəsi də ali futbol qurumuna göndəriləcək.

 

AFFA İcraiyyə Komitəsinin martda keçiriləcək iclasında diqqət çəkəcək qərarların qəbul olunması mümkündür? Məsələn, legioner limitinin dəyişdirilməsi...

- Hələlik iclasın gündəliyi hazır deyil. Gündəlik İcraiyyə Komitəsinin üzvləri ilə müzakirələr aparıldıqdan sonra təsdiqlənir. Biz gündəliyə uyğun hesabatlar hazırlayırıq. Legioner limitinə gəlincə, bununla bağlı bizə heç bir müraciət daxil olmayıb (report).

Tarix: 17 Yanvar 20:12    Oxunub: 377    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.